AZ

Bakıda tələbələri ilə intim münasibətdə olan dekan niyə qətlə yetirilib?

Bakının Xətai rayonunda 1985-ci il təvəllüdlü Əhəd Salahov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı İlkin Qurbanovu qətlə yetirib.

Redaktor.az teleqraf.com-a istinadən bildirir ki, Əhəd yaxın münasibətdə olduğu, tez-tez Bakı şəhərində, müxtəlif ünvanlarda görüşüb birlikdə vaxt keçirdiyi, daim dəstək olması, mənəvi cəhətdən atalıq etməsi, müxtəlif məsələlərdə, o cümlədən dini məsləhətlər verməsi nəticəsində dərin hörmətini qazandığı, özü üçün müqəddəs insan hesab edərək şəxsiyyətinə pərəstiş elədiyi 1961-ci il təvəllüdlü, Bakı İslam Universitetində şəriət fakültəsinin dekanı vəzifəsində işləmiş Firudin Məmmədovla 2011-ci ilin oktyabr ayı ərzində istintaqla müəyyən edilməyən günlərdə bir neçə dəfə Bakı şəhərində fərqli ünvanlarda görüşüb.

Bu vaxt Firudin Məmmədov Əhəd Salahova uzun müddətdir tanıdığı 1974-cü il təvəllüdlü İlkin Qurbanovun mütəmadi olaraq ziyankarlıq etdiyini, buna görə də onu öldürməyin lazım olduğunu bildirib.

Əhəd Firudin Məmmədova ziyankarlıq etmiş istənilən şəxsi, o cümlədən əvvəllər tanımadığı İlkini də heç bir təmənna olmadan öldürməyə hazır olduğunu bildirib.

Əhəd İlkini öldürmək sifarişini qəbul edib və özündə cinayət törətmək qətiyyətini yaradıb. O, hadisənin törədiləcəyi əlverişli yeri müəyyənləşdirmək məqsədilə Firudin Məmmədovla birlikdə İlkinin yaşadığı Xətai rayonu, NZS qəsəbəsinə gedib. Orada İlkinin yaşadığı ünvanı görməklə cinayəti törədəcəyi sahəni dəqiqləşdirib.

Əhəd bir neçə dəfə həmin əraziyə gedib, orada İlkini izləyib. Növbəti dəfə, yəni oktyabrın 31-də Firudin Məmmədovun sifarişi ilə İlkin Qurbanovu qətlə yetirib.

Qətl hadisəsi 2011-ci ildə baş versə də, uzun illər üstü açılmayıb. Bu səbəbdən illərlə bağlı qalmış cinayət kimi istintaq orqanını arxivində yatıb.

Lakin son illər əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərin üstünün açılması istiqamətində Baş Prokurorluqda aparılan araşdırmalar zamanı bu cinayətin də üstünün açılması üçün cinayət işi tələb olunub və araşdırılıb.

Aparılan araşdırmalardan sonra qətlin törədilməsində günahkar bilinən şəxslər müəyyən edilib.

"Mənə bir mobil nömrə verdi ki..."

2022-ci il avqustun 24-də Əhəd Salahov Cinayət Məcəlləsinin 120.2.5-ci (sifarişlə qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

İstintaq materiallarına əsasən hadisədən qısa müddət sonra, yəni, 2011-ci il noyabrın 4-də qətlin sifarişçisi Firudin Məmmədov Bakı şəhərinin Xocalı prospektində avtomaşında sol dirsək oynağının ön səthini iti kəsici alətlə kəsərək intihar edib.

Əhəd Salahovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Əhəd Salahov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Firudin Məmmədovla yoldaşlıq münasibəti olub: "Firudin Məmmədov mənə İlkin adlı şəxslə ədavəti olduğunu, bir müddət sonra onunla NZS qəsəbəsində görüşəcəyini deyib, mənim də onun yanında olmağımı istədi.

