Bu ilin yanvar-noyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 48 ölkəyə 18 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
“Ölkə.Az” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın dekabr sayında məlumat verilib.
Bildirilir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin noyabr ayında isə “Azərkosmos” dünyanın 44 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2023-cü ilin yanvar-noyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 5,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,7 milyon ABŞ dolları ilə Lüksemburq, 1,5 milyon ABŞ dolları ilə BƏƏ, 959,4 min ABŞ dolları ilə Almaniya və 675,8 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.