AZ

Dmitri Solonnikov: Ermənistan Qərbin tapşırığı ilə sülh razılaşmasını ləngidir - MÜSAHİBƏ

Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Moskva-Baku” portalına müahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransındakı bəzi nüanslarla bağlı fikirlərini açıqlayıb. Müsahibəni oxucularımıza təqdim edirik.

-Dmitri Vladimiroviç, Ermənistanın baş naziri Paşinyanın bu yaxınlarda keçirdiyi geniş mətbuat konfransı çərçivəsində onun Rusiya ilə bağlı kifayət qədər birmənalı olmayan bəyanatları diqqəti cəlb etdi. O, bir tərəfdən bəyan edib ki, Moskva Azərbaycanla Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunması məsələsində artıq vasitəçi ola bilməz, çünki Rusiya Federasiyası Ermənistanı tənqid edir, digər tərəfdən, o, Rusiya hərbi bazasının saxlanmasının xeyrinə danışaraq buna ironik münasibət bildirən jurnalistin cəhdlərini dayandırıb və Rusiya Federasiyasına bu cür yanaşmağın mümkün olmadığını söyləyib. Belə ikili formulalar haqqında nə deyə bilərsiniz?

-Nikol Paşinyan çoxdandır danışdığımız situasiyanı canlandırmaqda davam edir. Bu, Ermənistanın Qərbə doğru çəkilmə ssenarisinin həyata keçirilməsidir, lakin ehtiyatlıdır və çox sürətli deyil. Ermənistanın baş naziri hələ də Rusiya Federasiyası ilə münasibətləri kəsmək barədə qərar verməyib. O, Rusiyaya qarşı olmadığını iddia etməkdə davam edəcək- erməni jurnalistlə olduğu kimi. Eyni zamanda, Ermənistan rəsmilərinin və sadəcə olaraq Ermənistanın hakim partiyasının üzvlərinin Rusiyaya, onun siyasətinə və rəsmilərinə, bununla bağlı yüksək səviyyəli şəxslərə ünvanlanan sərt və bəzən düzgün olmayan bəyanatlar da görürük.

Ermənistan iqtisadi cəhətdən Rusiyadan asılıdır. Onunla münasibətlər qəfil pozulsa, İrəvan tezliklə ciddi problemlər yaşayacaq. Bu, respublika daxilində həyat səviyyəsinin kəskin aşağı düşməsi demək olacaq, bu da əhalinin real kütləvi etirazlarına səbəb ola bilər ki, baş nazirin siyasi baxımdan buna dözə bilməməsi mümkündür. Ona görə də belə bir ssenariyə yol vermək istəmir, bunu edə bilməz, etmir. Onun vəzifəsi siyasi, hərbi, iqtisadi və digər planlarda tədricən Qərbə doğru irəliləməkdə davam etməkdir.

-Srağagün Lavrova Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı sual verildi. Nazir qeyd edib ki, Ermənistan və Azərbaycan birbaşa danışıqlar aparır, biz də çox şükür deyirik, lakin eyni zamanda Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatına zidd olaraq Rusiyanın vasitəçiliyi olmadan həyata keçirilir. Lavrov eyham vurdu ki, İrəvan Qərbi vasitəçiliyə cəlb etmək üçün bu fona nail olmağa çalışır.

-Əlbəttə, Moskva hər şeyi, İrəvanın bütün bəyanatlarını, addımlarını görür. Ermənistanın baş naziri Paşinyan sazişləri imzalayır, sonra isə onları yerinə yetirmir, çünki ona xaricdən belə tapşırıq verilir. O, sözünün ağası deyil; İstəyir- söz verir, istəyir- geri götürür. O, sənədə, o cümlədən “Zəngəzur dəhlizi” adlanan layihənin icrası ilə bağlı öz imzasını qoyub, sonra da uzun illərdir ki, bu məqamı inkar etməyə və onu niyə yerinə yetirə bilmədiyini “izah etməyə” çalışır, digər imza edənləri müqavilədə uyğunsuzluq olmasında ittiham edir. Çox “məsuliyyətli” yanaşmadır.

Zəngəzur dəhlizi layihəsi Qərb üçün siyasi baxımdan maraqsızdır. Buna görə də Paşinyan bunu belə fəal şəkildə rədd edir və məhz həmin Qərbin dəstəyi ilə “özünün” “Dünyanın kəsişməsi” layihəsini təbliğ edir.

Ermənistan sırf ABŞ və digər Qərb dövlətlərinin marağıdır. Və Zaqafqaziyada onların nəzarətindən kənarda qalan nəqliyyat dəhlizinə ehtiyacları yoxdur. Əgər Zəngəzur dəhlizi varsa, o zaman onların versiyasına görə, o, ABŞ-ın nəzarətində olmalıdır. Və bu, o halda mümkündür ki, Amerika/Qərb qoşunları Ermənistanda yerləşdirilsin. Paşinyanın 9-10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində Rusiyanın guya vasitəçi ola bilməyəcəyi ilə bağlı ritorikası bundan irəli gəlir, baxmayaraq ki, bu bənddə qeyd olunur ki, Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına nəqliyyat və iqtisadi əlaqələrin açılması zamanı Ermənistandan keçən hissədə Rusiya FSB-nin sərhədçiləri yerləşdirilməlidir. Bu barədə sənədə Nikol Paşinyan imza atıb.

