AZ

Rüşvətə görə tutulan 4 vəzifəli şəxs ev dustaqlığına buraxıldı

Torpaqların özəlləşdirilməsi zamanı qanunsuz əməllərə yol vermiş Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin 19 vəzifəli şəxsinin məhkəməsi davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda həbsdə olan təqsirləndirilən şəxlərin vəkilləri müvəkillərinin ev dustaqlığına buraxılmaları ilə bağlı vəsatətlər qaladırıblar.

Vəkillər vəsatətlərini onunla əsaslandırıblar ki, təqsirləndirilən 6 nəfərin həbsdə mühakimə edilmələrini zəruri edən hallar mövcud deyil.

Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər heyəti vəsatətləri 4 təqsirləndirilən şəxsə münasibətdə təmin edib.

Qərara əsasən, Əmlak Məsələləri Xidməti Lənkəran ərazi şöbəsinin sabiq müdiri Pərviz Ələkbərov, Xaçmaz ərazi şöbəsinin sabiq müdiri Aydın Cəfərov, Qazax şöbəsinin sabiq müdiri Ehtiram Eyvazov və Şəki rayon Qoxmuq bələdiyyəsinin sabiq sədri Etibar Eyvazov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri İldırım Məmmədov və Xidmətin Şirvan şöbəsinin müdiri Nazim Səfərov isə həbsdə mühakimə ediləcəklər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.

İttihamda deyilir ki, 2020-2022-ci illər ərzində Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədov və digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə görə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən olunub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2, 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 312.1 (rüşvət vermə) maddələri ilə ittiham elan olunub. İstintaq dövründə 19 nəfərdən 6-sı barədə həbs, digərləri barəsində həbsə alternativ qətimkan tədbirləri seçilib.

phrase_var_article.chosen
481
17
musavat.com

10phrase_var_article.sources