AZ

Parisdə DƏFN EDİLƏN ERMƏNİ ÜMİDLƏRİ – TƏHLİL

Ermənistanın baş nazirinin Fransaya səfərindən sonra heç nəyin dəyişmədiyinin hər kəs şahidi oldu. Hər kəs şahidi oldu ki, erməni baş nazir Nikol Paşinyanın Parisə “səyahətinin” nəticələri haqqında danışmağa bircə dənə də olsa fakt, arqument yoxdur. Bir halda ki, həmin “səyahət” zamanı yeni heç nə müzakirə olunmayıb, Ermənistan və Fransa liderləri arasında əvvəllər müzakirə olunandan başqa heç nəyə toxunulmayıb, deməli, ermənilərin hansısa xırda ümidləri belə Parisdə dəfn edilib. Məhz Parisdə dəfn edilən erməni ümidləri Ermənistan cəmiyyəti üçün də ağrılı olub.

Fransa lideri Azərbaycanın qələbəsini özünün şəxsi fiaskosu hesab etməkdə haqlı idi

Əlbəttə, erməni cəmiyyəti nəyə isə ümid etməkdən öncə nəzərə almalı idi ki, 44 günlük müharibə dönəmində belə məsələyə qarışan Fransa heç nə ilə Ermənistana kömək edə bilmədi. Haylar nəzərə almalı idilər ki, sözügedən müharibədə Ermənistana kömək etmək, Azərbaycana təzyiq göstərmək üçün rəsmi Parisin bütün ciddi cəhdlərinə rəsmi Bakı məhəl belə qoymadı və mükəmməl bir qələbəyə, Zəfərə imza atdı, erməni baş naziri Nikol Paşinyanı da kapitulyasiya sənədinə imza atmağa məcbur etdi. Əslində, həmin o təslimçilik sənədinə təkcə Vovayeviçin deyil, həm də məntiqi nöqteyi nəzərdən Makronun da imza atmış olduğunun ermənilər fərqində olmalı idilər və əgər bunun fərqində olsaydılar, indi ümidləri bir daha Parisdə dəfn olunmazdı.

Xatırladaq ki, 44 günlük müharibənin məntiqi nəticəsi olaraq, kapitulyasiya sənədinin imzalanması zamanı Emannuel Makron da özünü məğlub olmuş hesab edirdi və yeganə haqlı olduğu məqam da bu idi. Çünki Ermənistanın mövqeyini dəstəkləməklə, Azərbaycanın ermənilər tərəfindən işğal altında saxlanılan torpaqlarının qaytarılmasına, işğaldan azad olunmasına qarşı Makron da mübarizə aparırdı və bu mübarizədə məğlub oldu. Ermənistanın silahlı birləşmələrinin qeyd-şərtsiz Azərbaycan ərazilərini tərk etmələrini özündə ehtiva edən dörd BMT qətnaməsinə qarşı çıxan Fransa lideri haqqın, ədalətin qələbəsi, bizim Zəfərimiz qarşısında məğlub duruma düşdü. Öz suverenliyini və ərazi bütövlüyünü tamamilə bərpa edən Azərbaycan qarşısında Makron aciz durumda qaldı. Bu baxımdan da cəsarətlə deyə bilərik ki, Fransa lideri Azərbaycanın qələbəsini özünün şəxsi fiaskosu hesab etməkdə haqlı idi.

İki məğlubun Parisdə görüşündən nə isə gözləməyə dəyməz

Diqqətə çatdıraq ki, Azərbaycanın hərbi-siyasi qələbəsinə qarşı durmağa çalışan iki əsas personaj, daha doğrusu “iki məğlub” Parisdə görüşüb. Özünü işgüzar səfərə gedən kimi göstərən erməni baş nazir Nikol Paşinyan böyük bacılarına, fransızlara, ələlxüsus da Makrona böyük ümidlər bəsləyərək Yelisey sarayına üz tutub. Amma qətiyyən nəzərə almayıb ki, özü kimi bir məğlubun görüşünə gedib və ona ümid etmək həmin ümidləri dəfn etmək deməkdir. Qətiyyən nəzərə almayıb ki, ən qızğın dövrdə, 44 günlük müharibə dönəmində belə əlindən heç nə gəlməyən və məğlubiyyətini, fiaskosunu etiraf edən biri onun “yarasına məlhəm” ola bilməzdi. Yaxud Nikol dərk edə bilməyib ki, Fransa lideri bu qədər müddət ərzində hansısa bir məsələyə cüzi də olsa təsir edə bilməyibsə, bundan sonra ona ümid bağlamaq axmaqlıqdır. Bir sözlə, erməni ümidlərini Makron kimi birinə bağlamaq, elə həmin ümidləri itirməklə eyni şeydir.

