AZ

Ağdərə yenidən Azərbaycan xəritəsində...

Təxminən üç onilliyi əhatə edən işğal illərində Ermənistan  ərazilərimizdə ağlasığmaz dağıntılar törətməklə, sərvətlərimizi talamaqla yanaşı, buradakı Azərbaycan izlərini bütünlüklə silməyə çalışıb. O cümlədən toponimlərimiz dəyişdirilib, inzibati ərazi quruluşunda qondarma yerdəyişmələr edilib. Hazırda qalib Azərbaycan işğal illərinin bütün kədərli izlərinin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər görür. Tarixi toponimlərimizin bərpası, həmin ərazilərdə ölkəmizə xas olan inzibati ərazi quruluşunun formalaşdırılması da bu qəbildən olan tədbirlər sırasındadır. Artıq ermənilərin eybəcər ad verdikləri Ağdərə rayonu da xəritəmizə geri qayıdır. Elə bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Qanunu təsdiqləyib. Həmin Qanunla Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla bu Qanuna əlavə edilmiş xəritədə göstərilən inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılır və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir.

İşğal illərində əldən-ələ keçən Ağdərə

Ağdərə rayonu 8 avqust 1930-cu ildə təşkil edilib və 1923-cü ildə qeyri-qanuni yaradılmış keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin  tərkibində olub. Eyniadlı rayon mərkəzi 1985-ci ildə şəhər statusu alıb. Ağdərə şəhəri bir çox ərazilərimiz  kimi, Birinci Qarabağ müharibəsinin başlanğıcında erməni hərbçilərinin nəzarəti altına keçib. 1992-ci ildə Silahlı Qüvvələrimizin hücumu nəticəsində iyulun 4-də erməni işğalçılarından azad edilib. Bundan sonra bir il boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedib. Lakin AXC-“Müsavat”  iqtidarı Ağdərənin də müdafiəsini təşkil edə bilməyib. 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verib. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov  mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçib. Onun rəhbərlik etdiyi ordu bölmələri ön xətdəki mövqelərini qoyaraq qiyama qoşulublar. Bundan xaincəsinə istifadə edən ermənilər 27 iyun 1993-cü ildə Ağdərə şəhərini yenidən işğal altına alıblar.

Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunub və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülüb.

Ermənilər 30 illik işğal illərində digər ərazilərimizdə olduğu kimi, Ağdərə rayonunda da bir sıra özbaşınalıqlara əl atıblar. Belə ki, tarixi yer adları dəyişdirilib. Həmçinin burada beynəlxalq konvensiyalara zidd olaraq qeyri-qanuni məskunlaşma aparılıb ki, bu da ən ağır müharibə cinayətlərindən biri sayılır.

Ermənilər işğal dövründə Ağdərə rayonunun ərazisində də qanunsuz iqtisadi fəaliyyətlə məşğul olublar. İşğaladək rayonda 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44 faizini təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonu həmçinin faydalı qazıntı ehtiyatları ilə zəngin idi. Burada zəngin qızıl və mis ehtiyatlarına malik Qızılbulaq yatağı var idi.  Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton dəyərləndirlən qurğuşun, 40,4 milyon ton olan  sink resursları cəmləşmişdi. Rayonun ərazisində, həmçinin ehtiyatları 100 milyon ton dəyərləndirlən Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yataqları vardı. Eyni zamanda, Ağdərə, Şorbulaq-I, Şorbulaq - II mişar daşı yataqları, Ağdərə gəc yatağı düşmənlərin əlinə keçdi.  

İşğal olunmuş ərazilərimizin qızıl yataqları bir qayda olaraq ABŞ-nin, Kanadanın, İsveçrənin, Fransanın iş adamları tərəfindən talan olunub. Ağdərənin Mehmana mis yatağı xarici investorlara  satılıb. 2011-ci ildə Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində yeraltı təbii sərvətlərin talan edilməsinə dair daha bir planı açıqlanıb. Düşmən ölkənin energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib ki, Ağdərə rayonundakı daş kömür yataqlarında ehtiyatların həcmini araşdırmaq üçün tədqiqat işləri gedir. Onun sözlərinə görə, işlərin hələ başa çatmamasına və bir neçə il davam edəcəyinə baxmayaraq artıq indidən aydındır ki, Dağlıq Qarabağda daş kömür ehtiyatları İrəvan İstilik Elektrik Stansiyasının köhnə enerji blokunu yenidən işə salmaq üçün yetərlidir.

