Bakı, 7 oktyabr, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 33 tələbəsi Prezident təqaüdünə layiq görülüb. BANM Prezident təqaüdçülərinin sayına görə bu il də birinci oldu. Azərbaycan Prezidentinin “2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamına əsasən 102 tələbə bu təqaüdə layiq görülüb. Təqaüdçülərin üçdə birini BANM-in tələbələri təşkil edir.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Bildirilib ki, Prezident təqaüdçülərindən 9 nəfəri informasiya təhlükəsizliyi, 10 nəfəri kimya mühəndisliyi, 11 nəfəri biznesin idarə edilməsi, 2 nəfəri kompüter mühəndisliyi, 1 nəfəri isə kompüter elmləri ixtisaslarının tələbəsidir.
Beşinci dəfədir ki, Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkənin ali təhsil müəssisələri arasında birincidir.