AZ

Dünyanın ən güvənilən ordusunu və dövlətini yaradan Ali Baş Komandan

15 oktyabr tarixi zəfərimizin növbəti təqdimatı oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaltdı. Xalqımız bu günü səbirsizliklə gözləyirdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, hər birimiz bu günün gələcəyinə inanırdıq.

Müstəqilliyinin bərpasının 32 ilini arxada qoyan Azərbaycan 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli Lider Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaratdı və 2003-cü ildə xalqa tarixi müraciətində belə bir əminliyi də ifadə etdi ki, axıra çatdıra bilmədiyi işləri, planları cənab İlham Əliyev xalqın dəstəyi və köməyi ilə axıra çatdıracaq.

Cənab İlham Əliyev Prezidentliyinin  17-ci ilində Azərbaycanın Zəfər tarixini yazdı, bundan üç il sonra – 2023-cü il 15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Ümumilikdə bu il Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi ilə xarakterizə edilir. Belə ki, bu ilin aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılması ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu.Sentyabrın 19-da rəşadətli  Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsi oldu. Bu, bir daha göstərir ki, Azərbaycan  sülh və sabitliyin əsas təminatçısıdır. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tərk-silah olunması, separatçı rejimin özü-özünü buraxması, eyni zamanda, paralel şəkildə bütün silah-sursatın, ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam  şəkildə bərqərar oldu. Müzəffər Ali Baş Komandanın separatçılardan təmizlənmiş ərazilərimizə səfəri və burada Azərbaycan Bayrağını ucaltması böyük xoşbəxtlik və tarixi hadisədir.

Dövlət başçısı Xankəndidən xalqa müraciətində bildirdi ki, düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir: “O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.” Bu xoşbəxtlik hissi də  ifadə edildi ki, bu meydanda bu gün durmaq böyük  fərəhdir, qürur mənbəyidir: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

30 il Azərbaycan böyük faciələrlə, hərbi təxribatlarla üz-üzə qaldı. Lakin  bu, xalqımızın inamını sındırmadı. Xalqımız tam əmin idi ki, dövlətimiin qətiyyəti, uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad  ediləcək, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq və yeni həyat başlayacaq.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri, soydaşlarımızın qayıdışı hər birimizi qürurlandırır. 17 oktyabr Füzuli Şəhəri Günündə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Füzulidə olması, bura köçmüş sakinlər və rayon ictimaiyyəti nümayəndələri ilə görüşü də 30 illik işğal dövründən bu günədək keçilən yolun təhlilinə geniş imkanlar yaratdı. “Şadam ki, gənc nəsil də - füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq» söyləyən cənab İlham Əliyev bildirdi ki, işğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr illər keçdikcə Azərbaycan xalqının öz torpaqlarını unudacağını, gənc nəslin, ümumiyyətlə, tamamilə fərqli bir tərzdə tərbiyə alacağını düşünürdülər. Qloballaşan dünya haqqında bir çox fərziyyələr irəli sürülürdü. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var, biz nə qədər doğma diyara bağlıyıq.

Azərbaycanın atdığı addımların və uğurlu nəticələrin əldə edilməsində xalqımızın torpaq, Vətən sevgisi əhəmiyyətli rol oynayır. Dövlət başçısı füzulilərlə görüşündə bu çağırışı etdi ki, gənc nəsil daim bu ruhda tərbiyə almalıdır. Şəhidlərimizin  qəhrəmanlığı unudulmazdır, belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur: “Düşmən bütün yüksəklikləri götürmüşdü. Buradan istənilən istiqamətə getsən görərsən ki, hər təpədə demək olar ki, onların postları, döyüş məntəqələri, bir neçə müdafiə xətti, tikanlı məftil və minalar, bunu yarmaq, atəş altında qabağa getmək nə qədər böyük cəsarət tələb edir. Bu, bəlkə də dünya hərb tarixində olmayıb. Olubsa, qoy, bizə desinlər harada olub. Olmayıb, bunu Azərbaycan xalqı göstərmişdir. Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər.” Əbəs yerə deyilmir ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir!

Fəqət Şadlinskaya,
YAP Bərdə rayon təşkilatının sədri

Seçilən
683
50
ikisahil.az

10Mənbələr