44 gün davam edən Vətən müharibəsində xarici KİV-lərə müsahibələrində Azərbaycan həqiqətlərini dünyaya çatdıran Prezident İlham Əliyev jurnalistlərə tövsiyələrini də bildirirdi: «Mənim beynəlxalq mediaya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun!»
«Qılıncın kəsmədiyini söz kəsər» müdrik kəlamı İkinci Qarabağ müharibəsində də hikmətini doğrultdu. Hayastanın bütün cəbhə boyu törətdiyi növbəti hərbi təxribatına cavab olaraq başlanan, xalqımızın yurd həsrətinə 44 gündə son qoyan Vətən müharibəsində Silahlı Qüvvələrimizin döyüş meydanında qazandığı uğurları xarici KİV-lərə müsahibələri, müxtəlif ölkələrin rəsmi nümayəndələri ilə görüşləri zamanı məntiqli açıqlamaları ilə tamamlayan Prezident İlham Əliyev 30 ildə xalqımızın çəkdiyi əziyyətləri sözün qüdrəti ilə dünya birliyinə çatdırdı. Bəyan etdi ki, müharibənin taleyi yalnız döyüş meydanında deyil, informasiya cəbhəsindəki mübarizlikdən də asılıdır. « Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim» söyləyən dövlət başçımız hədəfinə siyasi iradəsi sayəsində nail oldu.
Erməni lobbisinin dünya ictimaiyyətini çaşdıran yalanlarını təkzib edən, anti-Azərbaycan təbliğatın məkrli məqsədini və məramını dünya ictimaiyyətinə çatdıran Prezident İlham Əliyev məntiqli açıqlamaları ilə hayların ideoloji təxribatlarını , ölkəmizə qarşı yaratdıqları informasiya blokadasını darmadağın etdi. Hər kəs gördü ki, ayaq tutan yalan sonda onu uyduranlara qənim kəsildi. Azərbaycana qərəzli mövqeyi ilə tanınan dairələr tərəfindən maliyyələşdirilən, erməni lobbisinin əlində oyuncağa çevrilən «jurnalistlərin» «qara piar», «feyk» xarakterli məkrli suallarını belə təmkinlə , səbrlə cavablandıran Prezident İlham Əliyev siyasi hazırlığı, yüksək intellekti, dövləti idarəetmə təcrübəsi ilə müsahiblərini heyrətləndirirdi. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız mübarizəni, beynəlxalq hüquqa əsaslanan haqq işimizi düşünülmüş siyasəti, tarixi faktlarla dünya ictimaiyyətinə çatdıraraq informasiya savaşının da qalibi oldu. Quruculuq məharəti, ədaləti ilə tarix yazan və müasir dünyada baş verən hadisələri zəkasının gücü ilə düzgün təhlil edən uzaqgörən siyasətçi, Prezident İlham Əliyev tarixi şəxsiyyət olduğunu liderlik fəaliyyəti ilə təsdiqlədi.
Artıq tarixə qovuşan qondarma «Dağlıq Qarabağ münaqişəsi»nin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olunacağına inamını «Əgər Qərb dünyası postsovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edirsə, bizim münaqişə də öz həllini bu prinsiplər üzərində tapmalıdır. Amma bizə gəldikdə görürsünüz ki, münasibət fərqlidir. Bu, riyakarlıqdır, ikili standartlardır, ədalətsizlikdir. Hər bir görüşdə, ən yüksək səviyyədə keçirdiyim görüşlərdə bu sözləri mən bax, dediyim ifadələrlə tərəf-müqabillərimə çatdırıram. Bu riyakarlığa, ikili standartlara son qoyulmalıdır. Ermənistan Azərbaycanın tarixi, qanuni torpaqlarını işğal edibdir. Ancaq rəsmi bəyanatlara gəldikdə, çox mücərrəd ifadələr işlədilir. Biz öz sözümüzü deyirik, deyəcəyik» sözləri ilə bildirən Prezident İlham Əliyev bütün müsahibələrində torpaqlarımızın bütövlüyü uğrunda haqq savaşında qalib gələcəyimizi inamla ifadə edirdi. Ən çətin məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə məsuliyyəti öz üzərinə götürən, məqsədinə çatan, İkinci Qarabağ müharibəsinə qədərki dövrdə bütün beynəlxalq arenalarda, ən yüksək kürsülərdən Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu «Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması danışıqların mövzusu ola bilməz”» həqiqətini qətiyyəti ilə bildirən, «Biz heç bir zaman Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmayacağıq və erməni tərəfi də bunu əla bilir… Dediyim kimi, Azərbaycanın ərazi bütövlüyü ətrafında kompromis ola bilməz» sözlərinə 44 gün davam edən Vətən müharibəsində qazandığımız Zəfərlə möhür vuran Prezident İlham Əliyev prinsipiallığı ilə bütün maneələri dəf etdi. 44 gün ərzində informasiya cəbhəsində, diplomatiyada durmadan, dincəlmədən sözün əsl mənasında vuruşan dövlət başçımızın bu qətiyyəti qarşısında «qeyri-kafi» qiymət alan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də « sinifdə qaldılar.»
