AZ

Azərbaycan-İran birgə hərbi təlimlərinin keçirilməsində məqsəd nədir? - AÇIQLAMA

İran və Azərbaycan birgə hərbi təlimlərə başlayıblar. Belə ki, İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz - 2024" birgə taktiki təlimi keçirilib.

 

Maraqlıdır, birgə hərbi təlimlərin keçirilməsində məqsəd nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycanın İranla qısa müddət ərzində həm dənizdə, həm də quruda birgə hərbi təlimlərinin iki hədəfi var:

 

“Birinci məqsədimiz bu təlimlər vasitəsilə iki ölkə arasındakı sərhəddə narkotik qaçaqmalçılığının qarşısının alınmasıdır. Bundan ən çox əziyyət çəkən Azərbaycandır. Ölkəmizdən İran ərazisinə narkotik keçirilməsi faktı yoxdur. İran ərazisindən gizli yollarla Azərbaycan ərazisinə on kiloqramlarla narkotik vasitələr keçirilməyə çalışılır. Narkotik daşıyanlarla Azərbaycan sərhədçiləri arasında atışmalar nəticəsində hərbçilərimiz həlak olub, yaralananlar var. Buna görə də birgə hərbi təlimlər sərhəddə təhlükəsizliyin artırılmasına xidmət etməlidir”.

 

Onun sözlərinə görə, Azərbaycanın İranla birgə hərbi təlimlərinin siyasi əhəmiyyəti də var:

 

“İrandakı siyasi, dini və hərbi dairələr Azərbaycanı İsraillə hərbi əməkdaşlığı genişləndirməkdə ittiham edirlər. Halbuki, Azərbaycanın İsraillə əməkdaşlığı İrana qarşı yönəlməyib. Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə il ərzində keçirdiyi hərbi təlimlərdən də narahat olanlar var. Azərbaycan İranla birgə hərbi təlimlər keçirməklə Azərbaycandan qonşu ölkəyə təhdid olmayacağını Tehrana anlatmağa çalışır. Tehranda anlamalıdırlar ki, Azərbaycan Türkiyə, İsrail və NATO ilə hərbi əməkdaşlıqdan imtina etməyəcək. Misal üçün Azərbaycan silahlı qüvvələri İran silahlı qüvvələri ilə birgə təlimlər keçirərkən, NATO nümayəndə heyəti Bakıda idi. Bakıda Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Görüşlərdə NATO ilə əməkdaşlığın əsas hüquqi bazası hesab olunan “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” (ITPP) layihəsində göstərilən öhdəliklərin icrası ilə bağlı cari vəziyyət və beynəlxalq təhlükəsizlik missiyalarında hərbi qulluqçularımızın iştirakı barədə danışılıb. Azərbaycan NATO-ya üzv olmaq istəmir, ancaq ordumuzun daha da modernləşdirilməsi baxımdan Şimali Atlantika Blokunun müxtəlif proqramlarında iştirak ölkəmiz üçün əvvəlkitək faydalıdır”.

 

Firuzə Əliyeva

Seçilən
21
6
sfera.az

8Mənbələr