-Azərbaycan bu yaxınlarda Aİ-nin qondarma monitorinq missiyasının Ermənistan-Azərbaycan sərhədindən çıxarılmasını tələb edib...

- Təbii ki, Azərbaycan bu yolla siqnal verir. Amma heç kim heç bir missiyanı sərhəddən geri çəkməyəcək. Bu, Qərbin maraqlarına uyğun deyil, bu, onun strateji vəzifəsidir- Cənubi Qafqazda məskunlaşmaqdır. Hər kəs çox gözəl başa düşür ki, bu, mülki monitorinq missiyası deyil. Bu, Rusiya, Azərbaycan və İranı izləmək üçün yaradılmış kəşfiyyat strukturudur. Həm də Qərbin fikrincə, son vaxtlar özünü “səhv” istiqamətə yönəldən Gürcüstanı.

Qərb elitaları dünyanın hər yerində öz dominantlıqlarını hesab etdikləri müddətdə Ermənistanın Qərbin missiyasından imtina etməsinin mənası yoxdur. Birləşmiş Ştatlardakı sağlam qüvvələr prioritetə ​​çevrildikdə və dünyanın bütün yerlərində mövcudluqları ilə məşğul olmağın artıq kifayət olduğunu və daxili siyasətlə məşğul olmağın lazım olduğunu söylədikdə bu mövzuya maraq azalmağa başlayacaq. Hələ yox. Paşinyan ölkənin, Ermənistan cəmiyyətinin deyil, Qərbin maraqlarını həyata keçirir. Və onun bütün addımları suverenlik kimi yox, Qərbin iradəsinin yerinə yetirilməsi kimi qiymətləndirilməlidir.

-Putin və Əliyev Bakıda keçirilən görüşdə Qərbin regiona təsir etmək cəhdləri fonunda Ermənistan-Azərbaycan nizamlanmasının gələcək taktikasını razılaşdıra bilərmi?

-Vladimir Putin və İlham Əliyev görüş zamanı ilk növbədə ikitərəfli əməkdaşlığı, o cümlədən Cənubi Qafqazda və daha geniş şəkildə yaxın regionlarda sülh və təhlükəsizliyin təmin edilməsini müzakirə ediblər. Təbii ki, bu, hər iki dövləti narahat edən bir cəhətdir. Həmçinin, tam hüquqlu sülhün bərqərar olması, eləcə də region ölkələrinin iqtisadiyyatlarının hərtərəfli inkişafı üçün hər birinin geosiyasi və milli maraqları nəzərə alınmaqla Rusiya Federasiyası, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlərin həyata keçirilməsinin zəruriliyi müzakirə edilib.

Təbii ki, Cənubi Qafqazda gələcək ssenarinin necə inkişaf edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Qərb sürətlə getmir, amma yenə də Ermənistan ordusunda islahatlar aparır, silah-sursat verir.

Eyni zamanda deyə bilərik ki, biz Bakı ilə İrəvan arasında sülh prosesində irəliləyiş görürük. Belə ki, bu yaxınlarda Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosesinin Əsasnaməsini təsdiq ediblər. Tərəflərin praktiki sərhəd delimitasiyasının yeni mərhələsinə nə vaxt başlayacağı bəlli olmasa da, tezliklə qış gəlir.

Azərbaycan bundan əvvəl Ermənistanı Bakıda keçiriləcək COP29 konfransına dəvət etmişdi. Ermənistanın baş naziri isə İlham Əliyevə sərhəddə görüşmək təklifi ilə cavab verdi. Yəni, bəzi qarşılıqlı tamamlayıcı addımlar atılır.

Eyni zamanda, İrəvanın Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun yalnız 2027-ci ildə keçirilməsi ilə bağlı mövqeyi (və biz bilirik ki, Azərbaycana qarşı ərazi iddialarının Ermənistanın əsas qanunundan çıxarılması sülh razılaşmasının imzalaması üçün Bakının Ermənistan hakimiyyəti qarşısında qoyduğu əsas şərtdir) Qərbin İrəvana Bakı ilə sülh müqaviləsini ləngitmək əmrini verdiyini göstərir. Qərb dünyanın müxtəlif yerlərində münaqişələrin həllindən faydalanmır, əksinə, onları qoruyub saxlamaqdan və öz “nəzarətində” olmasından faydalanır. Yəni Nikol Paşinyan Rusiya və Azərbaycanla bağlı iki kürsüdə oturmağa davam edir, bunu onun son mətbuat konfransı da sübut edir.

Tərcümə - Elçin Bayramlı

Seçilən
97
50
sesqazeti.az

10Mənbələr