AZ

Türkiyə Suriyada hakim mövqeyə yüksəlir



Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşq şəhərinə gələrək müvəqqəti hökumətin rəhbərliyi ilə görüşüb. MİT rəhbərinin Dəməşq səfəri bir neçə aspektdən mühüm hadisədir. İlk növbədə İbrahim Kalın Bəşər Əsəd hakimiyyətdən devrildikdən sonra Suriyanı ziyarət edən ən yüksək rütbəli xarici qonaqdır. Bu məsələ Türkiyənin bölgədə nüfuzu və Suriyanın gələcəyinin qurulması yolunda da mühüm əhəmiyyət kəsb edən məsələdir. İbrahim Kalın Türkiyənin mövqeyini Suriyanın yeni rəhbərliyinin diqqətinə çatdırıb. Təhrir əş - Şamın rəhbərliyi də Ankara ilə münasibətlərə xüsusi önəm verir. MİT rəhbəri Dəməşqə məhz onların dəvəti ilə gəlib. İkinci vacib məsələ Suriyanın yeni rəhbərliyinin özünün əsas müttəfiqi ilə bağlı artıq seçim etməsidir. Əbu Məhəmməd Əl - Colanin İbrahim Kalınla səmimi münasibəti, onun xidməti avtomobilini şəxsən idarə etməsi Suriyada hakimiyyəti ələ keçirən bu qrupun Türkiyəyə olan rəğbətindən xəbər verir. Ankaranın ilk günlərdən zalim Əsəd rejiminə etirazını bildirərək Suriya xalqının yanında yer alması, minlərlə suriyalı qaçqına qucaq açaraq onları ölümdən xilas etməsi vəziyyəti buralara gətirib. İbrahim Kalının səfərinin ana mətnini şübhəsiz ki, iki məsələ təşkil edir. Birincisi PKK uzantısı olan YPD / PYD qruplarının Türkiyə sərhədləri ətrafında fəallığının artmasıdır. Bu Ankaranı ciddi şəkildə narahat edir. Türkiyənin dəstək verdiyi Azad Suriya Ordusunun keçirdiyi əməliyyatla Menbiç və onun ətrafının terrorçulardan təmizlənməsi Türkiyənin mövqeyini xeyli tərəfə möhkəmləndirdi. Ancaq rəsmi Ankara Suriyadan özünə qarşı heç bir təhdid istəmir və ölkənin terrorçu dəstələrdən tamamilə təmizlənməsini istəyir. Bu Təhrir əş - Şam rəhbərliyinin də arzusudur. Paytaxtda mərkəzi hakimiyyəti ələ almış bu qrup ölkədə hansısa " boz zona " nın mövcudluğunu qəbul etmir. Başqa bir məsələ isə Suriyanın yenidən qurulmasıdır. 13 illik vətəndaş müharibəsi ölkənin tamamilə dağılmasına, ölkənin bütün infrastrukturunun sıradan çıxmasına səbəb olub. Yeni hökumətin əsas problemi məhz ölkənin yenidən qurulması olacaq. Bu işdə Türkiyənin dəstəyi vacibdir. Ankara Türkiyəyə sığınmış suriyalı qaçqınların evlərini təmir edərək onların köçürülməsini həyata keçirə bilər. Eyni zamanda Suriyadan Türkiyəyə dönəcək olan şəxslərdə Ankaranın gücünə güc qatacaq. Onların Türkiyə ilə çox sıx bağı var və faktiki olaraq Suriyada türk dövlətinin ən böyük dəstəkçisinə çevriləcəklər. Suriyanın milli valyutası olan funtun son hadisələr fonunda dəyərdən düşməsindən sonra ölkədə türk lirəsinin əsas ödəniş vasitəsinə çevrilməsi də Ankaranın bu ölkədə tək güc olduğunu ortaya qoyur. Hec təsadüfi deyil ki, ABŞ - nin Dövlət katibi Entoni Blinklen məsləhətləşmələr aparmaq üçün Ankaraya gəlir, Avropa ölkələri Suriya ilə bağlı Türkiyə ilə koordinasiyalı şəkildə çalışırlar. Artıq bütün dövlətlər Türkiyənin Suriyada qeyd - şərtsiz qalib gəldiyini təsdiq edirlər. Görünən odur ki, Suriyada yeni düzən məhz Ankaranın istəyinə uyğun şəkildə qurulacaq.

Zeynal Əmrəliyev
Seçilən
23
50
newscenter.az

10Mənbələr