Firudin Məmmədov məni bir dəfə İlkinin yaşadığı yerə aparmış, onun evini mənə göstərmişdi. Mənə bir mobil nömrə vermişdi ki, İlkinlə görüşə gedəndə onunla tez və rahat əlaqə saxlayım. Hadisənin üzərindən uzun müddət keçdiyindən hazırda mobil nömrəni xatırlamıram".

"Arxadan zərbə vurdu"

Əhədin sözlərinə görə, hadisə baş verən günü Firudin Məmmədovun ona verdiyi nömrəyə zəng edərək İlkinlə NZS ərazisində, İlkinin yaşadığı evə doğru gediblər:

"Mən NZS qəsəbəsində İlkinin yaşadığı evə tərəf hərəkət etməyə başladım. Firudin və İlkinin yanına çatdıb salamlaşdım. İlkini əvvəllər heç vaxt görməmişdim.

İlkin məni görəndə Firudinə narazılığını bildirdi. Firudin İlkini qırağa çəkərək söhbət etməyə başladı. Mənə isə dedi ki, bir az kənarda dayanım. Onlardan 6-7 metr kənara çəkildim.

İlkin üzünü mənə tutaraq söyüşlə təhqir etdi, ora niyə gəldiyimi soruşdu. Mən də onu təhqir etməyə başladım. Mənə tərəf gəlmək istəyəndə Firudin arxadan ona bıçaqla bir zərbə vurdu. Sonra əli ilə onu özünə tərəf çəkib sinə nahiyəsindən də bir zərbə endirdi. İlkin yerə yıxıldıqdan sonra üstünə çıxdı. Firudin İlkinin üzərində olan zaman onları ayırdım.

Daha sonra Firudin bir istiqamətə, mənsə əksinə doğru getdim. Taksiyə əyləşərək "Neftçilər" xəstəxanasının yaxınlığına gəldim. Taksiyə əyləşəndə "Neftçilər" dedikdə, metrostansiyanın yaxınlığını nəzərdə tutsam da, taksi sürücüsü "Neftçilər" xəstəxanasını başa düşmüşdü.

Daha sonra "Neftçilər" xəstəxanasının yanından "Xalqlar Dostluğu" metrostansiyanın yaxınlığına getdim".

"Tələbələri ilə intim əlaqəsindən xəbərim olmayıb"

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin ərazidən də 2015-ci ilə kimi yaşadığı mənzilə gedib:

"Firudinin mənə verdiyi nömrəni sındırıb küçəyə atdım. Mən Firudin Məmmədovla qonşum vasitəsilə tanış olmuşdum. Onda İslam Universitetində işləyirdi. Mən İslam Universitetinə qəbul üçün imtahan versəm də, qəbul ola bilməmişdim.

Firudinlə daimi istifadə etdiyim mobil nömrə vasitəsilə əlaqə saxlayırdım. Nömrəni şəxsiyyət vəsiqəsi təqdim etmədən aldığım üçün həmin nömrənin kimin adına qeydiyyatda olduğunu bilmirəm. Hadisə baş verməmişdən qabaq, 1 ay əvvəl Firudinlə bir-iki dəfə görüşmüşəm. Görüşüb söhbətləşərkən İlkinlə arasında problem olduğunu demişdi. Lakin problemin məzmunu barəsində mənə heç nə söyləməmişdi. Onu namaz qılan, dindar şəxs kimi tanımışam. Firudinlə tələbələri arasında intim əlaqədən xəbərim olmayıb.

Firudinin mənə verdiyi mobil nömrəni istifadə etmək üçün tanışımın mobil telefonunu götürmüşəm. Onun rahat əlaqə saxlamaq üçün mənə mobil nömrə verməsi məndə şübhə oyatmayıb.

Hadisə yerinə Firudinlə birlikdə hadisədən əvvəl bir dəfə gündüz vaxtı da getmişdik. Hadisə baş verən gün Firudinlə bir neçə dəfə telefonla danışmışdıq. Onun İlkinlə saat 23.00-da görüşməsi məndə heç bir şübhə yaratmadı.

