AZ

Fövqəladə hallar uşaqların gözü ilə...

Uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ötən gün “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi baş tutub. Müsabiqə Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.

Yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar yetişdirilir

Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” müdrik kəlamını xatırladaraq, onun uşaqlara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını xatırladıb.

Nazir vurğulayıb ki, ölkəmizdə uşaqların təhlükəsiz və layiqli mühitdə böyüməsi, onların sağlamlığının təmin edilməsi, müasir biliklərə yiyələnməsi, Vətənə və dövlətə sədaqətli yüksək mənəvi keyfiyyətlərə malik vətəndaş kimi yetişmələri üçün zəruri tədbirlər həyata keçirilir. Nazir ölkədə həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində İkinci Qarabağ müharibəsində Zəfərin qazanılmasında məhz Azərbaycanın müstəqilliyi illərində doğulmuş Vətən övladlarının mühüm rol oynadıqlarını xatırladıb.

Nazir həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara olan həssas münasibəti, onlara göstərdiyi yüksək qayğıkeşliyi, uşaqların hərtərəfli inkişafı, təhsili, təlim-tərbiyəsi ilə əlaqədar gördüyü böyük işlərin xalqımız tərəfindən minnətdarlıqla qarşılandığını vurğulayıb.

K.Heydərov bu ilin noyabr ayında COP29-un Azərbaycanda uğurla keçirilməsini xatırladıb. O, bəşəriyyəti ciddi çağırışlar, təhdidlər qarşısında qoyan iqlim dəyişmələrinə qarşı mübarizə ilə bağlı Bakıda qəbul edilən qərarların ölkəmizin iqlim dəyişiklikləri ilə qlobal mübarizənin daha sürətlə həyata keçirilməsinə layiqli töhfələr verdiyini bildirib.

Mənəvi-psixoloji hazırlıqda maarifləndirici tədbirlər

K.Heydərov fövqəladə hallarla bağlı zəruri təhlükəsiz davranış qaydaları barədə bilik və vərdişlərə məhz kiçik yaşlardan, məktəb illərindən yiyələnməyin cəmiyyətdə ümumi təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb: “Fəaliyyətinin ilk ilindən başlayaraq məktəblilərə fövqəladə hallarda davranış qaydalarının öyrədilməsinə, onların belə hallara mənəvi-psixoloji cəhətdən hazırlanması üçün səmərəli üsulların tətbiqinə ciddi diqqət yetirən FHN mütəmadi olaraq maarifləndirici tədbirlər, təlimlər, yarış və müsabiqələr keçirir”.

Uşaq yaradıcılıq müsabiqəsinin əhəmiyyətindən danışan nazir məktəblilər arasında böyük maraq qazanmış müsabiqənin qaliblərini təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb.

Uşaqlara təhlükəsiz həyat fəaliyyətinin aşılanması...

Tədbirdə çıxış edən Gənclər və idman naziri Fərid Qayıbov müsabiqənin əhəmiyyətindən danışıb, qalibləri təbrik edib. F.Qayıbov müsabiqənin istedadlı uşaqların üzə çıxarılmasına, onların fövqəladə hallar sahəsində biliklərinin artırılmasına və hərtərəfli inkişafına müsbət təsir göstərdiyini bildirib.

Daha sonra çıxış edən Elm və təhsil nazirinin müavini Həsən Həsənli və Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov müsabiqədə qalib gələn uşaqları təbrik edib, onların fövqəladə hallarla bağlı zəruri bilik və bacarıqlara yiyələnməsində, təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılmasında müsabiqənin rolunu vurğulayıblar.

Sonra qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. Tədbir məktəblilərin təqdimatında milli vətənpərvərlik ruhunda bədii hissə ilə davam etdirilib.

Qaliblər mükafatlandırıldı

Qeyd edilib ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdikləri yaradıcılıq müsabiqəsinə oktyabr ayından start verilib. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli və yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Təşkilat Komitəsinə rayon və şəhər müsabiqələrinin yekunları üzrə 439 rəsm, 49 plakat, 393 əl işi, 98 yanğın və qəza-xilasetmə texnikasının modeli və 78 yumşaq oyuncaq təqdim olunub.

Müsabiqəyə təqdim olunmuş işlər Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəssamlar İttifaqı və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. 25 nəfər birinci, 25 nəfər ikinci, 58 nəfər üçüncü yerə, 80 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.

Seçilən
13
5
yeniazerbaycan.com

8Mənbələr