Günün nəbzi
Bu ağılnanmı özgələrə əriştə kəsmək sevdasına düşüb?..
Azərbaycan xalqı arasında çox populyar olan belə bir deyim var: “Harada aşdı, orada başdı.” Yəni, dəvət edilib-edilməməsindən asılı olmayaraq filankəs haradan plov iyi gəlirsə utanıb-qızarmadan, abır-həya etmədən özünü ora dürtür. Bu ifadəni, necə deyərlər, nöqtə və vergülünə belə toxunmadan Fransanın bugünkü üzdəniraq Prezidenti Emmanuel Makrona şamil etmək olar. Təkcə bu ifadənimi? Təbii ki, yox. Yuxarıdakı deyimdən əlavə, xalqımızın eynilə Makrona şamil olunası o qədər zərb-məsəli var ki, saymaqla bitməz. Məsələn, “Özünü yuyulmamış çömçə kimi atır ortaya”, “Evində yox urvalıq, könlündən keçir darğalıq”, “Çağrılan yerə ar eləmə, çağrılmayan yeri dar eləmə”,”Özünə umac ova bilmir, özgələrə əriştə kəsir” və sair və ilaxir.
Bu günlərdə “Euronews” telekanalında rus dilində dəfələrlə yayımlanan bir araşdırma-reportajı dönə-dönə diqqətlə izlədikdən sonra belə qəti qənaətə gəldim ki, sadaladığım xalq deyimləri arasında sonuncusu, yəni “Özünə umac ova bilmir, özgələrə əriştə kəsir” zərb-məsəli sanki təpədən dirnağa qədər müsyö Makronun boyuna biçilib. Bu barədə bir az sonra...
Başlayaq Azərbaycanın yuxarıda adını çəkdiyimiz “Harada aşdı, orada başdı” atalar sözünün Fransanın başabəla Prezidenti Emmanuel Makrona nə dərəcədə dəxli olub-olmamasından. Bəri başdan ərz edim ki, dəxli var. Özü də lap çox. Müsyo Makronun haradan plov iyi gəlirsə, utanıb-qızarmadan, abır-həya etmədən özünü ora dürtməsinə dair çeşidli faktları bir-bir sadalayım, siz də diqqətlə qulaq asın. Əvvəlcə ondan başlayım ki, bu Makron deyilən zat planetin hər hansı nöqtəsində baş verən istənilən hadisəyə imper təfəkkürlə münasibət bildirməyi çox sevir. Yəni, Yer kürəsinin hər hansı nöqtəsində hansı xalqın və toplumun beynəlxalq hüquqla müəyyən edilmiş haqları pozulursa ya dərhal orada peyda olur, ya da virtual formada Fransa dövlətinin haqqı tapdalananların yanında olduğunu uca səslə bəyan edir. Amma burada bir əmma var. Həmin əmma da ondan ibarətdir ki, Yelisey Sarayının bugünkü sahibinin belə məsələlərdə fəaliyyəti boş-boş danışmaqdan, bir az da dəqiqləşdirməli olsaq mənasız çərənləməkdən uzağa getmir. Ona görə belə deyirik ki, az qala bütün dünyanı müdafiə etdiyi ölkələrin köməyinə çatmağa çağırsa da konkret iş görmək məqamında özü ustalıqla aradan çıxır.
