Seymur Əliyev: “Elədirsə, Qərb niyə Hitler faşizminin Avrpopadakı işğal tarixini ehtiramla əbədiləşdirmir?”
“Avropa İttifaqı sentyabrın 18-də Strastburqda qəbul etdiyi anti-Azərbaycan xarakterli bəyanatla qatilin tarixinə, oğrunun mədəniyyətinə hörmət tələb edir”.
Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi, tarixçi-politoloq Seymur Əliyev bildirib. O, qeyd edib ki, bəyanatda yer alan müddəalar əsassız olduğu qədər də gülüncdür:
“Avropa İttifaqının məlum bəyanatında qeyd edilir ki, Azərbaycan Qarabağı tərk edən ermənilərin “öz evlərinə ləyaqətlə, heç bir qorxu və ayrı-seçkilik olmadan yaşamaq hüququnu təmin etməlidir”. Hansı ki, Qarabağın tarixi Azərbaycan torpağı olduğu, orada yaşayan ermənilərin böyük əksəriyyətinin bu torpaqlara işğal dönəmində köçürüldüyü məlumdur. İşğal edilən ərazilərdə məskunlaşma siyasətinin aparılması isə beynəlxalq konvensiyalara görə yolverilməz hesab edilir. Bu isə o deməkdir ki, ermənilərin silah gücünə ələ keçirdikləri torpaqlarımızda hansısa evə soxulması, bu evin əsl sakinlərini qətlə yetirəərk burada məskunlaşması, həmin evi işğalçının “öz evi” etmir. Bundan başqa, Azərbaycan tərəfinin “Laçın” sərhəd-keçid məntəqəsindən təqdim etdiyi çoxsaylı foto-video materiallar göstərir ki, ermənilər Qarabağı könüllü şəkildə, hər hansı zorakılığa məruz qalmadan tərk edib.
Bəyanatda gülüş doğuran daha bir məqam isə ondan ibarətdir ki, Avropa İtifaqı Qarabağı tərk edən erməniləri nəzərdə tutaraq deyir ki, “qaçqın və köçkünlərin tarixlərinə, mədəniyyətlərinə və hüquqlarına hörmət edilməlidir”. Söhbət 30 il öncə Qarabağa silah gücünə ələ keçirən, burada bir-birindən qorxunc qətliyamlar törədən işğalçıların tarixindən və mədəniyyətindən gedir.
Maraqlıdır, Qərb ölkələri doğrudanmı hesab edir ki, işğala məruz qalan, soyqırımları ilə üzləşən dövlət onu öz qanında boğmağa çalışan qatilin tarixinə, mədəniyyətinə hörmət etməlidir? Elədirsə, Qərb niyə Hitler faşizminin Avrpopadakı işğallarını ehtiramla əbədiləşdirib, sevgi ilə təbliğ etmir? Ümumiyyətlə, soyqırımına məruz qalan bir xalqı onun minlərlə nümayəndəsini ən ağır işgəncələrlə qətlə yetirən faşistlərin mədəniyyətinə hörmət etməyə səsləmək nə dərəcədə etikdir? Bir də, min illərdir ki, Azərbaycana məxsus olan, azərbaycanlılar yaşayan bir ərazidə erməni tarixi, bu tarixə mənsub abidələr, maddi-mədəniyyət nümunələri necə ola bilər?
Bütün bunlar onu göstərir ki, Avropa İttifaqının Azərbaycanla bağlı bəyanatında yer alan fikirlər sadəcə məntiqdən deyil, həm də əxlaqdan uzaqdır və əsla qəbuledilə bilməz”.