AZ

“Qızıl top”un təsisçisi heç vaxt jurnalistlərə kimə səs verməklə bağlı nəsə deməyib, deməz də” – niyə Vinisius yox, Rodri?

“France Football” nəşrinin məşhur “Qızıl top” mükafatı 2023/24 mövsümü üçün “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodriyə təqdim olundu.

Vinisiusun qalib sayılmalı olduğunu düşünən “Real” düşərgəsi isə Parisdə keçirilən təqdimat mərasiminə qatılmağı lazım bilmədi.

Bəs Vinisiusun yox, Rodrinin seçilməsi nə dərəcədə gözlənilən idi?

Sualı tanınmış idman jurnalisti Rasim Mövsümova ünvanladıq. Onun “Football-plus.az”a söylədikləri belə oldu:

“AÇ-2024-dən sonra “Qızıl top”a əsas namizədlər kimi İspaniya millisi ilə Avropa çempionu olmuş Rodri və “Real”la Çempionlar Liqasını qazanmış Vinisius Juniorun adları hallanırdı. Ona görə də nəticələrə təəccüblənməyə dəyməz. İspaniyalı seçildi, braziliyalı isə 2-ci oldu. Səsverməyə, nəticələrə kənar təsirdən söhbət gedə bilməz. “Qızıl top”un təsisçisi “France Football” jurnalı heç vaxt sorğuya qatılan jurnalistlərə kimə səs verməklə bağlı nəsə deməyib, deməz də. Eyni sözləri mükafatı himayəsinə götürən UEFA haqqında da söyləmək mümkündü. Düzdü, sentyabrda Rodrinin zədələnərək 2024/25 mövsümünün sonuna kimi sıradan çıxmasından, həmçinin “El Klasiko”dan əvvəlki üç oyunda 5 qol vurandan sonra Vinisiusun adını “Qızıl top”la daha çox hallandırırdılar. Amma xatırladım ki, bu mükafat təqvim ilinin yox, futbol mövsümünün nəticələrinə görə verilir. Yəni hazırkı “Qızıl top” üçün 2023/24 mövsümündəki çıxış nəzərə alınıb. Rodri də ötən mövsüm Avropa çempionu olmaqla bərabər turnirin ən yaxşı oyunçusu seçilib, həmçinin “Mançester Siti” ilə İngiltərə çempionluğunu qazanıb, Klublarası Dünya Çempionatının qalibi və ən yaxşı oyunçusu olub. Bu üzdən də onun “Qızıl top”u qazanmasını gözlənilməz və sensasiya saymaq olmaz”.


RÖYANƏ OĞUZ
Seçilən
72
34
football-plus.az

10Mənbələr