AZ

42 milyon manatlıq mənimsəmə ittihamı: Zahid Niftəliyevin məhkəməsi keçirilib

Müdafiə Nazirliyinin sabiq zabiti Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


News365.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyev sərbəst ifadə verib.


O bildirib ki Müdafiə Nazirliyində mülki işçi kimi xidmətdə olub. Zahid Niftəliyevin sözlərinə görə, baş qərargah rəisi Nəcməddin Sadıkov onu yanına çağırıb: "Dedi ki, onlara bir şirkət lazımdır, iş görəcəklər. Ona məndə qeydiyyatdan keçmiş hazır şirkətin olduğunu bildirdim. Dedi ki, vergilər naziri Fazil Məmmədovla danışmışam. Mən də fəxr etdim ki, dövlət üçün iş görürüləcək, bu işdə bir rolum olacaq. Buna görə də razılaşdım”.


Zahid Niftəliyev bildirib ki, daha sonra Vergilər Nazirliyinə gedib və nazirliyin işçisi Mahir Rəfiyevlə görüşüb: “Özümün qeydiyyatdan keçmiş şirkətimlə bağlı ona məlumat verdim. Mənə bildirdi ki, bu şirkət çoxdan açılıb, bunu istifadə edə bilmirlər. Sonra başqa bir şirkət açdım, növbəti dəfə Mahir Rəfiyevin yanına gəldim. Məni Mahir Rəfiyevin, - adı yadımdan çıxıb, - soyadı Əliyev olan işçisi qəbul etdi. Şirkətin sənədlərini ona verdim. Bundan sonra heç bir işlə məşğul olmadım. Mənim onlarla heç bir əlaqəm olmadı".


Təqsirləndirilən şəxs qeyd edib ki, şirkət açılanda ona sənəd lazım olub: "Məndən arayış istədilər. Dedim, mənə sağlamlıq haqqında arayış verilməyəcək, 2 dəfə psixiatriya xəstəxanasında müalicə almışam. Sənəd almadım, amma şirkətlə bağlı lisenziya verdilər".


Zahid Niftəliyev qeyd edib ki, Fazil Məmmədov işdən çıxarılandan sonra onu çağırıblar və kredit borcu olduğunu deyiblər: "Mən kredit borcum olmadığını bildirdim. Mən bu işlərə girəndə fikirləşirdim ki, millətim, dövlətim üçün iş görürəm. Bundan sonra bildim ki, başımın üstündən iş görüblər. 42 milyon manat kredit götürüblər. Bunu deyə bilmərəm ki, kim edib, bu pulu kim yeyib... Bu pulu Nəcməddin yeyib, yoxsa Fazil Məmmədov yeyib. Bunu mən deyə bilmirəm. Mən heç 40 manat da görməmişəm".


Daha sonra təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb. O bildirib ki, şirkətlərin adına götürülən pullarla bağlı heç bir xəbəri olmayıb. Dövlət ittihamçısı kreditlərin götürülməsi zamanı Zahid Niftəliyevin imzasının olması ilə bağlı suallar verib.


Zahid Niftəliyev bildirib ki, banka gedib, sənədlərə imza atıb, amma pulu onun özü götürməyib: "Mən orduda xidmət etmişəm. Bəzi işlər olub. Uzun-uzadı danışmaq istəmirəm. Mahir Rəfiyevin xidməti otağında olanda orada vəzifəli şəxslər əyləşmişdi. Düşündüm ki, böyük işlər görəcəklər".


Hakim Novruz Kərimov təqsirləndirilən şəxsin ifadəsini geniş və hərtərəfli verməsi üçün prosesin bundan sonrakı hissənin qapalı keçirilməsini təklif edib. Buna görə də Zahid Niftəliyevin həmin hissədə ifadəsinin qapalı iclasda dinlənilməsi barədə qərar qəbul edilib.

Prosesin bu hissəsi qapalı keçirilib.

Növbəti proses noyabrın 6-da davam edəcək.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.


Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edib.


Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq Ata Bank ASC-dən köçürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.


İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə Ata Bank ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.


O, götürülmüş kreditin ləğv prosesində olan Ata Bank ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.


Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.


Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Seçilən
50
50
news365.az

10Mənbələr