Məlahət İBRAHİMQIZIMillət vəkili, Siyasi elmlər üzrə fəlsəfə doktoru
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Dövlətimizn başçısı üçrəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla arzularımızı çin etdi. Müzəffər Ali baş Komandan cənab İlham Əliyev Xankəndində dövlət bayrağımızı dalğalandırmaqla Azərbaycan xalqının qalib ruhunun dönməzliyini dünyaya bir daha bəyan etdi.
Bu əlamətdar hadisə həm də başqa bir əlamətdar hadisə ilə eyni günə - dövlətimizin başçısı İlham Əliyevin hakimiyyətə gəlişinin 20-ci ildönümü gününə təsadüf edirdi.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk mərhələsində qarşıya qoyulan strateji məqsəd və vəzifələrin, habelə orta və uzunmüddətli dövr üçün inkişaf istiqamətlərinin uğurla həyata keçirilməsi gələcək fəaliyyətin dəqiq müəyyənləşdirilməsini, müxtəlif sahələr üzrə fəaliyyət proqramlarının hazırlanmasını, nəticədə isə həyatın bütün sahələrində tarixi göstəricilərin əldə olunmasını şərtləndirdi. Ötən iyirmi ildə Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tutdu.
Son 20 il ərzində ölkəmiz uğurla inkişaf edib, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə həyata keçirilib. Sosial, hərbi sahələrdə, eləcə də işğaldan azad olunan ərazilərdə reallaşdırılan genişmiqyaslı bərpa-quruculuq layihələrinin reallaşdırılmasında ölkəmizin iqtisadi potensialı mühüm rol oynayıb.
Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatla yanaşı, həm də güclü ordu olmalıdır. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirməyə qadirdir. Ordumuzun gücünü, qüdrətini Böyük Zəfərlə nəticələnən və düşməni kapitulyasiya aktına imza atmağa məcbur edən 44 günlük Vətən müharibəsi də, bu il sentyabrın 19-da həyata keçirilən və cəmi bir gün davam edən, Azərbaycanın öz suverenliyinin bərpası ilə nəticələnən antiterror tədbirləri də əyani şəkildə bütün dünyaya sübuta yetirdi. Əsgərindən gizirinə, gizirindən zabitinə qədər Şanlı Azərbaycan Ordusunun bütün heyəti əsl qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq nümayiş etdirdi.
Azərbaycan xalqı bəşər tarixinə bir çox görkəmli dövlət xadimləri, qüdrətli sərkərdələr, istedadlı alimlər, məşhur sənətkarlar bəxş edib. Millətimizin adını uca edən, azərbaycanlı məfhumuna geniş məkanlarda hörmət gətirən böyük şəxsiyyətlər arasında Ulu öndər Heydər Əliyevin müstəsna və əlahiddə yeri var. Mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına təmənnasız xidmət etməklə əbədiyaşarlıq rəmzinə çevrilən Ümummilli liderimiz haqlı olaraq "Dünyanın ən böyük azərbaycanlısı" adlandırılır. Xalqın əsrlər boyu ən ülvi arzusu olan müstəqillik və azadlıq məramını gerçəyə çevirən, ona sosial rifah və sivil cəmiyyət bəxş edən, ölkəsinin beynəlxalq məkanda böyük nüfuzunu təmin edən nəhəng şəxsiyyət Heydər Əliyev həqiqətən də ən ali həmvətənimiz, bütün zamanlar üçün nümunə olacaq qüdrətli azərbaycanlısıdır.
Ümummilli lider Heydər Əliyev müdrik dövlət xadimi, dahi siyasətçi olmaqla bərabər, həm də alovlu vətənpərvər idi. Azərbaycanımızın hər bir guşəsi, hər bir bölgəsi kimi Qarabağ da onun üçün əziz və doğma idi. Zaman-zaman Azərbaycan torpaqlarına göz dikən ermənilərin ötən əsrin ikinci yarısında fəallaşmalarının qarşısı məhz Ulu öndərin qətiyyəti sayəsində alınmışdı. Hələ ötən əsrin 60-cı illərində Dövlət Təhlükəsizlik Komitəsinin sədri olarkən erməni millətçilərinin bədnam hərəkətlərinin qarşısını dəfələrlə qətiyyətlə alan Heydər Əliyev 1967-ci ilin iyun ayında Xankəndidə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edən vərəqələri yayanların və bu işlərin təşkilatçılarının tutulub cəzalandırılmalarına nail olmuşdu. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar 1967-ci ildən başlayaraq Ulu öndərin xilaskar fəaliyyətinin şahidi olmuş, onun vətənpərvərliyini, millətsevərliyini daha yaxından hiss etmişdilər.
