AZ

"Sumqayıt" azarkeşləri Samir Abasovdan üzr istədilər

Misli Premyer Liqasının 16-cı turunun "Sumqayıt" - "Neftçi" oyununda bakılıların baş məşqçisi Samir Abasovu təhqir edən yerli azarkeşlər ondan üzr istəyiblər.

Fanat.Az xəbər verir ki, matçboyu "ağ-qaralar"ın baş məşqçisinin ünvanına təhqiramiz ifadələr səsləndirən meydan sahiblərinin azarkeş qruplarından olan "Ultras Sumqayıt" bu gün bəyanat yayıb.

Fanklub bəyanatda belə üzrxahlıq edib:

"Sumqayıt" - "Neftçi" matçından öncə mətbuatda Samir Abasovun klubdan gedişi ilə bağlı xoşagəlməz fikirlər yayılmışdı. Onun komandanı çətin vəziyyətdə qoyub, pula görə "Neftçi"ni seçdiyi bildirilirdi. Bu, oyun zamanı çalışdırıcının ünvanına təhqiramiz ifadələr səsləndirməyimizə gətirib çıxardı. Qarşılaşmadan sonra hər şeyi aydınlaşdırdıq. Müəyyən oldu ki, Abasovun "Sumqayıt"dan ayrılmasında heç bir günahı yoxdur. Biz məsələni yanlış anlamışıq. Bu səbəbdən mütəxəssisdən və ailəsindən üzr istəyirik".

Xatırladaq ki, Abasov "Neftçi"yə oktyabrda elə məhz "Sumqayıt"dan keçib. 

"Sumqayıt" - "Neftçi" görüşü "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə nəticələnib - 2:0.

Seçilən
45
2
fanat.az

8Mənbələr