Yanvarın 31-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib. Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, Plenum Ali Məhkəmənin birillik fəaliyyətinə həsr olunub.
2023-cü ilin ölkəmiz üçün tarixi il olduğunu diqqətə çatdıran sədr qeyd edib ki, ötən il müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ölkəmizdə böyük təntənə ilə qeyd edilib və bu münasibətlə Ali Məhkəmə tərəfindən də silsilə tədbirlər həyata keçirilib. 2023-cü il, eyni zamanda, Ali Məhkəmənin yaradılmasının 100 illiyi də təntənəli şəkildə qeyd olunub.
Ali Məhkəmənin icraatında olan işlərə də toxunularaq diqqətə çatdırılıb ki, 2023-cü ildə baxılmış işlər üzrə kollegiyalarda statistik göstəricilər fərqli olub. Belə ki, Mülki kollegiyada 22,4 faiz azalma olsa da, Kommersiya kollegiyasında 36,2 faiz, İnzibati kollegiyada 21 faiz, Cinayət kollegiyasında 5 faiz artım olub.
Daha sonra Ali Məhkəmənin kollegiyalarının ötən ildə görülmüş işlərlə bağlı geniş hesabatları dinlənilib.
Bildirilib ki, 2023-cü il ərzində Mülki kollegiyanın kassasiya icraatında olan 5597 işdən 5246-sı mülki iş, 345-i xarici məhkəmələrin qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası ilə bağlı olub. 2023-cü ildə icraat olmuş 5246 mülki işdən 4024 işə mahiyyəti üzrə baxılıb, həmin işlərdən 3080 işlə bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 889 iş üzrə məhkəmə aktı ləğv edilib, 15 iş üzrə kassasiya icraatına xitam verilib, 40 iş üzrə məhkəmə aktı dəyişdirilib.
2023-cü il ərzində Cinayət kollegiyanın icraatında olmuş 3391 işdən 2272 işə mahiyyəti üzrə baxılıb. Baxılmış 2272 işdən 1877 iş üzrə məhkəmə aktı qüvvədə saxlanılıb, 209 iş üzrə ləğv edilib, 186 iş üzrə qərar dəyişdirilib.
İnzibati kollegiyanın icraatında olmuş 3756 işdən 2590 işə mahiyyəti üzrə baxılıb. Baxılmış 2590 işdən 2057 iş üzrə məhkəmə aktı qüvvədə saxlanılıb, 479 iş üzrə ləğv edilib, 22 iş üzrə kassasiya icraatına xitam verilib, 12 iş üzrə məhkəmə aktları dəyişdirilib və 20 iş üzrə icraata xitam verilib.
Məruzələr ətrafında çıxış edənlər 2023-cü ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq keyfiyyət dəyişikliyi olduğunu qeyd ediblər.
Sonda Plenumda Ali Məhkəmənin 2024-cü ilə dair İş Planı təsdiq edilib.
XQ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta