İTV-də yayımlanan "Gündəlik" serialında müəllimlə jurnalistin dialoqu media mənsubları arasında ciddi narazılığa səbəb olub. AFN.az xəbər verir ki, serialın həmin hissəsində məktəbə reportaja gələn jurnalisin qarşısına bir gənc müəllim çıxır və onu tənqid edir. Bu zaman isə jurnalistin savadsızlığı qabardılır. Lakin video müəllifləri bəlkə də özləri də bilmədən məktəb(lər)də olan neqativləri də əks etdiriblər. Belə ki, videoda müəllim qəhrəmanın danışıq tərzi, ləhcəsi, bundan başqa, arxa fonda şagirdlərin smartfon telefonla çəkiliş aparması məktəblərdəki real vəziyyətin əksi hesab edilə bilər.İslahatçı Gənclər İctimai Birliyinin rəhbəri Fərid Şahbazlı sözügedən süjetlə bağlı "İctimai" TV-ni tənqid edib: "İctimai" televiziyanın təhsili, məktəbi qalxan kimi istifadə edərək Azərbaycan mediasını, jurnalistlərini az qala təhqir edən süjeti qəbuledilməzdir. Hansısa 2-3 yaramaz adama görə, bütün medianı hədəf seçmək nə həmkarlıq, nə də jurnalist etikasına uyğun deyil. Bu, müəllimlərlə jurnalistləri üz-üzə qoymaq cəhdindən başqa bir şey deyil.Azərbaycan jurnalistləri Qarabağ naminə şəhid verib, gecə-gündüz həqiqətlərimizi bütün dünyaya yaymaq üçün çalışır. Azərbaycan Prezidenti dəfələrlə jurnalistlərimizin fəaliyyətinə ən yüksək səviyyədə qiymət verib. Ayıb oldu, çox ayıb..."Bloger-jurnalist Əziz İsmayılova da sözügedən videodan narazılıq bildirib: "Müəllim sözü çox böyük söz, ən ali peşədir. Pafoslu səslənsə belə, həqiqətən də qarşısında səcdə ediləcək qədər böyük söz və şərəfli peşədir. Öz payıma - qazana bildiyim bütün uğurlarıma görə ilk minnətdarlığım müəllimlərimə olub, həmişə də belə olacaq. Şansım gətirib müəllim sarıdan. Biz nə MÜƏLLİMLƏR görmüşük...Bu gün hər kəsdə müəllim diplomu ola bilər, hər kəs o ada görə maaş ala, pul da qazana bilər, amma hər kəs əsl müəllim ola bilməz. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin guya ki, media nümayəndələrinin ünvanına "söz atma" aqressiyası ilə yoğurulan o bir neçə saniyəsini gördüyüm səhnə bir daha sübut etdi ki, məktəblərdə vəziyyət necə acınacaqlıdır. Təqdim etdikləri obraz müəllim deyildi, sanki kinolarda gördüyümüz, dustaqların üstündə durub eqosunu sübut etməyə çalışan "nadzor" idi. Hay-küy, qaraqışqırıq, aqressiya... Bir o qalmışdı jurnalı çırpsın qarşısındakının təpəsinə. Yanına gələn adamla dəhlizdə "razborka" quran, şagirdləri də başına toplayıb, "görün indi müəlliməniz nə konsert çıxaracaq" deyə səsini başına atan adam müəllim ola bilməz. Jurnalistə, "gəl sənə imla yazdırım görüm yaza bilirsənmi?" sualını jurnalist olub qarşına çıxanda verməzdi əsl müəllim. İmla yaza bilmədiyinə əmin olduğu şagirdinin jurnalist kimi qarşısında durmasından utanardı, xəcalət çəkərdi əsl müəllim. Çünki öz əsəri ilə üz-üzə durub. Emin Əmrullayev necə demişdi?- "Müəllim var ki, şaftalı sözünü yaza bilmir". Elə həmin müəllimlər idi ki, qruplarda nazirlərini top atəşinə tutmuşdular. Eynən bu çəkilən kadrdakı tək, küçədə savaşırlarmış kimi. Elə həmin müəllilərdir ki, votsap qruplarında valideyn komitələrinin arxasına keçib onların əli ilə tiranlıq edirlər. Həmin müəllimlərdir ki, jurnalistlərə "filan şeyi işıqlandırın, amma mənim adım olmasın" deyə boğaz tuturlar. Amma bu çəkilən hər nədirsə, ortaya çıxması əla oldu. Sosial şəbəkələrdə müəllim imicinin korlanmasına xidmət edən hər şeyin əslində nə qədər real olduğunu bir daha özləri sübut etmiş oldular.Təqdim etdikləri müəllim obrazı elə jurnalistlərin illərdir təqdim etdiyi problemlərin vahid simasıdır - tiran, qaraqışqırıq, şoumen, iki sözü yan-yana deyəndə səsini başına atan, sözləri belə düzgün tələffüz edə bilməyən... Hələ jurnalistlə belə danışan müəllimin valideynlə necə danışdığını təsəvvür etmək o qədər də çətin deyil. Jurnalistlərin nə qədər haqlı olduğunu sübuta yetirdilər".Jurnalist Həbibə Abdulla bildirib ki, əslində bu video ilə İTV və müəlliflər mediadan çox məktəbin vəziyyətini ortaya qoyublar: "Həm müəllimin danışığı, həm uşaqların davranışı daim bizim narazı olduğumuz məsələlərdir. Biz həmişə deyirik ki, məktəblərdə şagirdə nəzarət yoxdur. Həmin videodan bu da görünür, şagirdlərin saç düzümü, əllərində smartfon çəkiliş etmələri və s. bunun sübutudur. Üstəlik, müəllim danışır, guya jurnalisti qeyri-peşəkarlıqda, hətta savadsızlıqda ittiham edir, amma özü danışıqda kobud səhvə yol verir: "qabağıvıza kağız qoyum, imla yazın", "hamıvız beləsiz eee" və s. Müəllimin səs tonu da tam aqressiya saçır, halbuki o daha təmkinli, daha səbirli olmalı idi. Həmkarlarımın etirazlarını anlayıram, sonucda savadsız jurnalisti də, digər peşə sahiblərini də yetişdirən elə müəllimin özüdür. Hər hansı peşə sahibi savadsızdırsa, demək ki, müəllimi yaxşı olmayıb. Ona görə də məncə, müəllimin hansısa peşə sahibini savadsız deyə tənqid etməsi elə özünü tənqid etməsi deməkdir".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta