Gürcüstanda hakimiyyət çevrilişinə cəhdin məqsədi Cənubi Qafqazda Ermənistan kimi daha bir marionetka ölkəyə sahib olmaqdır
Gürcüstanda keçirilən 26 oktyabr parlament seçkiləri iqtidardakı «Gürcü Arzusu-Demokratik Gürcüstan» Partiyasının qələbəsi ilə başa çatsa da müxalifət seçkinin nəticələrini tanımadığını bildirir və gürcü xalqını etiraz mitinqlərinə səsləyir. Xüsusilə də bu mitinqlərin təşkilatçısı rolunda ölkənin Prezidenti Salome Zurabişvili çıxış edir.
Bəs niyə məhz Zurabişvili? Ona görə ki, bu xanım Prezident bir xeyli müddət Fransa vətəndaşı kimi o ölkədə siyasətlə məşğul olub. Lakin ötən illərdə birdən - birə Gürcüstana gəlib buradakı seçkilərdə iştirak edərək Prezident seçilir. Gürcüstanın siyasi analitikləri hesab edirlər ki, bu gün Zurabaşvili ilə Fransanın ideoloji- siyasi birlik bağları mövcuddur və məhz Gürcüstandakı «məxməri inqilab»a hərtərəfli dəstək verən Fransa öz kirli əməllərini bu xanım siyasətçinin əli ilə həyata keçirmək istəyir. Lakin «Gürcü Arzusu-Demokratik Gürcüstan» Partiyasının qələbəsi Fransanın bu niyyətini pozmuş oldu. Əslində Fransanın Gürcüstanda özünün istədiyi hakimiyyəti qurmağa çalışması, Cənubi Qafqazda ona Ermənistan kimi itaət edən ikinci bir ölkə görməkdir.
Bu gün Gürcüstanda keçirilmiş növbəti parlament seçkilərini birmənalı Cənubi Qafqazın gələcək taleyində önəmli təsirə malik geopolitik faktor hesab etmək olar. Belə yanaşmanın kifayət qədər ciddi səbəbləri də mövcuddur. Çünki dünya nəhəngləri Gürcüstandakı seçkiləri də geopolitik mübarizənin predmetinə çevirməyə nail olmuşdular. Xüsusilə Cənubi Qafqazda maraqları olan bəzi dövlətlər Gürcüstanda özlərinə daha loyal hakimiyyətin formalaşdırılmasına cəhd göstərirdilər.
Bu gün digər maraqlı məqam Gürcüstan hakimiyyətinin müxalifətin etiraz aksiyalarına necə reaksiya verməsidir. Son illərin siyasi mənzərəsi onu deməyə əsas verir ki, rəsmi Tbilisini aksiyalarla öz yolundan döndərmək mümkün deyildir. Çünki bu il «Xarici təsirin şəffaflığı haqqında» qanunun qəbul edilməsinə qarşı da müxalifətin davamlı etiraz aksiyaları keçirilmişdi. Ancaq sonda hakimiyyət irəli sürdüyü qanun layihəsinin qəbuluna nail oldu. İndi idə iqtidar partiyası öz haqlı mövqeyindən dönmək niyyətində deyildir. Bir sözlə, güman edilir ki, müxalifətin mübaizəsi alınmazsa Qərbin yeni parlament və hökumətlə əməkdaşlıq etməkdən başqa yolu olmayacaq.
«Gürcü Arzusu»nun qələbəsi Fransa Prezidenti Emmanuel Makronun planlarını pozdu. Çünki Fransaya bağlılığı şübhə doğurmayan Prezident Salome Zurabişvilinin liderliyi altında gürcü müxalifətinin hakimiyyətə gətirilməsi onun əsas hədəfi idi. Ermənistanı özünün siyasi müstəmləkəsinə çevirmiş Fransanın Gürcüstana da nəzarəti ələ keçirtmək istəyi Cənubi Qafqazda mövqelərini möhkəmləndirməklə Azərbaycanı təkləməkdir.
Ən dəhşətlisi isə Avropa ölkələrinin bu gün də, postseçki dövründə Gürcüstan hakimiyyətini təhdid etmələridir. Məlumdur ki, Qərb seçkilərdə pozuntu və qüsur aşkar edə bilməyib. Xüsusilə seçkiləri müşahidə edən ATƏT nümayəndələri də seçki prosesində seçkinin nəticəsini dəyişə biləcək ciddi pozuntulara rast gəlmədiklərini bildiriblər. Hətta bununla belə, Gürcüstan hakimiyyəti göstəriş veribdir ki, seçkinin şəffaflığına zərər vuran faktlar varsa araşdırılsın və günahkarlar cəzalandırılsın.
Bütün bunlara rəğmən həm ABŞ, həm də Avropa ölkələri bütün vasitələrdən istifadə etməklə bu ölkədə zorla hakimiyyət dəyişikliyini həyata keçirmək istəyir. Məsələn, ABŞ-ın Dövlət katibi Antoni Blinken və Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel, Böyük Britaniya XİN-i seçkilərdəki pozuntuları araşdırmağa çağırıblar. İfadəyə diqqət edin, qüsurları yox pozuntuları… Bu, əslində ona işarədir ki, seçkilərin nəticələrini tanımayacağıq. Hətta ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller daha dərinə gedərək Gürcüstanı hədələyib: «Gürcüstan öz siyasi kursunu dəyişməsə, ölkəni ciddi nəticələr gözləyir.» Daha bir avantürist avropalı Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad bildirib ki, guya Gürcüstandakı seçki prosesində seçicilərə qarşı təzyiq, hədə-qorxu və təhdidlər olub. Bundan başqa, Kanada seçkilərin nəticələrinə görə Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxmaq niyyətində olduğunu bildirib. Həmçinin Qərbin Estoniya, Litva, Latviya kimi «sözçü»ləri də əllərində seçkilərin saxtalaşdırılmasına dair heç bir fakt olmadığı halda Gürcüstana qarşı əsl siyasi savaş açıblar.