İlkinlə görüşəcəyi yeri Firudin mənə hadisə baş verməmişdən qabaq yalnız bir dəfə göstərib. Hadisə zamanı üzərimdə bıçaq olmayıb, heç bir dükandan da bıçaq almamışam. Firudin İlkinlə birlikdə hadisə yerinə gəlib, mən isə tək getmişəm".

"Dedilər, qan azlığından ölüb"

Təqsirləndirilən şəxs bildirib ki, hadisədən sonra telefonla danışarkən Firudin ona polis bölməsinə gedəcəyini bildirib: "Məni Baş Prokurorluğa çağırıb NZS ərazisində baş vermiş cinayət hadisəsini törətdiyimi və onlara bu məlumatı tanışım Anarın çatdırdığını bildirdilər. Anara NZS ərazisində ölüm hadisəsinə şahid olduğumu demişdim. Lakin öldürən və ölənin adını ona deməmişəm.

Firudin Məmmədovun oğlunu qiyabi olaraq tanıyıram və onun evinə hadisədən qabaq bir neçə dəfə getmişəm. Firudin Məmmədovun oğlunun zavodda müdir vəzifəsi tutduğu barədə məlumatım olmayıb. O, oğlunun İlkinlə birlikdə çalışmasını deməyib. İlkinlə hansı səbəbdən ədavəti olduğunu da deməyib.

Mən Anara araşdırılan ölüm hadisənin harada, hansı şəraitdə törədilməsi ilə bağlı heç bir məlumat verməmişəm. Firudinin evində təmir işlərini mən aparmışam, hadisədən sonra onun baldızının qızı ilə evlənmişəm. Firudinin yas yerinə getmişəm, onun qan azlığı xəstəliyindən əziyyət çəkməsi səbəbindən öldüyü bilirdirib. Firudin Məmmədovun ətrafında olan insanları tanımamışam".

"Mənə atalıq etdi"

Məhkəmə təqsirləndirilən şəxsin hazırkı ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər müəyyən edilib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb.

Həmin ifadədən məlum olur ki, anadan olduğu vaxtdan 2015-ci ilə qədər "Nazlı" deyə çağırılan anası Nəzakət Salahova ilə birlikdə yaşayıb: "Atam 1996-cı ildə rəhmətə gedib. Anam isə uzun müddət xadimə (süpürgəçi) işləyib. Mən demək olar ki, çöl şəraitində - küçədə böyümüşəm.

Nizami rayonunda yerləşən əvvəlcə 109, daha sonra isə 277 saylı orta məktəblərdə təhsil almışam. Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətdə olmuşam. Hərbi xidmətdən qayıdandan sonra əvvəlcə müxtəlif yerlərdə fəhləlik etməyə, sonra isə elektrik işini öyrənib elektrik ustası olaraq işləməyə başlamışam.

Mərhum Firudin Məmmədovu hərbi xidmətə gedəndən əvvəl onun tələbələrindən olmuş Rövşən adlı tanışıma görə dindar bir şəxs kimi tanımışam. Hazırda Rövşənin bacısı Firudinin oğlu Zamirin arvadıdır. Tanıdıqdan sonra Firudinə bir din adamı kimi, ağsaqqal insan kimi hörməti getdikcə artdı. Firudin mənə ata oldu, atalıq etdi. Firudinə həmişə yüksək dəyər vermişəm və heç vaxt sözündən çıxmamışam".

"Evində elektrik işi görən zaman..."

Təqsirləndirilən şəxsin sözlərinə görə, Firudin İslam universitetində dekan işləyib, "Ruslan 93" marketin arxasında yeddinci mərtəbədə ailəsi ilə birlikdə yaşayıb: "Mən tez-tez həm baş çəkmək, həm də həyati məsləhətlər almaq, nələrisə öyrənmək məqsədilə Firudinin evinə getmişəm. Adətən Firudin özü məni evinə çağırırdı. Belə-belə həmin ərəfələrdə Firudinin arvadı Səkinə, oğlanları Əfqan və Zamiri tanımışam. Lakin həmin ərəfədə yalnız salam-sağol münasibətlərimiz olub.

