AZ

Azərbaycanda bu vacib sahələr üzrə elmlər doktorları niyə yetişmir?..

Image

İlqar Orucov: “Elə sahələr var ki, elmlər doktoru üzrə müdafiə edən alimlərin sayı az olur”

Ötən il ərzində elmlər doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb. Bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.

Bildirilib ki, 2023-cü il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 99 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib. Onlardan riyaziyyat üzrə 5, astronomiya üzrə 2, fizika 5, kimya üzrə 1, biologiya elmləri üzrə 6, yer elmləri üzrə 1, tibb elmləri üzrə 11, texnika elmləri üzrə 7, əczaçılıq elmləri üzrə 1, iqtisad elmləri üzrə 7, coğrafiya üzrə 1, tarix üzrə 9, hüquq elmləri üzrə 4, filologiya elmləri üzrə 32, pedaqogika üzrə 3, psixologiya üzrə 1, sənətşünaslıq üzrə 1, memarlıq üzrə 1, fəlsəfə üzrə 1 nəfər elmlər doktoru elmi dərəcəsi alıb.

Mexanika, aqrar elmlər, antropologiya, siyasi elmlər, sosiologiya, milli təhlükəsizlik və hərbi elmlər üzrə isə elmlər doktoru elmi dərəcəsi alan olmayıb.  

Bununla yanaşı, mexanika, antropologiya, yer elmləri, sosiologiya, memarlıq və fəlsəfə sahələri üzrə dosent elmi adına bir nəfər də olsun yiyələnməyib.

Həmçinin, mexanika, astronomiya, yer elmləri, əczaçılıq elmləri, antropologiya, siyasi elmlər, sosiologiya sahələri üzrə isə professor elmi adı alan olmayıb.    

Maraqlıdır, qeyd olunan sahələr üzrə elmi dərəcə alan niyə olmayıb?

“Elmlər doktoru müdafiə etmək üçün tələblər kifayət qədər fərqlidi, bu tələblər istər-istəməz müdafiə etmək istəyənlərin sayına təsir edir” 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hər bir elmi müəssisənin elmlər doktoru proqramı üzrə plan yerləri olur. Həmin plan üzrə müvafiq qəbul həyata keçirilir: “İstər mexanika, asronomiya, əczaçılıq, antropologiya və digər sahələr üzrə qəbul aparılır. Ancaq elə sahələr var ki, elmlər doktoru üzrə müdafiə edən alimlərin sayı az olur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, elmlər doktoru müdafiə etmək üçün tələblər kifayət qədər fərqlidi. Bu tələblər istər-istəməz müdafiə etmək istəyənlərin sayına təsir edir: “Son illərdə elmi dərəcələrin və adların verilməsində olan boşluqlardan kifayət qədər istifadə edənlər oldu. Azərbaycanda bu qədər elmi adı və dərəcəsi olan adamlar olmasına baxmayaraq, beynəlxalq indekslərdə onların işlərinə istinadlar çox azdır. Acınacaqlısı odur ki, istinadların sayında digər Cənubi Qafqaz ölkələrinin alimlərindən də geri qalırıq. Alimlərimizin böyük əksəriyyətinin beynəlxalq stillər çərçivəsində məqalə yazmaq, elmi iş təqdim etmək səriştələri yoxdur. Tələblərin sərtləşdirilməsi alimlərdə peşəkarlığını artırmaq vərdişlərini formalaşdırır. Əslində bu tələblər beynəlxalq standartlardan irəli gəlir və qeyri-adi bir şey yoxdur. Əgər bu gün elmin inkişafından danışırıqsa, başa düşməliyik ki, bu, milli çərçivədə ola bilməz. Beynəlxalq rəqabətə davam gətirmək üçün mütləq şəkildə həmin tələbləri Azərbaycana gətirməliyik və bu, sənədlərdə öz əksini tapmalıdır”.

Günel CƏLİLOVA





Seçilən
177
23
baki-xeber.com

10Mənbələr