AZ

ABŞ üçün taleyüklü gün - superdövlət bu həftə qarışa bilər

Bu gün bir nömrəli ölkə öz prezidentini seçir və iğtişaş gözləntisinə görə Milli Qvardiya hazır vəziyyətə gətirilib; son sorğuda Trampla Harrisin səsləri bərabərdir - bəs bizə hansı zərfəlidir? 

Bu gün - noyabrın 5-də ABŞ tarixində bəlkə də ən kritik, ən qalmaqallı prezident seçkisi keçiriləcək. Dünyanın 1 nömrəli dövləti növbəti 4 illiyə özünə yeni rəhbər müəyyən etməlidir. Səsvermə gününə rəqiblər hansı şanslarla gəlib çıxıb? 

Ola bilərmi 2016-cı ildəki kimi Donald Tramp rəqibindən (o vaxt Hillari Klinton idi) az səs toplasın, lakin qalib elan edilsin? Respublikaçı namizəd Tramp artıq bir neçə dəfə bəyan edib ki, əgər o, qalib olmasa, seçkiləri legitim saymayacaq. Bu o deməkdir ki, o halda ölkədə vətəndaş qarşıdurması, siyasi qütbləşmə qaçılmaz olacaq? Özünü “demokratiya beşiyi” sayan ölkə seçkisonrası siyasi kataklizmləri önləyə biləcəkmi? Azərbaycana hansı namizədin qələbəsi daha sərfdir? Nəhayət, Rusiya yaranmış qarışıqlıqlardan necə faydalana bilər - postsovet məkanında, Ukraynada, Cənubi Qafqazda?

Onu da qeyd edək ki, səsvermə gününə bir neçə gün qalmış 70 milyondan çox ABŞ vətəndaşı özünün erkən səsvermə hüququndan istifadə edib. Bu, ölkənin 168 milyon seçicisinin təxminən 42%-dir. Tramp isə erkən səsvermə zamanı saxtakarlıq baş verdiyini bildirib. Bu arada Demokratlar Partiyasının səslərin hesablanması başa çatmamış Trampın öz qələbəsini elan edəcəyi təqdirdə əks-plan hazırladığı bəlli olub. Bu barədə “Reuters” partiyanın adı açıqlanmayan altı nümayəndəsinə istinadla məlumat yayıb. Bildirilir ki, Kamala Harrisin qərargahı Trampın öz qələbəsini noyabrın 5-i axşam, yəni seçki günü elan edəcəyini gözləyir. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Trampın “planını” pozmaq üçün demokratlar önləyici strategiya hazırlayıblar. Bütün bunlar nəyin xəbərçisidir? Onu da qeyd edək ki, noyabrın 5-də Konqresə də seçkilər keçiriləcək. 

NBC-nin keçirdiyi son sorğuda namizədlərin eyni səs aldıqları üzə çıxıb. Tramp kişilər arasında daha populyardır - 58% onu dəstəkləyir, cəmi 40% Harrisə səs verəcəyini bildirib. Qadınlar arasında isə Harris 57%, Tramp 41% səs toplayıb. Qaradərili seçicilər böyük çoxluqla Harrisin tərəfindədir - 87%; Tramp isə qaradərililərin cəmi 9%-dən müsbət cavab alıb. Harris həmçinin 30 yaşdan kiçik seçicilər (57%; Tramp - 41%) və ağdərili kollec təhsilli seçicilər arasında (55%; Tramp 43%) Trampdan öndədir. Tramp isə əyalət seçiciləri (75%; Harris 23%), ağdərili seçicilər (56%; Harris 42%) və kollec diplomu olmayan ağdərili seçicilər (64%; Harris 34%) arasında liderlik edir.

Bundan əlavə, seçkilər zamanı iğtişaş riski ilə əlaqədar bir neçə Amerika ştatında Milli Qvardiya yüksək hazırlıq vəziyyətinə gətirilib. CNN telekanalı məlumat yayıb. Vaşinqton və Oreqon ştatlarında səsvermə qutularının yandırılması yüzlərlə bülletenin zədələnməsinə səbəb olub. Bu ştatların qubernatorları əmin ediblər ki, qvardiya seçicilərin təhlükəsizliyini təmin etmək üçün hüquq-mühafizə orqanlarına dəstək verəcək. Vaşinqton qubernatoru Cey İnsli seçkilərdə təhlükəsizliyə təhdidlərin yüksək olaraq qaldığını və iqtidarın mümkün iğtişaşlara hazır olduğunu bildirib. Oxşar tədbirlər Oreqonda da görülüb, burada qubernator Tina Kotek təhlükəsiz səsvermənin vacibliyini vurğulayıb və dinc etirazlara çağırış edib. Ötən həftə Nevada qubernatoru Co Lombardo da Milli Qvardiyanın 60 hərbçisinin seçkilərin təhlükəsiz və sakit keçirilməsini təmin etmək üçün hazır vəziyyətdə olduğunu elan edib. Bundan əvvəl Vaşinqton ştatının Milli Qvardiyasının prezident seçkiləri dövründə yerli hüquq-mühafizə orqanlarına təhlükəsizliyin qorunmasında kömək edəcəyi bildirilmişdi.