Firudin mənim yaşadığım mənzilə heç vaxt gəlmirdi. Lakin dəfələrlə məni taksi, yaxud digər şəxslərin avtomobili ilə yaşadığım binanın və ya blokun qarşısında düşürüb. Ümumiyyətlə, Firudinin özünün istifadəsində avtomobil yox idi. Xatırlamadığım 2 mobil nömrəsi və 2 mobil telefonu vardı.

Firudinin hər iki mobil nömrəsi ilə əlaqə saxlamışam. Ölümündən sonra onun evində elektrik işi görən zaman arvadı Səkinənin bacısı qızı Hürünü görərək bəyənmişəm. Bu barədə Hürünün digər bacısının əri və əsgər yoldaşım Zaur ilə danışmışam. 2015-2016-cı illərdə Hürü ilə nişanlanıb, daha sonra isə ailə qurmuşam".

"Dəfələrlə məni sorğu-suala çəkdi"

Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş İlkini öldürülməsindən təxminən bir ay əvvəldən Firudin Məmmədov ona bir neçə dəfə söz salaraq adam öldürə bilib-bilməyəcəyini soruşub: "Mən isə Firudini özünə uca şəxsiyyət bildiyimə və hədsiz məhəbbətim olduğuna görə onun xətrinə istənilən şəxsi öldürməyə hazır olduğumu demişəm.

Hadisədən təxminən 1 həftə əvvəl Firudin Məmmədov məni yaşadığı evə çağırdı. İlk dəfə açıq şəkildə İlkini öldürmək lazım olduğunu bildirdi. Lakin nə üçün öldürmək lazım olduğunu demədi və heç nə vəd etmədi.

Mən İlkini tanımamışam. Həyatda heç vaxt qarşılaşmamışıq. Firudin xeyli vaxtdır İlkini öldürmək istədiyinə görə 1 ay cinayəti törətməyə razı olub-olmayacağımı, yaxud etibarlı olub-olmadığımı hər dəfə mənə suallar verməklə yoxladı. Mən təmənnasız olaraq və birbaşa Firudin üçün İlkini öldürəcəyimə razılıq verməyimə baxmayaraq onun İlkini nə üçün öldürtmək istədiyini bilmədim.

Xeyli vaxt keçdiyinə görə ardıcıllığı dəqiq xatırlamıram. Lakin yadımdadır ki, razılıq verəndən sonrakı günlərdə Firudin İlkini tanıtmaq üçün onun hansısa restoranda toy mərasimində çəkilmiş masa ətrafında əyləşmiş şəkilini göstərdi".

"Yerləri dəqiqləşdirdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, Firudin günorta saatlarında onunla birlikdə tanımadığı və xatırlamadığı taksi avtomobili ilə NZS qəsəbəsinə gedib: "İlkinin yaşadığı evi, həmin evə doğru ana yoldan ayrılan yolu, taksi ilə İlkini düşürəcəyi yeri və hadisə yeri olan "qarajlar tərəfi", yəni təxminən 2 metr eni, 20-30 metr uzunluğu olan dar bir yolu əyani olaraq göstərdi. Taksi sürücüsü Firudinin nə məqsədlə mənə həmin yerləri göstərməsini bilmədi.

Bundan sonra 1, yaxud 2 dəfə özüm də cinayətə hazırlaşmaq məqsədilə həmin yerlərə tək getdim, gəzərək İlkinin əsas yoldan piyada gələ biləcəyi və mənim gizlənə biləcəyim yerləri dəqiqləşdirdim.

Firudin cinayət törədilən zaman telefon əlaqəsi saxlamaq üçün mənə mobil nömrə verdi. Həmin ərəfədə 15, yaxud 20 manat müqabilində 20 Yanvar dairəsinin yaxılığında dükanlardan birindən bıçaq əldə etdim və hadisə gününə qədər evimdə saxladım. Bıçaqdan ailə üzvlərim məlumatsız olublar".