1969-cu ilin iyulun 14-də Azərbaycan KP MK-nın plenumunda birinci katib seçilən Heydər Əliyev Dağlıq Qarabağa münasibətində öz prinsipiallığı və milli dəyərlərə köklənmiş iş üslubu ilə sübuta yetirdi ki, Azərbaycana əsl vətənpərvər lider rəhbərlik edir. Keçmiş vilayətdə yaşayan azərbaycanlıların öz aralarında bir-birinə gözaydınlığı verməsi, nəhayət, öz hüquqlarından sərbəst istifadə edəcəklərini böyük sevinclə qeyd etmələri yəqin ki, çoxlarının yadındadır. Ötən əsrin 70-ci illərində Azərbaycanın ictimai-siyasi və mədəni həyatında böyük bir dirçəliş yaradan Heydər Əliyev son dərəcə barışmaz mövqe və ardıcıl addımlarla Dağlıq Qarabağda erməni millətçiliyinə və daşnak xislətinə sipər çəkdi. Qəti və prinsipial mövqe bildirərək vilayət partiya komitəsində ermənilərin də iştirak etdiyi toplantıda "Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır, kim burada yaşamaq istəmirsə, çıxıb gedə bilər" bəyanatını verdi. Moskvadakı yüksək dairələrin təzyiqinə baxmayaraq, muxtar vilayət millətçi cinayətkar ünsürlərdən təmizləndi. Vilayətin partiya, sovet, hüquq-mühafizə, o cümlədən, dövlət təhlükəsizlik orqanlarında köklü dəyişikliklər edildi, separatçılar və onların ideoloqları vilayətdən qovuldular. Vilayətdə yaşayan azərbaycanlılar isə yeni bir həyata qədəm qoydular. Mübaliğəsiz demək olar ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar məhz Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra özlərini yaşadıqları dədə-baba yurdunun əsl sahibləri kimi hiss etməyə başladılar, sözün həqiqi mənasında vətəndaşlıq hüquqları əldə etdilər. Orta və yaşlı nəslin yaxşı yadındadır ki, Ulu öndərimizin hakimiyyətə gəlişinin ilk illərindən başlayaraq bütün azərbaycanlılar yaşayan kəndlər abadlaşmağa, yeni və yaraşıqlı evlər tikilməyə, sosial infrastruktur qurulmağa başlandı. Vilayətin mənəvi-siyasi iqliminin dəyişməsi real həqiqət kimi hər kəsin ovqatına hakim kəsilmişdi.
Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin 280 və 360 nömrəli qərarları qəbul olundu, Şuşa şəhəri sürətlə inkişaf etməyə başladı. Bu qərarlardan biri Şuşanın kurort şəhəri kimi kompleks şəkildə inkişafı haqqında, ikinci isə Şuşanın "Qoruq şəhər" elan edilməsi barədə idi. Qeyd edək ki, belə abadlıq-quruculuq işləri Dağlıq Qarabağın bütün yaşayış məntəqələrində aparılırdı. Xüsusi ilə uzun illər diqqətdən kənarda qalan azərbaycanlılar yaşayan kəndlər inkişaf etməyə başlayır, əhalinin güzəranı günbəgün yaxşılaşırdı. Məhz həmin illərdən başlayaraq Dağlıq Qarabağda milli ruhun yüksəldilməsi vüsət aldı.
Cəmi altı il Azərbaycan Ümummili lider Heydər Əliyevsiz qaldı və bu altı il faciəvi və böhranlı dövr kimi tarixə düşdü. Torpaqlar işğal olundu, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışdılar. Azərbaycanın dövlət müstəqilliyi təhlükə altında düşdüyü bir vaxtda imdada yenə Ulu öndər Heydər Əliyev çatdı. Xilaskarın hakimiyyətə qayıdışı ilə Azərbaycanın başındakı təhlükə sovuşdu və xalqın bütün arzuları çin oldu. Bugünkü güclü Azərbaycana, yaşadığımız bu xoşbəxt günlərə görə hamılıqla məhz Ona - Müstəqil Azərbaycanın baş memarı, böyük şəxsiyyət Heydər Əliyevə borcluyuq.
Bizi İnstagramda izləyin
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less