Məhz burada deyirlər ki, mərdi qova- qova namərd etmək… Eyni zamanda, axı onlara kim icazə verib ki, suveren bir dövlətin daxili işlərinə qarışsınlar. Təbii ki, Qərbin məqsədi Cənubi Qafqazda Ermənistanın ardınca Gürcüstanda da marionet hökumət formalaşdırmaq, ölkəni ekspansiya platformasına, Qərb-Rusiya qarşıdurması məkanına çevirməkdir. Amma bu plan baş tutmadı və tutmayacaq da…
Bundan əvvəl Moldovada seçkilərin nəticələri faktiki olaraq saxtalaşdırıldı ki, bu antidemokratikliyin arxasında ABŞ və Fransa dayanırdı. Gürcüstanda isə alınmadı. Gürcü xalqı və orada yaşayan azərbaycanlılar da daxil olmaqla buna imkan vermədilər. Biz ötən yazılarımızda da bildirmişdik ki, gürcü xalqının Qərbə olan inamı itib. Ona görə ki, hələ 2008-ci ilin avqustunda Rusiya- Gürcüstan qarşıdurması Rusiyanın bu ölkəyə qoşun yeritməsi ilə nəticələndi. Hətta rus qoşunları Tbilisinin 25 kilometrliyinə qədər gəlmişdi. Həmin dövrdə Saakaşvili Qərbin adamı kimi tanınırdı və onun əsas məqsədi Abxaziya və Cənubi Osetiyada separatçı rejimi ləğv edərək ölkənin ərazi bütövlüyünü bərpa etmək idi. Lakin bu yolda yanlış və tələsik addımlar atmaqla özünü və ölkəsini fəlakətə sürüklədi. Hətta bu məsələdə Qərb onu hərbi -siyasi cəhətdən dəstəkləyəcəyini vəd etsə də sonralar sözünü tutmadı. Nəticədə hər iki separatçı «respublika» Gürcüstanın idarəçiliyindən çıxdı və sonradan Rusiya onların müstəqilliyini tanıdı.
Həmin dövrdən başlayaraq gürcü xalqı Qərbə olan inamını itirdi və keçmiş Prezident Saakaşvilini avantüraya yol verməkdə qınadı. Gürcülər iddia edirlər ki, əgər Qərb həqiqətən Gürcüstanın maraqlarını qorumuş olsaydı Abxaziya və Cənubi Osetiya məsələsi bu qədər uzanmazdı. Qərb siyasətini əsasən vədlər üzərində qurur. Gürcü xalqı bunu yaxşı bilir və Qərbə o qədər də inanmır. Qərb isə Gürcüstanda hakimiyyətin yenilənməsini və onların köləsi olacaq bir hakimiyyətin olmasını istəyir. Bu isə onu göstərir ki, beynəlxalq hüquqda dövlətlərin daxili işlərinə müdaxiləni qadağan edən prinsiplərin olmasına baxmayaraq, Qərb uzun müddətdir «demokratiya» və «insan haqları» adı altında bəzi ölkələrin daxili işlərinə açıq şəkildə müdaxilə edir. İşğalın və təcavüzün yeni üsulları kimi tətbiq edilən bu yanaşmalar, adətən, seçki dövrlərində, xüsusən də parlament seçkiləri zamanı daha da güclənir. Yəni, ABŞ və digər qlobal aktorlar həssas siyasi vəziyyətlərdən istifadə edərək öz maraqlarını həyata keçirməyə çalışırlar. Məlumdur ki, illər öncə Gürcüstanda «məxməri» inqilabdan sonra Qərb ölkədə mövqeyini möhkəmləndirib və qeyri-hökumət təşkilatları vasitəsilə həm cəmiyyətə, həm də dövlət idarəetməsinə ciddi təsir imkanları əldə edib. Bu da Qərb dövlətlərinə, xüsusən ABŞ-a Gürcüstanın daxili məsələlərinə müdaxilə etmək və hökumətin qərar qəbuluna təsir göstərmək imkanı verir.
Burada digər bir önəmli məqama da diqqət yetirmək lazımdır ki, Gürcüstandakı mövcud hakimiyyətin xarici siyasət kursu Rusiya, Türkiyə və Azərbaycanı tamamilə qane edirdi. Ona görə də ABŞ başda olmaqla Avropa ölkələri bu tendensiyadan ciddi narahat olurlar. Eyni zamanda, Ermənistan siyasi dairələri də Gürcüstanda iqtidar partiyasının qələbə çalmasından narahatdır. Çünki haylar Gürcüstanın da Qərbə inteqrasiya prosesində Ermənistana qatılmasında maraqlıdırlar. Axı, bu, Fransa kimi ermənipərəst bir dövlətin həm də Güncüstanda möhkəmlənməsi demək idi. Bu plan da reallaşmadı. Bununla da həm Qərbin, həm də onun əlaltısı olan Ermənistanın Cənubi Qafqazda Azərbaycanı təkləmək planları iflasa uğradı.
Elçin Zaman, «İki sahil»