"Məqsədim izi itirmək idi"

Əhədin ifadəsinə görə, hadisə günü, yəni 31 oktyabr 2011-ci ildə günorta saatlarına qədər Firudin Məmmədovla telefon əlaqəsi saxlayıb: "Firudin mənə həmin gün İlkini evdən çıxararaq özü ilə harasa aparacağını, geri qayıdaraq evinin yanında, mənə göstərdiyi küçənin başında taksidən düşürəcəyini bildirdi. Bundan sonra evə piyada gedəcək İlkini yolda öldürməyi mənə tapşırdı.

Mən də razılaşaraq qabaqcadan plana uyğun əynimə cins şalvar və cins gödəkçə geyindim, bıçağı gödəkçəmin iç yan cibində bağlanmış vəziyyətdə evdən çıxdım. Əynimə geyindiyim köhnə paltarları məhz İlkini öldürəndən sonra atmağım üçün qabaqcadan özüm seçmişdim.

Evdən çıxaraq əvvəlcə tanışım Anarla əlaqə saxlayaraq yaşadığı evin yaxınlığında görüşdüm. Anarın müvəqqəti olaraq istifadəsində olan "Nokia" markalı sadə modelli mobil telefonunu istədim. Əvvəllər ondan mobil telefon istədiyimi xatırlamıram. Amma özüm əvvəllər ona 1-2 dəfə telefon hədiyyə etdiyimə görə həmin gün mənə etiraz etmədi.

Evə qayıdaraq öz mobil nömrəmi və markasını xatırlamadığım mobil telefonunu işlək vəziyyətdə evdə qoydum. Telefonunumu evdə qoymaqda məqsədim guya evdə olmağım barədə görüntü yaratmaq, Anarın telefonunu götürməkdə məqsədim isə sadə model telefonların antenaya düşmədiyini eşitdiyim üçün izi itirmək idi".

"Dar küçədə yaxaladım"

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra NZS qəsəbəsinin yaxınlığına gəlib və Firudinə zəng edərək artıq hadisə yerində olduğu barədə məlumat verib: "Firudin evdə idi. Sonra da onunla bir neçə dəfə də telefon əlaqəsi yaratdım. Firudin İlkinlə evdən çıxdıqlarını, daha sonra birlikdə getdikləri yerdən çıxıb geri qayıtdıqlarını xəbər verdi.

Bundan sonra qabaqcadan Firudinlə razılaşdığımız yerə, yəni İlkinin evinə doğru uzanan küçənin başında gözləməyə başladım. Az sonra xeyli zaman keçdiyinə və həmin vaxt həyəcanlı olduğuma görə rəngini və markasını xatırlamadığım bir avtomobil məndən təxminən 20 metr aralıda dayandı. İlkin avtomobildan düşdü. Eyni anda Firudin zəng edərək İlkinin avtomobildən düşdüyünü dedi.

Təxminən 100 metr boyunca təxminən 20 metr ara məsafəsi ilə İlkinin ardınca düşdüm. Sonra ara məsafəsini azaldaraq lap yaxınlaşdım. Bıçağı çıxararaq hazır vəziyyətdə sol əlimdə tutdum. İlkinin evinə yaxın qaranlıq dar, çığıra oxşayan bir ara yol vardı. Oraya keçəndə ətrafın qaranlıq və sakit, kimsəsiz olmasını fürsət bilərək arxa tərəfdən hücum etdim, bıçaqla ilk zərbəni üstdən aşağı İlkinin kürək nahiyyəsinə endirdim.

İlkin sağ çiyni üstə mənə tərəf çevrildi. Bundan sonra sinə və qarın nahiyyələrinə ardıcıl bıçaqla zərbələri endirdim. O, yerə yıxılaraq mənə tərəf təpik atdı, həmçinin qışqıraraq kömək istədi. Ətrafdakı pəncərələrdə işıqlar yandığını hiss etdim və dərhal oradan uzaqlaşmağa başladım. İlkinin yerdən qalxaraq təxminən 20 metr aralıda yerləşən iki mərtəbəli binanın blokuna tərəf qaçdığını gördüm.

