AZ

Nicat İmanov: "Vergi güzəştləri Naxçıvan rezidentlərinə də tətbiq ediləcək"

İşğaldan azad olunmuş ərazilər üçün nəzərdə tutulmuş vergi güzəştlərinin Naxçıvan rezidentlərinə də tətbiq edilməsi nəzərdə tutulur.

“Naxçıvan xəbərləri”nin məlumatına görə, bunuİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Naxçıvanda “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Görüş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası, eyni zamanda dövlət-biznes dialoq platformasının növbəti mərhələsi çərçivəsində baş tutub. Sosial-iqtisadi inkişafı dəstəkləyən, əverişli biznes mühiti prioritetindən irəli gələrək, vergi və digər dövlət dəstək tədbirləri haqqında müzakirələr aparılıb.

"Bu gün hədəf baxışlarımız və təklif etdiyimiz yeni layihənin elementlərini sahibkarlar, dövlət qurumlarının nümayəndələri, eyni zamanda media nümayəndələri ilə bölüşdük. Hazırki müzakirə məhz vergi güzəştləri ilə bağlıdır. Vergi güzəştləri Naxçıvan rezidentlərinə münasibətdə də tətbiq ediləcək. Kimdir Naxçıvan rezidenti? Muxtar respublikada qeydiyyata alınan, orada fəaliyyət göstərən sahibkarlıq subyekti. Bu gün təklif etdiyimiz və danışdığımız mövzuda maliyyə institutları istisna olmaqla, real sektorun iştirakçıları, yəni ticarətçilər, istehsalçılar, xidmət sahəsində fəaliyyət göstərən şirkətlər və digərləri üçün mənfəət, gəlir, əmlak, torpaq vergiləri üzrə tam həcmdə 10 il müddətində vergidən azad olunma təklif edilir. Eyni zamanda sahibkarlıq subyektlərinin idxal etdikləri texnika, texnoloji avadanlıqların idxalının əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulur”, - deyə N.İmanov qeyd edib.

O, həmçinin deyib ki, bütövlükdə əsas məqsəd məhz Naxçıvan Muxtar Respublikasının mövcud və sonradan yeni yaranacaq vergi ödəyicilərinə vergi güzəştləri verməklə onlar üçün əlverişli vergi mühitini təmin etmək, biznes subyektlərinin mənfəətliliyinə şərait yaratmaq, yəni vergi yolu ilə dəstək verməkdir: "Eyni zamanda biznes subyektlərinin sahibkarlıq fəaliyyətini inkişaf etdirməklə onların ümumi iqtisadi sferaya inteqrasiyasını tam təmin etmək, məşğulluğu təmin etmək, əhalinin rifahının, maddi vəziyyətinin yaxşılaşdırılmasına imkan yaratmaq qarşıya qoyulan məqsəddir. Layihələr Prezidentin səlahiyyətli nümayəndəsinin və Naxçıvan hökumətinin təklifləri əsasında, eyni zamanda dövlət qurumları ilə müzakirə edilərək, qarşılıqlı olaraq razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. İcrası növbəti il üçün gözlənilir. Təbii ki, proses müzakirədədir”.

Seçilən
45
1
vergiler.az

3Mənbələr