Prezidentdən

 Qabil Hüseynli

“Yeni Müsavat”a danışan professor Qabil Hüseynli kritik bir seçki olacağını gözləyir. Onun dediyinə görə, bu seçkilərin nəticələri təkcə ABŞ-ın ictimai-siyasi və iqtisadi həyatına deyil, Ukrayna böhranından tutmuş Yaxın Şərqə, Cənubi Qafqazdan Mərkəzi Asiyaya, Avropa Birliyinin fəaliyyətindən İranadək təsir edəcək. Professor hesab edir ki, Demokrat namizəd qalib gələcəksə, Ukraynaya dəstək ən azı bu səviyyədə saxlanacaq, Trampın dövründə isə Kiyevin işi çətinləşə bilər: “Yenə də yardımlar olacaq, amma zəifləyə bilər, logistikada ləngimələr mümkündür. Amma Trampın İsrailə dəstəyi indikindən daha güclü olacaq. Nəzərə alsaq ki, o bir biznesmendir, deməli, proseslərə merkantil maraqlardan yanaşacaq. Bütövlükdə isə Birləşmiş Ştatların vahid geopolitik siyasətinə fundamental dəyişikliklər olmayacaq. Çünki "dərin dövlət" var və hər şey Trampdan, ya da Harrisdən asılı deyil". 

Q.Hüseynli istisna etmir ki, ABŞ tarixində ilk qadın prezident ola bilər, hərgah, səslər bərabər səviyyədədir: “Amma Kamala Harris Obamadan sonra növbəti presedent yarada bilər - qaradərili qadın prezident. Hər halda, biz çox gərgin bir seçki prosesini izləyəcəyik. Azərbaycan üçün əlamətdar bir hadisədir. Bayden dövründə tamamilə bir ermənipərəst administrasiya ilə üz-üzə qaldıq. Harrisin bu xətti davam etdirəcəyini gözləyirəm, amma Azərbaycanla münasibətləri pisləşdirməkdə maraqlı olduğunu düşünmürəm. Ona qalsa, Tramp da "erməni səsi" almaq üçün sona yaxın bəyanatlar verdi. Azərbaycan kimin seçilməsindən asılı olmayaraq, ABŞ-la münasibətlərini inkişaf etdirməlidir".

Asif

Asif Nərimanlı

Siyasi icmalçı Asif Nərimanlının sözlərinə görə, Prezidentin kim olması xarici siyasətdə ABŞ maraqlarının təmin edilməsi prioritetini dəyişdirmir, fərq hansı metodlardan istifadə edilməsi və hansı tərəflərlə işləməkdədir: “Bu kontekstdə Azərbaycan üçün Tramp və Harrisin - respublikaçılarla demokratların yanaşması əsasdır, xüsusilə Ermənistana və erməni diasporu-lobbisinə olan münasibət fonunda. Trampın Qarabağdan gedən ermənilərlə bağlı "120 min xristian dəhşətli şəkildə təqib edilib" açıqlaması bu obrazla bağlı fikirləri qarışdırdı, hərçənd bunun daha çox seçki mübarizəsinin elementi olduğu aydın görünür. Bu, həm ABŞ-da əsasən demokratların namizədini dəstəkləyən erməni icmasının səsinə “elçi” düşmək, həm də Harrisin səslərini azaltmaq üçün xristianlıq kartından istifadə etməyə hesablanıb. Trampın seçiləcəyi təqdirdə, erməni maraqlarını prioritet tutacağını isə demək çətindir. 2017-2021-ci illərdə - Trampın prezidentliyi dövründə ABŞ-da erməni diasporu-lobbisinin çətin vəziyyətə düşməsi də bu fikri gücləndirir".

Analitik hesab edir ki, Trampın gəlişindən dərhal sonra “Qarabağdakı separatçılara” mina təmizləmə adı altında ayrılan maliyyə ilə bağlı tədqiqat başlanılmışdı, daha sonra separatçılara ayrılan maliyyə vəsaitinin ixtisar edilməsi haqda qərar qəbul olundu: “Seçki mübarizəsində erməni diasporunun Trampa qarşı çıxması da bundan qaynaqlanır. Trampın prezidentliyi dövründə Azərbaycanla münasibətlər normal məcrada davam etdiyi halda Baydenin gəlişindən sonra dalğalı oldu, xüsusilə Xankəndidə separatizmin ləğvinə aparan proses və antiterror tədbirləri zamanı demokratların erməni maraqlarının müdafiəsi məqsədilə Azərbaycana hücumları fonunda. Ağ Evdə mövcud administrasiyanın Cənubi Qafqazda Ermənistanı platforma kimi görməsi də maraqlarının təmin edilməsində hansı tərəfi seçdiyinin nümunəsidir”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Seçilən
76
18
musavat.com

10Mənbələr