AZ

Dövlət başçısının müşavirədəki sosial-iqtisadi mesajları…

Gələn ilin hədəfləri: Prezident onlara nail olunacağına əmindir
Xəbər verdiyimiz kimi, sentyabrın 26-da Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycan hökumətinin iqtisadi məsələlərə həsr olunmuş müşavirəsi keçirilib. Prezident İlham Əliyev müşavirədə çıxış edərək, 2024-cü ildə ölkə iqtisadiyyatında əldə olunan nəticələri qeyd edib, 2025-ci il üçün gözləntiləri açıqlayıb.
O, ötən 8 ayda əldə olunan iqtisadi artımın müsbət olduğunu deyib: “İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir”.
Prezident Azərbaycanda neft hasilatının təbii azalması prosesinin stabilləşməsi üçün görülən işlərdən geniş bəhs edib: “Onu da bildirməliyəm ki, son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik. Ancaq neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq. Təbii olaraq hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək. Beləliklə, bizim iqtisadi inkişaf templərimizi geriyə çəkən əsas amil ümid edirəm ki, aradan qaldırılacaq və gələn il sabit neft hasilatı təmin edilməlidir. Nəzərə alsaq ki, hazırda biz neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işləyirik və o layihələrin işlənməsi nəticəsində yeni hasilat proqnozlarımız var. Yəqin gələn il biz hamımız onu görəcəyik ki, yeni layihələrdən, yeni yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilir. Hesab edirəm ki, neft-qaz sahəsində templər müsbət olacaqdır”.
İ.Əliyev əsas hədəflər kimi iqtisadiyyatın diversifikasiyasını, sosial təminatın yaxşılaşdırılmasını qeyd edib: “Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir. Mən artıq bəyan etdim ki, gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq, baxmayaraq ki, inflyasiya çox aşağı səviyyədədir, baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı. Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik”.
Prezidentin verdiyi məlumata görə, ölkəyə xarici sərmayələrin cəlb olunması üçün layihələr icra olunur: “Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Baxmayaraq ki, Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir, hökm sürür. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Son illər ərzində və xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və biz bunun bəhrəsini indi görürük. Bizim ənənəvi sənaye məntəqələrimizdə, – Bakı şəhəri, Sumqayıt şəhəri, sənaye parkları, – yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir”.
Dövlət başçısı gələn il üçün qarşıya qoyulan hədəflərə tam nail olunacağına əmindir: “Gələn ilin əsas xərcləri artıq müəyyən edilib. Mənim Milli Məclisdəki çıxışımda əsas prioritetlər açıq-aydın göstərilib. İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr. Həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr – bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq. Bu barədə də danışacağıq. Elə etməliyik ki, biz gələn il imkan daxilində bütün əsas vəzifələri icra edək. Şübhə etmirəm ki, belə də olacaq. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq”.