Onu da nəzərə almaq lazım idi ki, Fransa prezidentinin öz durumu da xoşagələn deyil. Vovayeviç bilməli idi ki, Makron hələ öz hayındadır və hələ də vəziyyətdən çıxmaq üçün çabalayır. Hər halda Fransanın apardığı müstəmləkəçilik siyasəti ilə bağlı ittihamlar, eləcə də ölkə daxilindəki gərginlik qarşısında aciz qalan Emmanuel Makronun öz həmvətənləri arasında dəstək səviyyəsinin kəskin şəkildə aşağı düşməsini də gərək Nikol nəzərə alardı. Nəzərə alardı ki, Fransa liderinin öz həmvətənləri arasında dəstək səviyyəsi onun dövlət başçısı olduğu 7 ildə ən aşağı səviyyəyə düşüb. Ən azından respondentlərin 75 faizinin məhz Makronun fəaliyyətindən narazı olduqlarını düşünməli idi erməni baş nazir və bilməli idi ki, Fransa prezidentinə dəstək ancaq Ermənistanda əvvəlki kimi qala bilər. Bir sözlə, Makronun öz kartını yandırması fonunda Nikolun nəyə ümidi ola bilərdi axı? Zərb məsəldə deyildiyi kimi, “yanığın nəyi var ki, yonuğa nə versin”? Yəni Makronun özünün olmayan reputasiyası sıfıra yaxınlaşmaqdadırsa, özünə umac ova bilmirsə, deməli, Paşinyan üçün də əriştə kəsə bilməz və bu atalar sözü də tamamilə yerinə düşür. Bir sözlə iki məğlubun Parisdə görüşündən nə isə gözləməyə dəyməz.

Fransaya, onun məğlub liderinə ümid etməyin boş və mənasız olduğunu öncədən dərk etmək lazım idi ki, erməni ümidləri Parisdə dəfn edilməsin...

Bütün dünya ictimaiyyəti müşahidə etdi ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdikdən sonra Fransa, şəxsən Makron özü və hakimiyyət komandası bütün imkanları ilə Ermənistana dəstək vermək üçün böyük cəhdlər göstərdi. Müşahidə edildi ki, Fransa məhz 30 ilə qədər Azərbaycan torpaqlarını işğal altında saxlayan bir ölkənin tərəfini saxladı. Yəni, rəsmi Paris işğalçının tərəfində oldu. Hər kəs gördü ki, Makron hakimiyyəti Azərbaycan ərazilərinin düz 20 faizini işğal altında saxlayanları dəstəklədi. Makron Fransası işğalçıya təkcə siyasi deyil, həm də maliyyə və hərbi dəstəyini daha da gücləndirməkdən çəkinmədi. Amma bütün dünya onun da şahidi oldu ki, bu qədər dəstəyin fonunda Fransa heç nə əldə edə, heç nəyə nail ola bilmədi. Deməli, Fransaya ümid etmək boş və mənasız imiş.

Fransa səfəri zamanı Nikol Paşinyanın nə vəziyyətdə olduğu da diqqətdən yayına bilməzdi. Vovayeviçin son ümidlə öz bacılarının üstünə getdiyi dərhal hiss olunurdu. Xüsusən də onun Makron qarşısında dayanması müəllim qarşısında dərsini bilməyən bir şagirdin duruşuna bənzəyirdi. Açıq-aşkar görünürdü ki, Azərbaycanla danışıqlar barədə Nikol öz ağasına hesabat verir və hansısa bir ümidlə də Makronun üzünə baxır, amma Fransa prezidentinin ifadələri belə ona zərrə qədər də ümid vermir. Axı bir məğluba digər bir məğlub hansı ümidi verə bilər? Maraqlıdır, bu reallığı Nikol Paşinyan Fransaya getməzdən öncə həqiqətən dərk edə bilmirdimi? Amma Fransaya, onun məğlub bir liderinə ümid etməyin boş və mənasız olduğunu öncədən dərk etmək lazım idi ki, erməni ümidləri Parisdə dəfn edilməsin...

Müəllif: İnam Hacıyev
Seçilən
198
50
sia.az

10Mənbələr