İş adamı üzərində olan qızılların Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrük nəzarəti zonasında əlindən alındığını iddia edir. Bu barədə Oxu.Az-a şikayətçi Rauf Məmmədov məlumat verib. O bildirib ki, aprelin 4-də qızının ad günü və bayramla əlaqədar İstanbuldan Bakıya səfər edib:
“2008-ci ildən bəri ölkə xaricində yaşayan iş adamıyam. Bu ilin aprelin 4-də Ramazan bayramı və qızımın ad günü münasibəti ilə İstanbuldan Bakıya gəldiyimdə gömrük əməkdaşları qolumda və boynumdakı zinət əşyalarını yoxlanışdan keçirib qaytaracaqlarını dedilər. Gömrük işçiləri çantamda qızlarım üçün aldığım 2 ədəd qolbağı və mənə məxsus üzərimdə olan boyunbağıya və qolbağıma baxış keçirdikdən sonra mənə geri qaytarmadılar. Dedilər ki, ya rüsum ödəməlisiniz, ya da bu zinət əşyaları karqo terminalına göndəriləcək. Onların mənim özümə məxsus olduğunu bildirdim, boyunbağımın kənarında olan qırığı da sübut kimi göstərərək geri qaytarmalarını istədim. Mən Türkiyə, Rusiya və Avropa ölkələrində belə bir problem yaşamadığımı bildirdim. Doğma vətənimdə isə bu problemlə üzləşdim”.
Şikayətçi iddia edir ki, ondan qanunvericiliyə uyğun olmayan sübutlar istəyiblər:
“Məndən qızılla olan şəkillərimi istədilər. Mən onlara belə bir şəklimin olmadığını bildirdim. Məndən bu tərzdə qanunvericiliyə uyğun olmayan sübutlar istədilər. Bu vaxt yanımda zinət əşyasına görə saxlanılan xarici vətəndaş da var idi. Xarici vətəndaşın qızıllarına baxış keçdikdən sonra, onu dərhal buraxdılar, amma mənim qızıllarımı mənə qaytarmadılar. Hətta qızlarım üçün hədiyyə aldığım qiyməti 800 dolları keçməyən, rüsuma düşməyən qolbaqları da mənə vermədilər”.
Rauf Məmmədov iddia edir ki, qızıllarını saxlanca qoyulmasını tələb edib, ancaq gömrük əməkdaşları karqo terminalına göndəriləcəyini bildirib
“Qızıllarımın saxlanca qoyulmasını istədim. Amma qızılımı saxlanca yox, bir başa karqo terminalına göndərdilər. Əməkdaşlara sual verdim ki, saxlanc nə üçündür? Əməkdaşlar bildirdilər ki, saxlanc vətəndaşların qayıtdığı zaman əşyaları götürməsi üçündür. Daha sonra onlar mənə bildirdilər ki, sizin qızılınızın saxlancda saxlanılmasına Hava Yolları Baş Gömrük idarəsinin rəis müavini Rahib müəllim icazə verməyib. Əməkdaşlar qızılları tez götürməyimi, vaxt uzandıqca üzərinə daha çox pul gəldiyini bildirdilər. Aprelin 8-də qızıla baxış keçirdikdən sonra, Rahib müəllim icazə vermədi. Məndən yenidən bir neçə gün gözləməyimi istədilər. Üç gün sonra yenidən Rahib müəllimin yanına getdim, mənimlə görüşdən imtina etdi. Dəfələrlə görüşmək istəsəm də, bu baş tutmadı”.
Şikayətçinin sözlərinə görə, ondan ərizəsini dəyişməyi tələb ediblər:
“Gömrük idarəsinin əməkdaşı Aygün xanım mənə bildirdi ki, Rahib müəllim deyir ki, onun qızılını 15 gün sonra verə bilərik, bir şərtlə ki, ərizəsini dəyişdirsin. Aprelin 22-də məndən yeni ərizə yazmağımı istədilər. Bir neçə ərizə yazmağıma baxmayaraq, heç birini bəyənməyib, mənim qarşıma ərizə forması qoyub eynisini yazmağımı istədilər. Aprelin 22-də yazdığım ərizənin tarixini 08.04.24 tarixinə dəyişdirərək ilk ərizəmlə əvəzlədilər. 08.04.24 və 22.04.24 tarixində yazdığım ərizələrin hər birinin orijinalı məndə mövcuddur. Aygün xanım bildirdi ki, ərizəni yazdığınızdan 15 gün sonra qızılınız sizə veriləcək. Aprelin 22-də qızılım saxlanca verilməli idilər, Rahib müəllim yenidən məsələni yubatdı”.