 Eldəniz Əmirov
İtisadçı-ekspert Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, müşavirədə Prezident çox vacib məqamlara toxunub: “Müşavirədə səsləndirilən fikirlər təkcə il sonuna kimi deyil, həm də ən azı 2025-ci ildə ölkəmizdə iqtisadi istiqamətli qərarların qəbul edilməsində böyük rol oynayacaq. Çünki bu müşavirədə növbəti ilin büdcəsi, xarici borc öhdəlikləri, neft hasilat həcmlərinin azalması, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası, milli təhlükəsizlik məsələlərinin iqtisadi dəstəklənməsi, eyni zamanda növbəti ilin pensiya və əmək haqqı artımları kimi bir çox məsələlər müzakirə mövzusu olub”.
Ekspert cari ildə Azərbaycanda qeydə alınan iqtisadi artımın mühüm nəticə olduğunu bildirir: “Düşünürəm ki, ilin sonuna nəzərdə tutulandan daha yüksək iqtisadi artıma nail olunacaq. Prezidentin əmək haqqı və minimum pensiya məbləğinin artırılacağına dair dedikləri bu sahədə gözləntiləri yüksəldir. Minimum əmək haqqının nə qədər artırılacağını dəqiq söyləmək mümkün deyil. Lakin düşünürəm ki, onun məbləği 345 manatdan 400 manata çatdırılacaq ki, bu da 16 faizlik artım deməkdir. Bildiyiniz kimi, ölkəmizdə pensiyalar hər il arxada qalan ildə orta aylıq nominal əmək haqqındakı artım qədər indeksasiya olunur. Bu iki artım pensiyaçıların gəlirlərində ciddi artımı təmin edəcək”.
E.Əmirovun sözlərinə görə, Azərbaycan büdcəsinin əsas xərclərindən biri milli müdafiə və təhlükəsizlik xərcləridir: “Mövcud regional və beynəlxalq geosiyasi şərtlər Azərbaycanın öz müdafiə qüvvələrini daha da gücləndirməsini tələb edir. Xüsusilə bəzi xarici ölkələrin Ermənistanda revanşizmə dəstək verməsi fonunda dövlət büdcəsi gəlirlərinin mühüm bir hissəsinin müdafiə xərclərinə ayırması zərurəti var. Düşünürəm ki, vəziyyət norallaşıb, sülh müqaviləsi imzalandıqdan, gərginlik və təhlükələr aradan qalxdıqdan sonra Azərbaycan büdcə gəlirlərindən işğaldan azad olunmuş ərazilərin bərpası və digər istiqamətlərə daha çox vəsait yönəltmək imkanı əldə edəcək”.
Ekspert Prezidentin neft hasilatı ilə bağlı açıqladığı məlumatların Azərbaycanın haqlı mövqeyindən irəli gəldiyini deyir: “Hələ ilin əvvəlində də cənab Prezident Andiçmə mərasimində neft hasilat həcmlərinin azalması məsələsini və bununla bağlı bir növ məsul olan xarici şirkətlərlə müzakirələrin aparılacağını vurğulamışdı. Müşavirədə də bu mövzuya bir daha haqlı olaraq toxundu. Çünki neft yataqlarında lay təzyiqi yüksək olanda nefti rahat çıxaran xarici investor (şirkət) təzyiq aşağı düşüb yatağın neftverimi azalanda bunu aradan qaldırmağa çalışmalıdır. Bol olanda rahat neft çıxaranlar bol olmayanda da investisiya yatırıb hasilat həcmini mümkün qədər stabil saxlamağa borcludurlar. Onsuz da yataqların ehtiyatları azaldıca hasilatı uzunmüddətli stabil saxlamaq mümkün olmur. Amma heç olmasa dərin qatların işlənməsi və ya aşkar ehtiyatların maksimum istismarı hesabına mümkün qədər hasilat həcmlərini stabil saxlamaq olar. Sadəcə, bunun üçün bir az pul yatırmaq lazımdır. Növbəti ildə hasilat tempini saxlamaq çox vacibdir. Çünki bu sektorun birbaşa daxilolmalardan başqa multiplikativ effektləri də çoxdur”.

 İlham Şaban
Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, Prezident İ.Əliyevin neft mövzusuna toxunması mühüm məsələdir: “İndiyədək Prezident neft mövzusuna nadir hallarda toxunub. Adətən qaz və yaşıl enerji məsələlərindən daha çox bəhs edib. Amma müşavirədə kifayət qədər maraqlı məlumatlar açıqladı. Bu, ondan xəbər verir ki, neft hasilatının artırılması istiqamətində qərarlar alınarkən çox ciddi müzakirələr gedib. Bu məsələ Prezidenti çox dərindən narahat edib: hasilatın gözləniləndən daha kəskin azalması, bunun qarşısının alınması üçün addımların atılmaması. Özü də qeyd etdi ki, bu sahədə vəziyyəti xarici şirkətlərlə ciddi şəkildə müzakirə ediblər. Görünür, xarici şirkətlərin əlavə yatırımlar hesabına hasilatın azalması tempinin zəiflədilməsinə həvəsli olmaması Azərbaycan hökumətinin narazılığına səbəb olub. Aparılan danışıqlar effektini verir, Prezidentin dediyi kimi, gələn ildən hasilatın stabilləşməsi gözlənilir”.
Ekspert Azərbaycanın neft-qaz sektorunda həyata keçirilən layihələrlə bağlı informasiya açıqlığının təmin olunmadığı qənaətindədir: “Azəri-Çıraq-Günəşli, Şahdəniz və SOCAR-dan başqa heç bir əməliyyat şirkəti – 14 belə şirkət var, – nə rüblük, nə illik hesabat açıqlamırlar. Deyəndə də cavab verirlər ki, hökumət bilir. Hökumətlə yanaşı ictimaiyyət də bilməlidir axı. Məlumatlar ictimailəşdirilmir, hətta Azərbaycanın enerji balansı belə açıqlanmır. Belə qapalılıq şəraitində xarici şirkətlər öz bildiklərini etməyə çalışırlar. Nəhayət, iş o yerə çatır ki, problemləri Prezident dilə gətirəsi olur. Halbuki lazımi məlumat açıqlığı təmin olunarsa, ictimai müzakirələr onların həlli üçün zəmin yaradar”.
Dünya SAKİT,
“Yeni Müsavat”

Seçilən
102
37
arantv.az

10Mənbələr