Dünya Bankının Direktorlar Şürası Türkiyənin elektrik dəmir yolu nəqliyyatını inkişaf etdirmək səylərini dəstəkləmək üçün 660 milyon ABŞ dolları məbləğində maliyyə dəstəyini təsdiqləyib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report” bankın məlumatına istinadən xəbər verir.
Kreditin ayrılması ilə bağlı qərar dekabrın 5-də qəbul edilib. Vəsait Türkiyənin şərqində, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) bir hissəsi olan Divriği-Qars hissəsində dəmir yolu bağlantısının yaxşılaşdırılmasına yönəldiləcək.
Layihə dizel qatarlarının elektrik qatarları ilə dəyişdirilməsini və Sivasın Divriği ilçəsi ilə Gürcüstanla sərhəddə yerləşən Qars arasındakı 660 kilometrlik dəmir yolunun tam elektrikləşdirilməsini və modernləşdirilməsini nəzərdə tutur. Layihə dörd əyaləti - Sivas, Ərzincan, Ərzurum və Qarsı birləşdirəcək və marşrut boyunca təxminən 600 min sakinə fayda verəcək. O, həmçinin yerli biznes və kənd təsərrüfatı müəssisələrinə əhəmiyyətli dəstək vermək məqsədi daşıyır.
“Layihə başa çatdıqdan sonra dəmir yolu ilə yükdaşıma qabiliyyəti ildə təqribən 750 min tondan 20 milyon tona yüksələcək ki, bu da TBNM-dəki əsas dar boğazı aradan qaldıracaq”, - məlumatda deyilir.
Həmçinin layihənin 2030-cu ilə qədər ildə 72 332 ton karbon emissiyasının qarşısını alacağı gözlənilir ki, bu rəqəmin 2060-cı ilə qədər ildə 245 835 tona yüksələcəyi proqnozlaşdırılır.
Layihənin ümumi dəyəri 800 milyon ABŞ dolları həcmində qiymətləndirilir.
Qeyd edək ki, Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyədən keçən və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat marşrutudur. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.