AZ

AzVP-nin baxışı: Qərbi Zəngəzura mədəni qayıdış

Azərbaycan Prezidenti İlham Əliyevin tarixi torpaqlarımız olan İrəvan, Zəngəzur, Göyçə barədə 2018-ci il fevralın 8-də keçirilmiş YAP-ın VI qurultayında dedikləri o vaxt Ermənistanda əsl ajiotaj yaratmışdı. 

Həmin günlər Ermənistanın “1in.am” informasiya portalının dərc etdiyi məqalədə deyilirdi: 

“Bizim hakimiyyət bir məsələni təkidlə inkar edir ki, Prezident İlham Əliyevin özünə güvənməsinin mənbəyi, yumşaq desək, bizim dövlətimizin biabırçı vəziyyətdə olması, dağıdıcı mühacirətdir... Əgər biz belə davam etsək, İlham Əliyev nəinki İrəvanı qaytaracaq, hətta hər birimizin evinə daxil olacaq. Əliyevin çıxışının həyəcan doğuran tonu bizim hakimiyyətin nümayəndələrinin qulağına nə qədər xoş gəlməsə də, praqmatik siyasi əsasa malikdir”.  

Azərbaycanın regionda yürütdüyü siyasətin siyasi əsasları ilə yanaşı mədəni kökləri də var və bu həqiqətin bir qolu hazırda Ermənistan ərazisinin bir hissəsi sayılan Göyçə mahalının şifahi xalq ədəbiyyatına söykənir.

Bu toprpağın ədəbi meyvəsi olan aşıq yaradıcılığı öz tarixi və bədii mükəmməlliyi ilə türk xalqları arasında həmişə seçilib. 

Mahalın ən məşhur ədəbi simalarından olan Aşıq Ələsgər öz yaradıcılığı və şəxsi keyfiyyətləri ilə ədəbiyyat tariximizin zirvəsində dayanır. 

Bu günlərdə Bakıda şairin abidəsinin qoyulması Azərbaycanın mədəni həyatında ciddi siyasi və ədəbi hadisəyə çevrilib. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev deyib: 

“Sadəcə olaraq, onu demək istəyirəm ki, onun yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub.

Əlbəttə ki, biz onun timsalında xalqımızın yüksək ruhunu görürük.

Çünki yenə də deyirəm, 97 yaşında öz torpağından köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrə baxmayaraq, o vaxt hələ o təhlükələr tam sovuşmamışdı, yenə də öz Vətəninə qayıtmışdır”.

Aşıq Ələsgərdə olan yüksək ruh bu gün Azərbaycan xalqının düşmənlərimizlə mübarizədə, erməni vandallarının viranəyə çevirdiyi Qarabağın dirçəldilməsi üçün aparılan geniş quruculuq işində, mədəni irsimizin qorunub saxlanmasında özünü qabarıq göstərir. 

Şairin bir əlində saz elləri mübarizə çağıran daş cismi sanki soydaşlarımızı Qərbi Azərbaycana, dədə-baba torpaqlarımiza səsləyən qəhrəmanlıq əsəridir. Əslində bu abidəni Qərbi Azərbaycana mədəni qayıdış kimi qiymətləndirmək lazımdır. 

Azərbaycan dövlətinin müasir hazırkı siyasəti tarix boyu qəsbkarlar tərəfindən mərhələli şəkildə parçalanmış tarixi ərazimizin bərpası istiqamətində aparılır. Bunun üçün xalqın birliyi və əzmkarlığı əsas şərtdir.

30 il erməni əsarətində qalmış Qarabağın azadlığı məhz birliyimizin və mübarizliyimizin sayəsində bu gün azad nəfəs alır. Gün gələcək Göyçə mahalı da Aşıq Ələsgər nəslinin davamçıları tərəfindən saz havasının ritmləri ilə nəfəs alacaq.

Artıq Ermənistanda da hesab edilir ki, Azərbaycan strateji hədəflərinə nail olacaq. 

Buvaxtadək erməni mənbələri yüksək pafoslu çox materiallar dərc edib, çağırışlarda bulunub. Məsələ burasındadır ki, əsrlər boyu hamilərinin siyasətinə uyğun olaraq erməni məktəblərində, elmində və digər araşdırmalarda “Böyük Ermənistan” xülyası elə bir səviyyədə yazılıb ki, artıq bu ölkədə bütün bu böhtan, yalan və saxtakarlıqlara inanan nəsil yetişib və Azərbaycanın torpaqlarının ermənilərə aid olması barədə bəsit təsəvvürlərə yiyələnib. 

İndi bu nəsil regionun lider dövlətinin liderindən bütün bunlarının əksi olan həqiqətləri eşidəndə heyrətə gəlirlər. Axır ki, Ermənistanda düşünməyə başlayıblar ki, Azərbaycandan səslənən bu fikirlərə diqqət etmək lazımdır. 

Çünki yaxşı bilirlər ki, deyilən sözlər atılmış boş gilizlər yox, döyüş başlıqlı mərmilərdir. Gün gələr, deyilən sözlər yerinə yetirilər və İrəvanın yiyəsi yurduna qayıdar.

Azad Vətən Partiyasının (AzVP) İnformasiya və Təhlil Mərkəzi

“Cebheinfo.az”

Seçilən
36
11
cebheinfo.az

10Mənbələr