AZ

“Xocalının torpağını öpüb, gözümün üstünə qoyacam, nəvəmə toy edəcəm”- Xocalının sonuncu gəlini - FOTO

“Xocalıya Azərbaycan bayrağının sancılması məni həqiqətən də çox duyğulandırdı. Həm də həddindən artıq çox sevindim! Göz yaşlarım sel oldu. Xocalımız 30 ildir ki, əsir idi. Qarabağ probleminin tam bitməsi məni hədsiz sevindirir. Allah cənab prezidentimizə can sağlığı versin. Şəhidlərimizə rəhmət etsin. Allah qismət edər gedib yerimizi, yurdumuzu görərik. Ev-eşik deyəndə kədərlənirəm ona görə ki, uşaqlıq illərimi keçirdiyim evi tapa bilməyəcəm. Çünki o ev yerlə-yeksandır. Biz oradan çıxanda evimiz var idi. İstər ata evi, istərsə də qaynata evim. Xocalı balaca yer olsa da, şəraitli yer idi. Orada kasıb adam yox idi. Hamı öz zəhməti ilə dolanırdı. Xocalıya gedən kimi o torpağı öpüb gözümün üstünə qoyacam. Deyəcəm ki, 30 ildir sən əsir düşmüsən, bu gün azadsan!”
Bunu Moderator.az-a açıqlamasında Xocalıda sonuncu toyun gəlini Dürdanə Məmmədova deyib.
 
“Ali Baş Komandanımız Xocalıda elə bir şərait yaradacaq ki, Xocalı şəhid şəhəri adından çıxacaq. Onlar heç vaxt bizimlə birlikdə yaşamaq istəməyəcəklər. Ona görə də oranı tərk edirlər. Xocalı qatilləri də bir-bir tutulur. Hamilə qadınlara, uşaqlara, qocalara o vaxt çox zülm ediblər. Onların qanını içərəm, yox demərəm. Xocalı erməni vəhşiliyinin ən çox zərbə vurduğu şəhərdir. Çox zülmlər gördü Xocalı. Qızı, gəlini əsir, itkin düşdü. Hələ də o əsirlərin bir çoxunun nə ölüsündən, nə də dirisindən xəbər var. 25 ailənin çırağı söndü. Hər uşaq iki valideynini itirdi. Sevinirəm ki, evimizə qayıdacağıq. Atam, anam vətən həsrəti ilə bu dünyadan köçdülər. Xocalıya gedəndə atamın məzarının başına gedib pıçıldayacam ki, ata sən çox istəyirdin Xocalıya gedəsən, amma sənə qismət olmadı. Nəvəmin toyunu da Xocalıda edəcəm” deyə müsahibimiz deyib.
Müsahibimiz həm də Xocalıda baş tutan sonuncu toyun gəlini olduğuu deyib.
 
“Həyat yoldaşımla biz 1 il nişanlı qaldıq. Bir ildən sonra ailə həyatı qurduq, toyumuz oldu. Toy günü o qədər atəş açdılar ki.. Göy üzü qıpqırmızı idi. Böyüklər məsləhətə gəldilər ki, toyu tezləşdirsinlər. Toy axşam saat 9-dan sonra bitdi. Toyumuzdan 39 gün sonra Xocalı şəhəri işğal olundu. Toy şəkillərimizi Bakıya məcburi-köçkün kimi köçəndən sonra əldə etdik. O vaxta kimi xəbərimiz yox idi ki, toyumuzdakı fotolar haradadır?! Toyumuzu çəkən fotoqraf dedi ki, o vaxt köçəndə Xocalıdan fotoaparatın lentini gətirmişəm. Sizin toyunuzun şəkilləri də lentdə olmalıdır. İnanın ki, fotoları əldə edəndən sonra mən o qədər təsəlli tapdım ki. Nəinki mən, digər qohumlarımız da. İndi o fotoları göz bəbəyimiz kimi qoruyub saxlayırıq” deyə Dürdanə xanım deyib.
Seçilən
663
14
moderator.az

10Mənbələr