Götürək elə Rusiya-Ukrayna münaqişəsini. Az qala hər gün bütün dünyanı Ukraynaya dəstək göstərməyə çağıran, yenə də bizim məşhur atalar məsəlində deyildiyi kimi, “hamam suyu ilə özünə dost tutmağa” çalışan Makronun rəhbərlik etdiyi Fransanın bu ölkəyə yardımı gülünc rəqəmlərlə ifadə olunur. Belə görünür ki, Makron ancaq Ukraynanı boşboğazlıqla, yəni quru sözlərlə “silahlandırmaqla” məşğuldur. Məsələn, bu günlərdə müsyö Makron bütün NATO ölkələrinə müraciət edərək onları Rusiya ilə müharibə aparmaq üçün Ukraynaya qoşun yeritməyə çağırdı. Halbuki, o, nə qədər dayaz düşüncəli siyasətçi olsa da bilməmiş deyil ki, özünün rəhbərlik etdiyi dövlətin də təmsil olunduğu NATO-nun Nizamnaməsində heç bir halda Alyansın üzvü olmayan ölkəyə qoşun göndərmək nəzərdə tutulmur. Təbii ki, bu “söz pəhləvanı”nın növbəti absurd təklifi bütün NATO ölkələri tərəfindən nəinki qeyri-ciddi, hətta son dərəcə rişxəndlə qarşılandı. Hətta onu axmaq və kütbeyin adlandıranlar da oldu. Nəticədə müsyö Makron başçısı olduğu Fransa dövlətini növbəti dəfə bütün dünyada rüsvay etdi.
Bəs Emmanuel Makron bu rüsvayçılıqdan sonra, necə deyərlər, abrına qısılıb kənara çəkildimi? Təbii ki, yox. Əgər abrına qısılsaydı daha Makron olmazdı ki! Fiaskoya uğrayan bu təklifindən dərhal sonra o, sanki Ukrayna cəbhəsində strateji məqsədlərinə nail olubmuş kimi indi də Moldovaya “gün ağlamağa” girişib. Yəni, Avropa İttifaqını (Aİ) özünün təbirincə desək “Moldovanı Rusiyanın gözlənilən təcavüzündən qorumaq” üçün bu ölkəyə missiya göndərməyə çağırıb və Fransanın bu prosesin önündə gedəcəyini vəd edib. Amma hələ də heç kimə aydın ki, bu missiyanı yaratmaqda məqsəd nədir və Paris bununla nə etmək istəyir. Belə anlaşılır ki, Fransa Prezidenti Ermənistanda “uğurla sınaqdan çıxardığı” metodu indi də Moldovada davam etdirmək niyyətindədir. Niyə də davam etdirməsin? Axı, ortada Ermənistansayağı ciddi biznes layihələri var və onların icrası ağıldanbəla Makronun düşüncəsinə görə, həm beynəlxalq arenada onun nüfuzunu yüksəldər, həm də ona yaxşıca pul qazandıra bilər. Yəni, artıq heç kim üçün sirr deyil ki, Makron “kiçik bacı”sı Ermənistanda Aİ-nin missiyasının yaradılmasına nail olduqdan sonra işğalçı ölkə ilə şıdırğı silah alverinə girişib. Hələ bu azmış kimi Hindistanın Fransa şirkətlərinin lisenziyası əsasında istehsal etdiyi silahların da Ermənistana satışını həyata keçirir. Belə faktlar istənilən qədərdir və yuxarıda qeyd etdiyimiz kimi, onların hər biri Fransa dövlətini bütün dünyada rüsvay edir.
İndi isə keçək “Özünə umac ova bilmir, özgələrə əriştə kəsir” Azərbaycan atalar sözünün müsyö Makronun boyuna buçilməsi məsələsinə. Yuxarıda sadaladığımız faktlardan belə anlaşılır ki, son vaxtlar yeri gəldi-gəlmədi özünün şəxsində dünyanın qlobal məsələlərini həll etməyə qadir lider obrazını beynəlxalq ictimaiyyətin gözünə soxmağa çalışan Yelisey Sarayının indiki sahibi bu kimi qəribə davranışları ilə belə fon yaratmaq istəyir ki, sanki ölkəsində heç bir problem yoxdur. Tez-tez təkrar etməyi xoşladığı “demokratiyanın, bəşər mədəniyyətinin beşiyi” Fransada, necə deyərlər, qurd quzu ilə otlayır. Sanki paytaxt Parisdə və digər şəhərlərdə mütəmadi xarakter alan iğtişaşlar, xüsusilə “sarı jiletli”lərin, fermerlərin və əhalinin digər təbəqələrinin kütləvi itaətsizliklə müşayiət olunan və həftələrlə, aylarla davam edən etiraz aksiyaları onun “dünyanın ən demokratik və ən sivil ölkəsi” adlandırdığı Fransada deyil, hansısa “banan respublikası”nda baş verir.
