Avstriyada Qustav Klimtin yüz il itkin düşmüş hesab edilən “Portrait of Fräulein Lieser” tablosu hərraca çıxarılıb.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, hərrac aprelin 24-də Vyanada keçiriləcək.
Rəsm əsərinin 30-50 milyon avroya satılacağı gözlənilir.
Hərracçılar bu portretin tapılmasını sensasiya adlandırıblar.
Qeyd olunub ki, o vaxt yerli yəhudi ailəsinə mənsub olan rəsm sonuncu dəfə 1925-ci ildə Avstriyada nümayiş etdirilib. Rəsmin 1925-ci ildən 1960-cı illərə qədər harada olduğu bəlli deyil.
Hərracdan əvvəl tablo Almaniya, Honkonq, Böyük Britaniya və İsveçrədə sərgilənəcək.
"Bloomberg" xatırladır ki, 2023-cü ilin iyununda Klimtin "Pərəstişkarlı xanım" əsəri Londonda Sotheby's hərrac evində 108,7 milyon dollara satılıb. Bu Avropada hərracda satılan ən bahalı sənət əsəri olub.
Musavat.com
