AZ

İki ildən sonra Bakı bulvarında gəmi gəzintisi bərpa edilib

“Bakı bulvarında gəmi gəzintisi iki ildən sonra bərpa edilib. “Mirvari” gəmisində səyahət müddəti 35-40 dəqiqə təşkil edir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.

O bildirib ki, insanların gəmiyə olan marağını, uzun müddət fəaliyyətində yaranan fasiləni nəzərə alaraq və gəminin istismarı ilə bağlı xərclərin artmasına baxmayaraq Dənizkənarı Bulvar İdarəsi qiymətləri əvvəlki kimi saxlayıb.

“Qiymətlər gəmidə yerə və mərtəbəyə görə müəyyən edilir və 5-10 manat aralığında dəyişir. Bu qiymətlər 2015-ci ildə müəyyənləşdirilib. Həmçinin 6 yaşına qədər uşaqlar üçün gəmidə gəzinti tam ödənişsizdir”,- deyə o vurğulayıb.

Qeyd edək ki, dəniz suyunun səviyyəsinin aşağı enməsi ilə əlaqədar Bakı bulvarında 2022-ci ildən gəmi gəzintisinə fasilə verilmişdi. İlin əvvəlindən batimetriya (dənizin dərinliyinin ölçülməsi) işləri aparılıb, nəticədə gəminin rahat və təhlükəsiz hərəkəti üçün yeni marşrut xətti müəyyənləşdirilib. 2022-ci ilə qədər Milli Parkda gəmilər “Sadko” körpüsünün yanından hərəkət edirdisə, yeni marşrut xəttinə əsasən, Dəniz Vağzalının qarşısındakı körpüdən hərəkət edəcək. Dənizin bu hissəsindəki dərinlik gəminin rahat və təhlükəsiz hərəkəti üçün imkan verir.

Gəmidə mühafizəni Su Nəqliyyatında Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti təmin edir.

Seçilən
41
9
yeniazerbaycan.com

10Mənbələr