Təəccüblü odur ki, Vətən müharibəsinin davam etdiyi günlərdə belə Ermənistanı dəstəkləyən dövlətlərin təlimatlandırdıqları jurnalistlər, beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana qarşı qərəzli informasiya müharibəsini davam etdirərək təxribat xarakterli əməllərindən əl çəkmədilər. Prezident İlham Əliyev isə belə sualların «müəlliflərini» məntiqli cavabları ilə susdurur, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə xalqımızın haqlı olduğunu faktlarla sübut edirdi.
Azərbaycanın Ermənistanın işğalı altında qalan torpaqlarında erməni vandallarının törətdikləri vəhşilikləri görsə də haylara dəstək münasibətini «Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır» sualı ilə bildirən Almaniyanın ARD televiziya kanalının əməkdaşına Prezident İlham Əliyevin cavabı ədalət dərsi idi: « Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.»
Ermənistanın havadarlarının təlimatlandırdıqları ABŞ-ın «Fox News»” televiziya kanalını təmsil edən jurnalistin məkrli «… Bir çox məlumatlara görə, sentyabrın 27-də - müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz”» sualını «Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi. Onlar az və ya çox eyni hərəkəti iyul ayında da etmişdilər. O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər. Sonra onlar avqustda hərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbi qulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdilər» sözləri ilə cavablandıran Prezident İlham Əliyev bir daha bildirdi ki, Azərbaycan xalqı bu müharibədə haqq-ədalət uğrunda vuruşdu və qalib gəldi.
«Əl-Ərəbiyə»” televiziya kanalına müsahibəsində bölgədə gərginliyi artıran Fransanın qərəzli mövqeyinə sərt münasibətini «Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar» sözləri ilə bəyan edən dövlət başçımız ölkəmizə qarşı təxribatlar törədən, aksiyalar təşkil edən, Azərbaycanın haqq işinə qərəzli yanaşanları məntiqli açıqlamaları, ədalətin hökmü, zamanın diktəsi ilə susdurdu.
Prezident İlham Əliyevin ötən ay Bakıda keçirilən « Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik» mövzusunda konfransın iştirakçılarına müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması dövlət başçımızın bütün zamanlar üçün aktual, xarakterik olan uzaqgörən siyasətinin bariz nümunəsidir.
26 fevral 2021-ci ildə, Xocalı soyqırımının ildönümünə təsadüf edən mətbuat konfransının bəzi məqamlarını xatırlayaq. Xarici və yerli jurnalistlərlə görüşüb, sualları təmkinlə cavablandıran, Vətən müharibəsinin başlanma səbəbləri, hərbi əməliyyatlarda Azərbaycanın üstünlükləri, Ermənistanın fərari ordusu barədə ətraflı məlumatları ilə jurnalistləri heyrətləndirən Prezident İlham Əliyevin uzaqgörənliyinə hər kəs heyran oldu.
Böyük Britaniyadan olan müstəqil jurnalistin «Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım» sözləri dövlət başçımızın liderlik təcrübəsinin, şəxsi nüfuzunun, siyasi hazırlığının və qətiyyətinin nümunəsi kimi tarixə yazıldı.
İkinci Qarabağ müharibəsi dövründəki açıqlamaları ilə sonra baş verəcək hadisələrə «bələdçilik» edən dövlət başçımızı həmkarlarından fərqləndirən, anoloqu olmayan xüsusiyyətlərindən biri də gələcəyə keçmişin gözü dəyərləndirməsi, təhlil etməsidir.
