AZ

Ali Məhkəmədə baxılan minlərlə iş üzrə nəticələr: mülki mübahisələr azalsa da, inzibati, cinayət işləri artıb

Ötən il Ali Məhkəmədə baxılan işlərdən mülki mübahisələrdə azalma olsa da, inzibati, kommersiya və cinayət işlərində artım var. Bu barədə Ali Məhkəmənin Plenum iclasında məlumat verilib. Bizimyol.info xəbər verir ki, iclası Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov açıb. Deyib ki, budəfəki Plenum Ali Məhkəmənin bir illik fəaliyyətinə həsr olunub. 2023-cü ildə keçirilən tədbirlər, görülən işlər barədə məlumat verən İnam Kərimovun sözlərinə görə, ötən il qanunvericiliyə edilən dəyişikliklə Hakimlərin Konfransı təsis olunub, Məhkəmə-Hüquq Şurasının tərkibi seçki üsulu ilə yenidən formalaşdırılıb. Həmçinin Ali Məhkəmənin təşəbbüsüylə “Femida Dialoq Platforması” təsis edilib və Ali Məhkəmə yanında Elmi-məsləhət şurası yeni tərkibdə təşkil olunub. Bundan başqa, ötən il Şuşada Türk Dövlətləri Ali Məhkəmələri Konfransının təsis edilməsi ilə bağlı Şuşa Bəyannaməsi imzalanıb. Bəyənnamədə Türk Dövlətləri ilə məhkəmə-hüquq sahəsində qarşılıqlı təcrübə mübadiləsi və bu istiqamətdə vahid platforma yaradılması əksini tapıb. İclasda, həmçinin vurğulanıb ki, müxtəlif sahələr üzrə vahid məhkəmə təcrübəsinin ümumiləşdirilməsi işi 2023-cü ildə davam etdirilib. Bəzi məsələlər üzrə məhkəmə fəaliyyətinin monitorinqləri aparılıb. Vahid məhkəmə təcrübəsinin daha əlçatan olması üçün Ali Məhkəmənin yeni axtarış sistemi istifadəyə verilib. İclasda Ali Məhkəmənin icraatında olan işlərdən də bəhs olunub. Məlum olub ki, ötən il Ali Məhkəmədə baxılmış işlər üzrə kollegiyalarda statistik göstəricilər fərqli olub. Məsələn, Mülki kollegiyada baxılan işlərdə 22,4 faiz azalma olub. Kommersiya kollegiyasında 36,2 faiz, İnzibati kollegiyada 21 faiz, Cinayət kollegiyasında isə 5 faiz artım olub. Ali Məhkəmənin ayrı-ayrı kollegiyalarının 2023-cü ildə görülən işlərlə bağlı ətraflı hesabatı olub. Hesabata əsasən, ötən il Mülki kollegiyanın icraatında 5597 iş olub ki, bunun da 5246-sı mülki mübahisə, 345-i xarici məhkəmələrin qətnamələrinin Azərbaycanda tanınması və icrasıyla bağlı olub. Baxılan 5246 mülki işdən 4024-nə mahiyyəti üzrə baxılıb. Bunlardan 3080 işdə aşağı instansiya məhkəməsinin çıxardığı qərar dəyişməyib. 889 iş üzrə isə əvvəlki məhkəmə aktı ləğv edilib, yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə qaytarılıb. 15 iş üzrə kassasiya icraatına xitam verilib. 40 işdə isə məhkəmə aktı dəyişdirilib. 2023-cü il ərzində Cinayət kollegiyasının icraatında olmuş 3391 işdən 2272-nə mahiyyəti üzrə baxılıb. Bunlardan da 1877 işdə əvvəlki məhkəmə aktı qüvvədə saxlanılıb. 209 cinayət iş üzrə aşağı instansiyanın çıxardığı akt ləğv edilib, yenidən araşdırmaya göndərilib. 186 cinayət işi üzrə isə qərar dəyişdirilib. İnzibati kollegiyanın icraatında olan 3756 işdən 2590-na mahiyyəti üzrə baxılıb. Bunlardan da 2057 iş üzrə məhkəmə aktı qüvvədə saxlanılıb. 479 iş üzrə ləğv edilib, yenidən araşdırma aparılması üçün aşağı instansiyaya qaytarılıb. 22 iş üzrə kassasiya icraatına xitam verilib. 12 iş üzrə məhkəmə aktları dəyişdirilib. 20 iş üzrə icraata xitam verilib. Kommersiya kollegiyasının icraatındakı işlərə gəlincə, 2023-cü ildə Ali Məhkəmədə bu qəbildən 801 iş olub. Onun da 768-i kommersiya mübahisələri, 33 iş xarici məhkəmələrin qətnamələrinin Azərbaycanda tanınması və icrasıyla bağlı olub. 768 işdən 569-na mahiyyət üzrə baxılıb. Bunlardan 447 işlə bağlı aşağı instansiyanın qərarı qüvvədə qalıb. 119 iş üzrə məhkəmə aktı ləğv edilib, 3 iş üzrə isə kassasiya icraatına xitam verilib. Müzakirələrdən sonra Plenumda Ali Məhkəmənin 2024-cü ilə dair İş Planı təsdiqlənib. Aytən, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
19
bizimyol.info

10Mənbələr