AZ

Ölkənin "ögey övlad"ı - qeyri-neft sektoru... Elektrik enerjisi ixracatında kəskin azalma və ucuzlaşma var

Bu ölkədə qeyri-neft sektoruna illərdir ögey münasibət göstərilir. Bu sektor bir növ neftin kölgəsində gün keçirir. Ortaya ciddi konsepsiya qoyulmur. Qeyri-neft sektoru neft pullarından birbaşa asılı saxlanılıb. Bir az elektrik enerjisi istehsalı və ixracı diqqət çəkməyə başlamışdı. İndi bu istiqamətdə də vəziyyət yaxşı deyil. Ümumi mənzərə ümidverici görünmür. Bizimyol.info xəbər verir ki, 2023-cü ilin eyni dövrünə nisbətən qeyri-neft ixracatı 35 faizdən çox azalıb. Təxminən 240 milyon dollar azalmadan söhbət gedir. Rəsmi rəqəmlərdən aydın olur ki, azalma əsasən elektrik enerjisi ixracatında enişlə bağlı olub. Elektrik ixracatının həcmi dəyər ifadəsində 7 dəfə azalaraq 281 milyon dollardan 40,5 milyon dollara düşüb. Natural ifadədə azalma 3,5 dəfəyə yaxın olub. Əvvəllər 2,4 milyard kv/saat elektrik enerjisi ixrac edirdik. Budəfəki göstərici 718 milyon kv/saatdır. Bir il əvvəl Azərbaycan elektrik enerjisini əsasən Türkiyəyə və Gürcüstana ixrac edirdi. Ümumi payın 85 faizindən danışılır. Anlamaq olmur ki, münasibətlərin yaxşı olduğu qonşu dövlətlər niyə bizim məhsula marağı itiriblər. Bəzi mütəxəssislər Türkiyədəki zəlzələ amilini qabardırlar. Rəsmi rəqəmlərdə müfəssəl fərqləndirmə yoxdur deyə, dəqiq söz demək olmur. Bu müddətdə elektrik enerjisini də ucuz satmağa başlamışıq. Burada da iki dəfə azalma var. Əvvəllər 1 kv/saat üçün qiymət 0,11 dollar olub. Qiymət indi 0,056 dollara qədər düşüb. Yəni təxminən əhaliyə satılan məzənnəyə olub. Hökumət indiki situasiyada nə düşünür? Bütün istiqamətlərdə iqtisadi geriləmə var. Hadisələrin gedişi heç yaxşı gələcək vəd etmir. Neft gəliləri və bu gəlirlərdən vergi daxilolmaları kəskin azalıb. Neft qiymətləri uzun müddətdir sabit deyil. İl ərzində barelin 100 dollara yaxınlaşması və ya çatması nadir hallarda baş verir. Adətən, müxtəlif münaqişə ocaqları neft qiymətlərinin yüksəlməsinə xidmət edir. Bu da çox hallarda müvəqqəti xarakter daşıyır. Proqnozlar göstərir ki, yaxın illərdə ciddi yüksəlmə olmayacaq. Hasilat da dayanmadan aşağı düşür. Qeyri-neft sektoruna heç cür bel bağlamaq olmur. Çünki ortaya keyfiyyətli iş qoyulmayıb. İqtisadiyyat çarəsiz durumda görünür. Aytən, Bizimyol.info

Seçilən
369
37
bizimyol.info

10Mənbələr