Amma yazının giriş hissəsində qeyd etdiyimiz “Euronews” telekanalında yayımlanan jurnalist araşdırması bir daha sübut etdi ki, bu daxili iğtişaşlar, artıq idarəolunmaz həddə çatan etiraz aksiyaları hansısa “banan respublikası”nda deyil, məhz zəngin dövlətçilik, demokratiya, mədəniyyət ənənələri ilə öyünən bugünkü Fransada baş verir. Bu araşdırma-reportajı izləyən hər kəs bir daha əmin oldu ki, Makron Fransanı artıq “banan respublikası” həddinə çatdırmaqdadır. Bəri başdan qeyd edək ki, Fransanın ikinci böyük şəhəri olan Marseldə baş verən tükürpədici olaylardan bəhs edən reportajı həyəcansız izləmək mümkün deyil. Konkret faktlar və rəqəmlər, canlı şahid ifadələri əsasında bu qədim şəhərdə narkomaniyanın, narkobiznesin tüğyan etməsini, Marselin silahlı bandit dəstələri tərəfindən idarə olunmasını gün işığına çıxaran araşdırma müəllifi real kadrlar vasitəsilə bügünkü Marselin ürəkdağlayan mənzərəsini son dərəcə peşəkarlıqla təqdim edir. Bildirilir ki, nəinki gecələr, hətta günün günorta çağı heç bir sakin və şəhərin qonaqları Marselə nəzarət uğrunda bir-biriləri ilə “razborka” aparan silahlı bandit dəstələrinin güllələrinə tuş gəlməkdən sığortalanmayıb. Təkcə ötən il belə “razborka”lar zamanı qəfil gülləyə tuş gələn 49 nəfər şəhər sakini həyatını itirib, 100-dən çox günahsız mülki şəxs yaralanıb. Qətlə yetirilən və yaralananların böyük əksəriyyətinin gənclər olması bu şəhərdə kriminal durumun necə dəhşətli həddə çatması barədə aydın təsəvvür yaradır. Dedektiv filmi xatırladan bu araşdırma-reportajda Marsel şəhərinin prokurorunun çarəsizlikdən doğan acı etiraflarını isə heç bir halda soyuqqanlıqla izləmək mümkün deyil. Prokuror açıq şəkildə etiraf edir ki, nəinki Marselin hüquq-mühafizə orqanları, hətta FRANSA DÖVLƏTİ belə şəhərə tam nəzarəti həyata keçirən bu kriminal qruplaşmaları zərərsizləşdirməkdə acizdir. Telereportajda belə bir dəhşətli fakt da diqqətə çatdırılır ki, Prezident Makronun tərifini göylərə qaldırdığı, az qala bütün dünyaya nümunə göstərdiyi Fransada hazırda narkotik vasitələrin illik dövriyyəsi 3 milyard avronu aşır...
Özünə (oxu: ölkəsinə) umac ova bilməyən, başqalarına (oxu: bütün dünyaya) əriştə, müasir terminlə ifadə etməli olsaq özünün soyadına uyğun fiqurlu makaron kəsmək sevdasına düşən Emmanuel Mak(a)ronun rəhbərlik etdiyi müasir Fransanın bugünkü real mənzərəsi bax, belədir! Bəs sabahı necə olacaq? Gəlin, hələlik bu aktual suala cavab axtarmağa tələsməyək...
Əhməd Qurbanoğlu, “İki sahil”