Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur.
Xezerxeber.az-ın məlumatına görə, bu fikirlər Prezident İlham Əliyevin Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində qeyd olunub.
Vurğulanıb ki, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub.
Konfransda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycan kolonializmə qarşı mübarizə aparan xalqları dəstəkləyəcək.
Ombudsman Səbinə Əliyeva vurğulayıb ki, müstəmləkəçilik problemi ilə üzləşən ölkələr ədalətin bərpası və müstəqillik qazanmaq uğrunda mübarizə aparmağa davam edir.
Onun sözlərinə görə, Fransanın etdikləri Cənubi Qafqazda da dayanıqlı sülhə xidmət etmir.
Konfransda çıxış edən Fransanın müstəmələkə altında saxladığı dənizaşırı ərazilərin nümayəndələri bildiriblər ki, bu ölkə uzun illər ərzində onların milli şüurunu məhv etməyə çalışıb. Uşaqlar və gənclər öz ana dilindən tam istifadə edə bilmirlər. Tarix boyu Fransa onların ərazilərində təxminən 200 dəfə nüvə silahı sınaqdan keçirib. Rəsmi Paris öz maraqları naminə gunahsız insanları qurban verib.
Vurğulanıb ki, Korsikada da insan haqlarına riayət olunmur, hətta keçmişdə öz konstitusiyaları olanda belə, Fransa bunu qəbul etməyib, qırğın törədib. Korsika sakinləri normal tibbi xidmət almaq üçün Fransanın böyük şəhərlərinə getməli olurlar. Yəni normal tibb müəssisələri belə yoxdur.
Diqqətə çatdırılıb ki, Fransa Afrika ölkələrini zərərli, kimyəvi maddələrlə zəhərləyib. Nəticədə insanlar müxtəlif xəstəliklərə yoluxub məhv olurlar.
Qeyd edək ki, konfrans iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayaraq öz minnətdarlıqlarını ifadə ediblər. Sonda fləşmob təşkil olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: