2023-cü ilin on bir ayında "Azərkosmos" 48 ölkəyə 18 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 ölkə çox və 6 milyon ABŞ dolları (25 %) azdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı”nın dekabr sayında məlumat verilib.
"Azərkosmos”un 11 ayda xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 %-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 5,2 milyon ABŞ dolları ilə Böyük Britaniya, 3,7 milyon ABŞ dolları ilə Lüksemburq, 1,5 milyon ABŞ dolları ilə BƏƏ, 959,4 min ABŞ dolları ilə Almaniya və 675,8 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.
2023-cü ilin əvvəlinə şirkətin nizamnamə kapitalı 272 milyon 605,88 min manat olub. 2023-cü ilin dövlət büdcəsində "Azərkosmos”un nizamnamə kapitalının artırılması üçün 103 milyon manat nəzərdə tutulub.
"Azərkosmos” 2010-cu ildə yaradılıb. Onun funksiyalarına peyklərin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmət almaq üçün sığorta şirkətlərinin seçilməsi, kosmik (peyk) operatorları ilə əməkdaşlığın qurulması və bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
Aytac Zeynalova
www.anews.az