AZ

Paşinyan əvvəl Londonda, sonra Moskvada Əliyevlə görüşdən qaçdı...

Image

Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniyadan sonra bu dəfə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə görüşə cəsarət etməyib. 

Xatırladaq ki, Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya iki ölkənin liderləri arasında görüşün keçirilməsi təklifi ilə çıxış etmişdi. Qaydaya uyğun olaraq görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı ilə, sonra isə Azərbaycan və Ermənistan liderləri təkbətək görüşməli idilər. Amma Paşinyan görüşdən qaçdı. İndi eyni hal Rusiyada da təkrarlanıb.  

Rusiya prezidentinin siyasi məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərlə söhbətində Moskvanın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirmək istədiyinə işarə edib: “Yox, üçtərəfli görüşə hazırlıq olmayıb. Belə bir ideya olub, amma bir nəfər bu ideyanı dəstəkləməyib”. MDB sammiti çərçivəsində Rusiyanın vasitəçiliyi ilə danışıqların keçirilməsindən məhz Paşinyan imtina edib. Rusiya prezidenti Vladimir Putin Ermənistan və Azərbaycana sülh müqaviləsi danışıqlarında Rusiyanın köməyini avqust ayında Bakıya səfəri zamanı təklif etmişdi. Elə bundan sonra  Paşinyan bu təklifdən imtina etmiş və Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini demişdi. O, Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılmasını İrəvanın əngəlləməsinə dair Rusiya xarici işlər naziri Sergey Lavrovun tənqidini “tamamilə əsassız” adlandırmışdı. İrəvan Moskvanın vasitəçilik təklifindən bu ilin əvvəllərində də imtina etmişdi. Ermənistan yenə də Bakı ilə birbaşa danışıqlara və ya Qərbin vasitəçiliyinə üstünlük verdiyinə işarə etmişdi. Paşinyanın prezident İlham Əliyevlə son görüşü fevral ayında Almaniya kansleri Olaf Şolts tərəfindən təşkil olunmuşdu. Moskva Ermənistan və Azərbaycan arasında danışıqlara Qərbin vasitəçilik etmək cəhdlərini kəskin tənqid etmişdi. Bu arada MDB dövlət başçılarının sammiti əsnasında jurnalistlər prezident İlham Əliyevə və Nikol Paşinyana ayaqüstü sual verə biliblər: “Sülh müqaviləsi nə vaxt imzalanacaq?”. İlham Əliyev bu suala “hər şey razılaşdırılanda” cavabını verib. Nikol Paşinyan isə deyib: “Mən artıq öz təklifimizi irəli sürmüşəm. Düşünürəm ki, sülhü məhz indi imzalamaq üçün kifayət qədər razılaşdırılmış kontent var”. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov  vurğulayıb ki, ABŞ və bir sıra Qərb ölkələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi prosesinə müdaxilə etməyə cəhdlər göstərirlər: “Biz hesab edirik ki, bütün əsas iş Moskvada görülüb. Hazırda qərblilər danışıqlar prosesinə və bununla da regiona soxulmağa cəhd göstərirlər”. “Vedomosti” qəzeti yazır ki, Uşakov, habelə, Avropa İttifaqı müşahidə missiyasının Ermənistanda olmasından Moskvanın narazılığını bir daha dilə gətirib. Baş verənlərlə bağlı Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı yazır: “Ermənistan-Azərbaycan münaqişəsinin həlli MDB dövlət başçılarının Moskvada keçirilən sammiti çərçivəsində müzakirə olunan əsas mövzulardan birinə çevrilib. Eyni zamanda, Rusiya hakimiyyəti görüşdən əvvəl İrəvanı Cənubi Qafqazda öz təhlükəsizlik sistemlərinin zəif halqası hesab etdiklərini açıqladı. Xüsusilə, Kreml kollektiv Qərbin Qafqaz respublikaları arasında danışıqlar prosesinə öz inkişaf məntiqini tətbiq etmək cəhdlərindən narazıdır. “ABŞ və bir sıra digər Qərb ölkələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzərində işləmək prosesinə qoşulmağa çalışırlar. Biz hesab edirik ki, bütün ilkin işlər Moskvada görülüb və indi qərblilər sadəcə olaraq danışıqlar prosesinə qoşulmaq və bununla da regional işlərə və regionun özünə qarışmaq istəyirlər. Baxmayaraq ki, yumşaq desək, hətta Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqlarda iştirak edənlərin heç də hamısı Qərbin bu rolunu və danışıqlar prosesinə qoşulmaq cəhdlərini alqışlamır”, - Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