Qalib Azərbaycan cari il sentyabrın 19-da başladığı və cəmi 23 saat əzində uğurla tamamladığı lokal xarakterli antiterror tədbirləri nəticəsində torpaqlarımızda, o cümlədən də Ağdərədə  separatizmin kökünü kəsməyə nail oldu. Artıq ölkəmizin bütün əraziləri kimi  Ağdərə də azaddır.  Prezident İlham Əliyevin oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması son dərəcə qürurvericidir.

Ağdərə rayonu hansı ərazi vahidlərindən təşkil olunur?

Dövlətimizin başçısının təsdiqlədiyi Qanuna əsasən Ağdərə rayonunun inzibati ərazi bölgüsünə aşağıdakı ərazi vahidləri daxil edilir:

-Ağdam rayonunun Baş Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəki Baş Güneypəyə kəndi, Xatınbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Xatınbəyli kəndi, Məlikli kənd inzibati ərazi dairəsi tərkibindəki Məlikli və Qazançı kəndləri, Orta Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəki Orta Güneypəyə kəndi, Sırxavənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sırxavənd, Ballıqaya, Bəşirlər və Qaraşlar kəndləri, Yeni Qaralar kənd inzibati ərazi dairəsi tərkibindəki Yeni Qaralar kəndi;

-Kəlbəcər rayonunun Çərəktar kənd inzibati ərazi dairəsi tərkibindəki Çərəktar kəndi, Çıldıran kənd inzibati ərazi dairəsi tərkibindəki Çıldıran, Dəvədaşı və Mehmana kəndləri, Dovşanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Dovşanlı, Bazarkənd və Hayad kəndləri, Heyvalı kənd inzibati ərazi dairəsi tərkibindəki Heyvalı və Yayıcı kəndləri, Həsənriz kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənriz kəndi, İmarət Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindəki İmarət Qərvənd, Çapar və Zardaxaç kəndləri, Kolatağ kənd inzibati ərazi dairəsi tərkibindəki Kolatağ və Damğalı kəndləri, Qızılqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Qızılqaya və Yuxarı Oratağ kəndləri, Qozlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qozlu kəndi, Qozlukörpü kənd inzibati ərazi dairəsi tərkibindəki Qozlukörpü kəndi, Narınclar kənd inzibati ərazi dairəsi tərkibindəki Narınclar kəndi, Vəngli kənd inzibati ərazi dairəsi tərkibindəki Vəngli, Çormanlı və Şahmansurlu kəndləri;

-Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsi tərkibindəki Ağdərə şəhəri, Ağabəyyalı kənd inzibati ərazi dairəsi tərkibindəki Ağabəyyalı kəndi, Canyataq kənd inzibati ərazi dairəsi tərkibindəki Canyataq və Gülyataq kəndləri, Çardaqlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çardaqlı, Lüləsaz və Meqrelalay kəndləri, Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Çaylı, Suqovuşan və Təpəkənd kəndləri, Həsənqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Həsənqaya, Çiləbürt, Göyarx və Maralyansarov kəndləri, Kiçik Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Kiçik Qarabəy kəndi, Qızıloba kənd inzibati ərazi dairəsi tərkibindəki Qızıloba, Seysulan və Yarımca kəndləri, Aşağı Oratağ kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Oratağ, Qasapet və Dəmirli kəndləri, Şıxarx qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şıxarx qəsəbəsi, Talış kənd inzibati ərazi dairəsi tərkibindəki Talış kəndi, Ulu Qarabəy kənd inzibati ərazi dairəsi tərkibindəki Ulu Qarabəy kəndi, Umudlu kənd inzibati ərazi dairəsi tərkibindəki Umudlu və Zəylik kəndləri;

-Baş Güneypəyə, Xatınbəyli, Məlikli, Orta Güneypəyə, Sırxavənd və Yeni Qaralar kənd inzibati ərazi dairələri Ağdam rayonunun, Çərəktar, Çıldıran, Dovşanlı, Heyvalı, Həsənriz, İmarət Qərvənd, Kolatağ, Qızılqaya, Qozlu, Qozlukörpü, Narınclar və Vəngli kənd inzibati ərazi dairələri Kəlbəcər rayonunun, Ağdərə şəhər, Şıxarx qəsəbə, Ağabəyyalı, Canyataq, Çardaqlı, Çaylı, Həsənqaya, Kiçik Qarabəy, Qızıloba, Aşağı Oratağ, Talış, Ulu Qarabəy və Umudlu kənd inzibati ərazi dairələri Tərtər rayonunun tabeliyindən Ağdərə rayonunun tabeliyinə verilir.

M.FEYİZLİ

Seçilən
216
49
yeniazerbaycan.com

10Mənbələr