AZ

Erlinq Haland Didye Droqbaya çatdı

İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haland UEFA Çempionlar Liqasındakı qol sayında Didye Droqbaya çatıb.

Arena.az xəbər verir ki, 24 yaşlı hücumçu buna Çexiyanın “Sparta” (Praqa) kollektivinə qalib gəldikləri (5:0) ÇL-in Liqa mərhələsinin 3-cü turunun matçında dubl etməklə nail olub.

Norveçli forvard qitənin bir nömrəli klub turnirində vurduğu qolların sayını 44-ə çatdırıb. Haland cəmi 42 qarşılaşmada buna müvəffəq olubsa, Droqba 92 görüşdə 44 qolla yadda qalıb.

Yeri gəlmişkən, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Halandın “Sparta” ilə oyunda vurduğu qəribə qoldan danışıb.

Xatırladaq ki, 58-ci dəqiqədə norveçli qolçu inanılmaz sıçrayışla əks hərəkətdən ayağını çox yüksək qaldıraraq yuxarıdan aşağıya doğru akrobatik zərbə endirməyi bacarıb. Nəticədə top ot örtüyünə dəyib və yaxın küncdən qapıya daxil olub.

“Bu, inanılmazdır. O, çox hündürdür və çox çevikdir! Onun Dortmund “Borussiya”sı üçün oxşar qolunu xatırlayıram. Hansının daha yaxşı olduğunu bilmirəm!”, deyə Qvardiola vurğulayıb.

Qeyd edək ki, Haland cari mövsümdə Norveç millisində və klubunda ümumilikdə 16 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 12 oyuna çıxıb, 13 qol vurub. Erlinqin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 110 oyun, 103 qol, 14 məhsuldar ötürmə.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. Haland yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.

Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 37 oyuna 34 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu, Halandın dünyanın ən bahalı futbolçusu olduğu deməkdir.

Seçilən
62
3
arena.az

10Mənbələr