Rauf Məmmədov deyir ki, İstanbula səfəri olduğu üçün prosesi davam etdirmək üçün qardaşına etibarnamə verib. Gömrük əməkdaşı ona öhdəçilik yazdırıb:
“Aprelin 23-də İstanbul səfərim olduğuna görə Aygün xanım mənə bildirdi ki, bir nəfərə etibarnamə verim, prosesi o davam etdirsin. Mən də qardaşıma etibarnamə verdim. Həmin vaxta qardaşım Ramil Şəmsəddin oğlu Məmmədov qızılları geri almaq üçün karqo terminalına yaxınlaşdıqda gömrük əməkdaşı Aygün xanım Rahib müəllimin tapşırığı ilə qardaşıma əlavə olaraq, bir daha saxlancdan istifadə edə bilməyəcəyimi, mənə məxsus olan əşyaların birbaşa müsadirə olunmağı ilə bağlı öhdəçilik yazdırıblar. Öhdəçiliyin nüsxəsini qardaşıma verməyiblər. Daha sonra 170 AZN pul ödəyərək mədaxil qəbzlərini götürüb və qızılı götürmək üçün anbara yaxınlaşıb. Saxlanc rüsumu olaraq 1040 AZN tələb ediblər. Qardaşım ödəməyəcəyini bildirdikdə gömrük əməkdaşları ondan təkidlə ya ödənişi indi etməli olduğunu, ya da ki qızıldan imtina etməyini tələb ediblər. Hava yolları baş gömrük idarəsinin rəis müavini Rahib müəllimə görə övladlarıma bayram günü və qızıma doğum gününə hədiyyəmi verə bilməmişəm. Məni ən çox narahat edən məqam odur ki, bu hal məndə ilk dəfə yaşanır. İlk dəfədir zinət əşyalarımı əlimdən alırlar. Mənə belə bir narahatçılıq yaşadıblar”.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Natiq Axundov Oxu.Az-a açıqlamasında bildirib ki, şikayətçinin gətirdiyi qızıllar nəzərdə tutulmuş hədlərdən artıq olub:
“Rauf Məmmədov 2024-cü il aprelin 5-də İstanbul-Bakı aviareysi ilə ölkə ərazisinə gələrkən Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrük nəzarəti zonasında “Qırmızı Kanal” buraxılış sisteminə daxil olub və müşayiət etdiyi baqajı rentgen qurğusuna qoymaqla gömrük nəzarətinə təqdim edib. “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən nəzərdə tutulmuş hədlərdən, yəni 20 qramdan artıq qiymətli metallar və qiymətli daşlar gömrük orqanına yazılı formada bəyan edilməlidir. Rauf Məmmədov özü ilə gətirdiyi qızıl-zinət əşyalarını əvvəlcədən gömrük orqanına yazılı bəyan etmədiyi üçün gömrük əməkdaşı tərəfindən sözügedən əşyaların gömrük nəzarətinə təqdim edilməsi tələb olunduqdan sonra vətəndaş üzərində olan qızıl zərgərlik məmulatlarını gömrük orqanına təqdim edib, mallara ətraflı baxış keçirilməsi üçün gömrük əməkdaşı tərəfindən yoxlama otağına dəvət olunub. Müşayiət olunan baqaj yüklərinə baxış zamanı orada da qızıl məmulatlarının olduğu, beləliklə təqdim edilən qızıl-zinət zərgərlik məmulatlarının ümumi çəkisinin 75 qram təşkil etdiyi müəyyənləşdirilib. Qeyd edilənlərə əsasən, malların təyinatının müəyyən edilməsi məqsədilə 05.04.2024-cü il tarixli akt əsasında müvafiq qaydada rəsmiləşdirilməsi üçün Bakı Karqo Terminalına göndərilib. Rauf Məmmədov 08.04.2024-cü il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qızıldan zərgərlik məmulatlarından ibarət 2 ədəd boyunbağı və 3 ədəd qolbağı malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsinə dair müraciət edib və onun müraciəti həmin tarixdə qeydiyyata alınıb”.
Natiq Axundovun sözlərinə görə, Rauf Məmmədovun müraciətinə 9 iş günü ərzində baxılıb və təmin edilib.
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü müddətində baxılır. Rauf Məmmədovun müraciətinə isə 9 iş günü ərzində baxılıb və təmin edilib. Vətəndaşa gömrük qanunvericiliyinin əsasları, xüsusilə malların ölkə ərazisinə gətirilməsi və buraxılışının hansı hallarda şəxsi istifadə təyinatına uyğun olması qaydaları izah edilib və 23.04.2024-cü il tarixdə Rauf Məmmədov nümayəndəsi Ramil Məmmədov vasitəsi ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edərək ölkə ərazisinə şəxsi istifadə miqdarından artıq qızıl-zinət əşyalarını gətirəcəyi təqdirdə qanunvericiliyin tələblərinə riayət edəcəyi barədə öhdəlik götürüb və qeyd edilən müraciət həmin tarixdə qeydiyyata alınıb. Müraciətdə göstərilən “anbarda saxlanc rüsum olaraq 1040 AZN tələb edilməsi” fikrinə münasibətdə bildiririk ki, malların “Bakı Karqo Terminalı”na (BKT) göndərilməsinə dair 05.04.2024-cü il tarixli aktın “Bildiriş” hissəsində də qeyd edildiyi kimi malların Bakı Karqo Terminalında saxlanılmasına görə vəsait BKT tərəfindən hesablandığı və bu məbləğin gömrük ödənişlərinə daxil olmadığı barədə vətəndaşa məlumat verilib”.