AZ

Parkinson xəstəliyi beynin emosional reaksiyaları ilə aşkarlanacaq

Kanberra Universiteti və Küveyt Elm Kollecinin alimləri müəyyən ediblər ki, Parkinson xəstəliyi (PX) olan şəxslərin beyni qorxu, nifrət və təəccüb kimi emosiyaları tanımaqda ciddi çətinliklərlə üzləşir.

hakimiyyet.az xəbər verir ki, tədqiqatın nəticələri "Intelligent Computing" jurnalında dərc edilib.

Parkinson xəstəliyinin innovativ diaqnostikası elektroensefaloqrafiya (EEQ - beyin elektrik aktivliyinin izlənməsi) vasitəsilə aparılıb. Tədqiqat zamanı alimlər Parkinson xəstəliyi olan 20 pasiyent və 20 sağlam şəxsin gizli emosional reaksiyalarını təhlil etmək üçün EEQ metodundan istifadə ediblər. Bu üsul yüksək diaqnostik dəqiqlik nümayiş etdirib və göstərici 0.97-ə bərabər olub ki, bu da 100 faizə yaxındır.

Araşdırma göstərib ki, Parkinson xəstələri emosiyaları sağlam insanlardan fərqli şəkildə qəbul edirlər. Onlar emosiyaların intensivliyini (emosional həyəcanı) daha yaxşı tanıya bilsələr də, emosiyaların valentliyini (xoşagələn və ya xoşagəlməz olması) müəyyən etməkdə çətinlik çəkirlər. Xüsusilə qorxu, nifrət və təəccübün tanınmasında nəzərəçarpan problemlər yaranır. Bundan əlavə, PX olan xəstələrdə ziddiyyətli emosiyalar, məsələn, kədər və xoşbəxtlik arasında qarışıqlıq müşahidə olunur.

Alimlərin sözlərinə görə, EEQ əsaslı diaqnostik metodların təkmilləşdirilməsi emosional beynin monitorinqini Parkinson xəstəliyinin diaqnostikası üçün geniş yayılan klinik alətə çevirmək potensialına malikdir. Tədqiqat neyrotexnologiyalar, süni intellekt və affektiv hesablamaların birləşməsinin nevroloji sağlamlığın obyektiv qiymətləndirilməsi üçün perspektivli olduğunu sübut edir.

Seçilən
35
1
hakimiyyet.az

10Mənbələr