AZ

Yeni qədəm qoyduğumuz 2024-cü il ölkəmiz və xalqımız üçün uğurlu illərdən biri olacaq

Yeni

Prezident İlham Əliyev xalqa təbrikində yeni müjdələr verdi

Bakı, 2 yanvar, AZƏRTAC

“2023-cü il ölkəmiz üçün tarixi nailiyyətlər və zəfərlərlə yadda qaldı. Xüsusilə, aprel ayında Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz, sentyabrda isə antiterror tədbirləri nəticəsində dövlət suverenliyimiz tam təmin olundu. Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu məqamları xüsusi vurğuladı".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaq. Ölkə başçısının dediyi kimi, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilib, düşmən ordusu məhv edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda növbəti məqsədin Xankəndi olacağı məlum idi. Çünki 3 il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, ölkəmizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qarabağda antiterror tədbirləri nəticəsində Azərbaycanda separatizmin kökü kəsildi. Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, separatizm bizim torpağımızda bir daha baş qaldıra bilməz.

F.Yıldırım vurğulayıb ki, noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri oldu.

Deputat bildirib ki, ərazi bütövlüyü və suverenliyimizin bərpa olunması Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə əldə edildi. Bununla da bu dahi şəxsiyyətin ruhu şaddır. Eyni zamanda, şəhidlərimizin də ruhu şaddır. Çünki onların qanı yerdə qalmadı. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları on minlərlə Azərbaycan hərbçiləridir. Azərbaycan 20 il ərzində bu günə hazırlıq görürdü, beynəlxalq hüquq müstəvisində Azərbaycanın mövqeləri möhkəmləndirilirdi.

Fatma Yıldırım qeyd edib ki, Ermənistan bundan sonrakı mərhələdə Prezident İlham Əliyevin mesajlarından nəticə çıxarmalı, hansısa xarici qüvvələrin regionda pozuculuq planlarına alət olmamalıdır. Təcrübə göstərir ki, hər hansı təxribat cəhdləri Ermənistanın özü üçün ciddi problemlər yaradır. Ona görə də, rəsmi İrəvan nə qədər tez sülh sazişi imzalasa, onun üçün faydalı olacaq.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev xalqa təbrikində yeni müjdələr də verdi. Bu müjdə ondan ibarətdir ki, yeni qədəm qoyduğumuz 2024-cü ildə azad olunmuş bir sıra yaşayış məntəqələrinə keçmiş köçkünlərin qayıdışı təmin olunacaq.

“Mən də ikiqat sevinirəm ki, bu il ata-baba yurdum Malıbəyli kəndinə də böyük qayıdış baş verəcək. Eyni zamanda, Xankəndi və Xocalı şəhəri, Kərkicahan qəsəbəsi və Turşsuya da insanlar qayıdacaqlar. Bütün bunlar deməyə əsas verir ki, yeni qədəm qoyduğumuz 2024-cü il ölkəmiz və xalqımız üçün çox uğurlu olacaq. Bu il biz yeni-yeni müjdələrlə sevinəcəyik”, - deyə deputat vurğulayıb.

phrase_var_article.chosen
792
50
azertag.az

10phrase_var_article.sources