Təxminən yüz metr qaçaraq taksiyə əyləşdim və taksiçidən yaşadığım ünvanın yerləşdiyi əhatəni nəzərdə tutaraq "Neftçilər"ə sürməsini xahiş etdim. Lakin taksinin geri qayıdıb hadisə yerinə tərəf istiqamət aldığını görəndə özümü itirdim. Sürücüyə "Neftçilər xəstəxanası"na tərəf sürməsini istədim. Taksi məni "Neftçilər xəstəxanası"nın qarşısına gətirdi.

Orada isə başqa tanımadığım taksi ilə "Xalqlar dostluğu" metrostansiyasının yaxınlığına gəldim. Piyada binaların arası ilə evimə tərəf getdim. Yolda 369 saylı mobil nömrəni sındıraraq xatırlamadığım yerə atdım".

"İntim münasibətim olmayıb"

Təqsirləndirilən şəxs deyib ki, hadisə zamanı hər hansı xəsarət almayıb: "Əynimdəki paltarların çöl səthi qana bulaşmayıb və ehtiyat üçün paltarlarımı salafana yığıb ertəsi gün evdən uzağa apararaq zibil qutusuna tulladım. Bıçağı isə su ilə yuyub təmizlədim. Firudin intihar edəndən sonra bulvara gedərək Xəzər dənizinə atdım.

Evə daxil olan ərəfədə Firudin mənim nömrəmə zəng vurdu və danışıq zamanı üstü örtülü formada "tapşırdığınız işi həll etdim" dedim. Firudin isə mənə hadisə ilə bağlı polisə çağırıldığını bildirdi. Növbəti günlərdə ifşa olunmamğım üçün Firudindən uzaq oldum. Nə telefonla danışdım, nə də əyani görüşdüm. Onun intihar edəcəyindən qabaqcadan məlumatım olmayıb. Yalnız intihardan sonra zəng edərək hadisə barədə xəbər verdilər, məscidə çağırdılar.

Hadisəni ürəyimdə daşımaq ilk əvvəllər mənə ağır olduğuna görə Firudin öləndən qısa müddət sonra həmin ərəfələrdə daha yaxın olduğum dostum Anara NZS qəsəbəsində bir adamı bıçaqla vurub öldürdüyümü etiraf etdim. Anara Firudinin tapşırığı ilə bu cinayəti törətdiyimi də deməmişəm.

İlkini öldürməyim barədə başqa heç kimə danışmamışam. Bu cinayətin törədilməsində başqa iştirakçı olmayıb. Mənim Firudin ilə hər hansı intim münasibətim olmayıb. Firudinin başqa cinayət törədilməsini təşkil edib-etməməsini də bilməmişəm".

"Elçiliyi Firudin müəllim etdi"

İş üzrə zərərçəkmiş İlkinin hüquqi varisi qismində ifadə verən həyat yoldaşının sözlərinə görə, mərhum İlkinlə rəsmi qaydada ailə həyatı qurub:

"Toydan sonra Bakı şəhərində NZS qəsəbəsində kirayədə yaşamışıq. Ailədə həmişə çox mehriban olmuşuq. Rəsmi nikahdan iki övladımız doğuldu. Ailə qurandan sonra İlkin NZS qəsəbəsində bir otaq kirayə götürərək dərzi fəaliyyəti ilə məşğul olurdu. Eyni zamanda işləyə-işləyə Bakı İslam Universitetinin ruhanilik fakültəsinə də qəbul oldu.

2010-cu ildə təhsilini bitirərək diplomunu alsa da, həmin ixtisas üzrə heç bir vaxt işləməyib. İlkinin Bakı İslam Universitetində təhsil aldığı müddətdə kiminlə oturub-durmasını bilməsəm də, universitetdə müəllim işləyən Firudin Məmmədovla çox yaxın olduqlarını bilmişəm.