FTX rəhbəri Aleksandr Bortnikov daha radikal idi. “Amerikalılar və avropalılar açıq şəkildə Zaqafqaziyada sabitliyin yaradılmasında maraqlı deyillər. İrəvanı Bakı ilə danışıqları təxirə salmağa inandırmaqla Qərb Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və regionda öz “sülhməramlı” kontingentinin – de-yure BMT-nin, de-fakto isə BMT-nin himayəsi altında NATO-nun burada yerləşdirilməsinə nail olmağa çalışırlar”, - Bortnikov deyib. Görünür, ABŞ və Fransanı Ermənistanı dəstəklədiklərinə görə tənqid edən Azərbaycan rəhbəri İlham Əliyev Qərbin səylərini alqışlamır. “Bizə Qarabağın “müstəqilliyini” tanımağı təklif etdilər. Gəlin, bu gün Rusiya ilə Ukrayna arasında olan münaqişəyə baxaq. Qərb ölkələri, Fransa və ABŞ Ukraynanın ərazi bütövlüyünün təmin edilməsinin zəruri olduğunu bildirir. Onlar Ukraynanı bütün növ silahlarla təmin edirlər. Bəs niyə ərazimiz işğal olunanda özlərini başqa cür apardılar? Bir milyon insan evlərini tərk etmək məcburiyyətində qalanda bizə heç kim kömək etmədi. Niyə belə ikiüzlülük nümayiş etdirirlər? Biz bütün bu suallara cavab tələb edirik”, - deyə Əliyev oktyabrın 4-də bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan isə tamam başqa mövqedədir. O, Fransa prezidenti Emmanuel Makronla görüşüb və onunla söhbətində Parisin daimi dəstəyinin vacibliyini və İrəvanın ikitərəfli maraqların bütün sahələrini inkişaf etdirməyə yönəlmiş addımlar atmağa hazır olduğunu vurğulayıb. Öz növbəsində, Makron ölkələr arasında münasibətlərin ardıcıl inkişafına hazır olduğunu bəyan edib. Nə olsun ki, Paşinyan və Əliyev ad günündə Rusiya prezidenti Vladimir Putinlə nahar ediblər, ertəsi gün isə onunla ayrı-ayrılıqda danışıqlar aparıblar. Moskva onlar üçün hər cəhətdən son dərəcə vacib və güclü tərəfdaş olaraq qalır, onun maraqlarına məhəl qoymamaq olmaz. Rusiya lideri azərbaycanlı həmkarı ilə yaxşı və maraqlı infrastruktur və enerji layihələrini müzakirə edib. Erməni baş nazirlə isə  siyasi dialoqun, təhsilin intensivləşməsi və ölkələr arasında ticarət dövriyyəsinin artması barədə danışıb. Eyni zamanda, Uşakovun sözlərinə görə, Kremlin üçtərəfli görüş keçirmək ideyası var idi, lakin “bəziləri tərəfindən dəstəklənməyib”. Indi fikirlər səslənir ki, Bakı Qərb dövlətlərinin təzyiqləri fonunda Moskvaya yaxınlaşır. Bəllidir ki, Fransa Azərbaycana qarşı siyasət yürütməklə böyük səhvə yol verdi. Bakı ilə münasibətləri gərginləşdirməklə Cənubi Qafqazda öz maraqlarını gücləndirmək mümkün deyil. Eyni zamanda, Makron Fransa prezidenti seçilməzdən əvvəl bu ölkənin Azərbaycanla normal münasibətləri olub. İndi  ABŞ eyni səhvi təkrarlayır. Amerika Konqresinin Azərbaycan əleyhinə siyasəti və Nümayəndələr Palatasının regionun əsas ölkəsi olan Azərbaycana qarşı sanksiya tələbi artıq Bakı üçün Vaşinqton və Parisin eyni mövqedə olmasına gətirib çıxarıb. Bu arada Rusiya ikinci Qarabağ müharibəsində Azərbaycana müdaxilə etmədi, bunun sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edə bildi. Rusiya sülhməramlılarının Qarabağı vaxtından əvvəl tərk etməsi Bakıda müsbət qarşılanıb. Putinin Azərbaycana avqust səfəri iki ölkənin yaxınlaşmasına nümunə oldu. Rusiya və Azərbaycan hakimiyyətinin mövqelərinin yaxınlaşması Bakının İrəvanla danışıqlar çərçivəsində Moskvanın vasitəçilik xidmətlərinə ehtiyacı olması demək deyil. Əliyev erməni həmkarları ilə birbaşa dialoqda maraqlıdır.

Ermənistanın Strateji Tədqiqatlar və Təşəbbüslər üzrə Analitik Mərkəzinin rəhbəri Hayk Xalatyan isə əksinə, hesab edir ki, Bakı Moskvaya İrəvandan daha yaxın olmayıb. “Yeganə fərq ondan ibarətdir ki, Azərbaycan son vaxtlar açıq anti-Rusiya bəyanatlarından və addımlarından yayınır. Amma Bakı Türkiyənin hərbi-siyasi müttəfiqi olaraq qalır, o cümlədən silahlı qüvvələrini NATO standartlarına keçirməyə davam edir”, - Xalatyan bildirib. Eyni zamanda, o etiraf edir ki, İrəvanla Moskva arasında münasibətlər pisləşir: Ermənistan hakimiyyəti də ABŞ və Fransa ilə yaxınlaşmağa “stavka” edir”.

Tahir TAĞIYEV





Seçilən
29
50
baki-xeber.com

10Mənbələr