Son günlərdə Xankəndini könüllü, sərbəst, heç bir maneə olmadan tərk edən ermənilərin guya «etnik təmizləmə siyasəti»nə məruz qalmaları barədə qərəzli məlumatların əsası olmadığını diqqətə çatdıraq. İki il bundan əvvəl Türkiyənin Qlobal Jurnalistlər Şurasının rəhbərinin sualını cavablandırarkən erməni lobbisinin yalanlarını ifşa edən dövlət başçımızın cavabı bu gün üçün də xarakterikdir: «Mən sizə bir misal gətirim. Azad edilmiş bir kənddə iki yaşlı insan yiyəsiz qalmışdı. Yəni oradan qaçan «qəhrəman” erməni əsgərləri» onları qoyub qaçmışdılar. Bir qadın idi, bir də kişi. Onların yaşı çox idi. Onları biz gətirdik, xəstəxanaya yerləşdirdik. Ondan sonra da Ermənistan tərəfi ilə əlaqə saxladıq ki, biz dövlət sərhədində onları təhvil vermək istəyirik. Biz onları sərhədə gətirəndə onlar yaşlı qadını qəbul etdilər, yaşlı kişini qəbul etmədilər. Dedilər ki, bu, artıq xəstədir.» Azərbaycan əsgərinin yaralı erməni hərbçisinə göstərdiyi yardımı bütün dünya izlədi və xalqımızın xeyirxahlığına heyran qaldı. Buna görə də erməni şovinistlərinini «etnik təmizləmə» siyasətindən bəhs etmələri bulanıq suda balıq tutmaq adətlərinin davamıdır.
Yunanıstanın «Real Qroup Media» şirkətinin həmin konfransda bu günlə səsləşən, Ermənistandakı böhran və onun sülhə təsiri, atəşkəs və üçtərəfli Bəyanatla bağlı sualını « Atəşkəs və üçtərəfli Bəyanatın icrası ilə bağlı diqqətinizi Prezident Putinin cavabına yönəltmək istərdim. Ona sual verildi ki, Ermənistan bu Bəyanatın icrasından boyun qaçırmaq istəsə nə olacaq? O da dedi ki, bu, Ermənistan üçün sui-qəsd olacaqdır. Mən də bu məsələdə Prezident Putinlə tamamilə razıyam» sözləri ilə cavablandıran Prezident İlham Əliyevin sözləri son zamanlarda Rusiya ilə körpüləri yandıran Ermənistanda yaranan vəziyyətin dövlət başçımız tərəfindən eksklüziv açıqlaması idi.
İranın Mehr agentliyinin təmsilçisinin region üçün təhlükə olan terrorçuluğa qarşı «kollektiv mübarizə» ilə bağlı, düzgün ünvana istiqamətləndirilməyən sualını da məntiqlə, regionda yaranan reallıqlara uyğun cavablandıran dövlət başçımızın «Bir məsələni aydınlaşdırmaq istəyirəm. Siz müharibə zamanı terrorçu qrupların fəaliyyət göstərməsi haqqında danışırsınız, hansı məlumatlara, kim tərəfindən verilən məlumatlara istinad edirsiniz?» sözləri məsuliyyətdən və obyektivlikdən qaynaqlanan yanaşma idi. Qeyri-obyektiv, müəmmalı cavabı ilə çaş-başlıq yaradan iranlı jurnalistin «Region ölkələrindən olan xəbər agentlikləri belə məlumat yayırdılar. İcazənizlə onların adlarını çəkməyim» sözlərinin ittiham xarakterli olduğunu ilk baxışdan sezən dövlət başçımız jurnalistə peşə dərsi keçərək, jurnalist etikasını xatırladaraq bildirdi ki, istənilən məlumat haqqında danışmaq olar, ancaq mənbə region, ölkə qeyd edilməlidir. Mənbə göstərilmədən kimisə ittiham etmək asandır. Dediyinizin arxasında dayanmaq daha çətindir. Nəticədə Prezident İlham Əliyevin qətiyyəti , prinsipiallığı qarşısında günahını «Cənab Prezident, mən üzr istəyirəm, ancaq zənnimcə, mənim terrorçu qruplarla bağlı sualım yanlış anlaşıldı. Mən Azərbaycan tərəfindən terrorçu qrupların fəaliyyətini nəzərdə tutmurdum. Mən Qarabağ müharibəsi zamanı regionda İŞİD kimi qrupların fəaliyyətini nəzərdə tuturdum» sözləri ilə etiraf edən iranlı jurnalistin bədniyyətli cəhdi baş tutmadı.
Azərbaycana qarşı ədalətsizliyə qarşı mübarizə aparan Prezident İlham Əliyev xüsusilə müstəqil olmayan media şirkətlərini obyektivliyə səsləyir, tövsiyələrini verirdi. «Mənim beynəlxalq mediaya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun… Amma rəhbərlərinizin dediklərinə hər zaman əməl etməsəniz, bəlkə daha yaxşı olardı.»
Məhz o illərədə bütün dünya ictimaiyyəti üçün aydın oldu ki, yalnız siyasi, iqtisadi, hərbi biliklərə mükəmməl yiyələnən dövlət başçısı eyni zamanda informasiya cəbhəsində də qalib adını qazana bilər. Prezident İlham Əliyev kimi!
Xuraman İsmayılqızı, "İki sahil"