Firudin müəllim İlkinin elçiliyinə gəlib, bizim toyumuzu maliyyələşdirib. Toydan sonra da dəfələrlə İlkinə pul verib. Daha sonra İlkin Əmlak Komitəsində sürücü işləyən Namiq vasitəsi ilə orada işləyən Rüstəmlə tanış oldu. Tanışlıqdan sonra İlkin bir neçə dəfə sürücüsünün işi olduğundan onun avtomobilini idarə edərək Gəncə şəhərinə və Cəlilabad rayonuna aparıb.

İlkinin həm Firudin Məmmədov, həm də Rüstəmlə tanışlığı dostluğa çevrildi. Bayram günləri, ad günlərində bir-birilərinin evinə gedib-gəlirdilər. Ailəlikcə çox mehriban münasibətləri yaranmışdı".

"Kişilərlə intim münasibətini bilməmişəm"

Hüquqi varis qeyd edib ki, 2010-cu ilin axırlarında İlkin Sabunçu rayonu ərazisində yerləşən ASC-nin səhmdarlarından biri olub: "Lakin hansı miqdarda səhmə malik olması, həmin səhmi hansı vasitə ilə almasından xəbərsiz qalmışam. İlkin özü də bu barədə mənə heç nə danışmayıb.

İlkinin deməsinə görə, zavodu onun adına həmin vəzifəli şəxs keçirib və zavoda rəhbərlik etdiyinə görə 500 manat əməkhaqqı alıb.

2010-cu ilin yay aylarında İlkin Maştağa qəsəbəsində hər sotunu 800 ABŞ dollara olmaqla beş sot torpaq sahəsi aldı və orada ev tikməyə başladı. İlkinin deməsinə görə, zavodda olan köhnə dəzgahların dəmirlərini sataraq həmin pulla evi tikdiririb.

İlkin bəzən evə gəlmir və bunu iş yerində qalması ilə izah edirdi. Həmçinin, 2010-cu ildən İlkin məndən ayrı yataqda yataraq bunun səbəbini uşağın ağlaması ilə izah etdi. Onun müxtəlif kişilərlə intim münasibəti yaşaması barədə məlumatım olmayıb. Bu barədə ilk dəfə istintaq dövründə polis bölməsində eşitmişəm".

"Baş çəkməyə getdiyini zənn etmişəm"

Hüquqi varisin sözlərinə görə, 31 oktyabr 2011-ci ildə gün ərzində İlkinin əhvali-ruhiyyəsi yaxşı olmayıb və tez-tez yatmaq istədiyini bildirib: "Firudinlə telefonla danışdı. Firudini evdə gözlədiyini, bir yerdə Rüstəmgilə gedəcəklərini bildirdi.

Saat 20 radələrində Firudin evimizə gəldi, bir qədər oturub çay içdikdən sonra İlkin Rüstəmlə danışdı. Rüstəm İlkinə öz evinə çatdığını bildirdi.

Bundan sonra İlkin və Firudin birlikdə Rüstəmin evinə gedəcəklərini bildirərək çıxdılar. Evdən çıxanda İlkin Firudinə öz avtomobili ilə getmələrini təklif etsə də, Firudin İlkinin maşın sürməyindən ehtiyat etdiyini əsas gətirərək razılaşmadı. Yola çıxıb taksi ilə getməyi təklif etdi.

Ümumiyyətlə, bizim ailəmizlə Rüstəmin ailəsi yaxın münasibətdə olub. Həmin günlərdə Rüstəmin ailəsi Londona getdiyinə görə evdə tək idi. İlkingil getdiklərinin səbəbini deməsələr də, Rüstəmə dost kimi baş çəkməyə getdiklərini zənn etmişəm".

Məhkəmənin hökmü ilə Əhəd 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Seçilən
450
50
redaktor.az

10Mənbələr