Azərbaycanda fiziki şəxslərə istehlak kreditləri verilərkən həyat sığortası da təklif ediləcək. Yeni tələbə əsasən banklar müştərilərə həyat sığortasını könüllü şəkildə alması ilə bağlı ərizə formasını təqdim edəcək. Müştəri həyat sığortası üzrə lisenziyası olan sığortaçılardan birini sərbəst qaydada seçə biləcək.
Yəni bank müştərilərinə istehlak kreditlərini təqdim edərkən borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif edəcək. Bununla bağlı Mərkəzi Bank yeni qaydaları təsdiq edib.
Mərkəzi Bankdan bildiriblər ki, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən fiziki şəxslərə verilən kreditlərin həcminin davamlı artımı kredit götürən fiziki şəxslərin həyat sığortası ilə müdafiəsinin gücləndirilməsini zəruri edib.
Qurumun yeni qərarını Modern.az-a şərh edən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu məsələ hər zaman gündəmdə olub.
“Sadəcə Mərkəzi Bank banklara bu prosesə başlamağı tövsiyyə etdi. Əvvəllər də bu olub, 10-15 il əvvəl bu cür istehlak kreditləri ilə yanaşı həyat sığortası təqdim edən banklar var idi. O vaxt bu məsələ alınmadı. Çünki o vaxt bankların biri edir, digəri etmirdi. Sığorta xərcli prosesdir, hədiyyə, mükafat deyil. Bunu həyata keçirən bundan pul qazanır. Sığorta şirkəti məhsulun riskini qiyjmətləndirir və öz gəlirini qoyur aktual qiymətləndirmə aparır. Sabah 99 nəfərə heçnə olmur, bir nəfərin başına iş gələndə şirkət sığorta fondu hesabına bunu ödəyir. Sığorta olunmaq xərcli prosesdir. Mərkəzi Bank bunu könüllü həyata keçirməklə düzgün iş görür. Azərbaycanda həyat və əmlak sığortasının məcbur olduğu kredit növləri də var, ipeteka krediti kimi. Əvvəl kredit götürəndə vətəndaş mütləq şəkildə vətəndaş mütləq şəkildə özünü və əmlakını sığorlamalı idi. Amma indi bu, könüllü həyata keçirilir”.
Ekspert bildirib ki, əhalinin kreditə marağı var, kredit faizlərinin yüksək olmasının səbəbi də bununla bağlıdır:
“Əgər maraq olmasa faizlər də endirilər. Cəmiyyətdə mövzu yarandı, Mərkəzi Bank da çevik reaksiya verdi. Bu əlavə imkandır. Kim istəyirsə kredit götürəndə həyat sığortası və əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar sığorta məhsulunu ala biləcək. Sabah hadisə baş verərsə, sığorta şirkəti bu öhdəliyi bağlayacaq. Nəticədə risk sığortalanmış olacaq. Amma bu faizləri aşağı salmır, əksinə kredit xərclərini artırmış olacaq. Ona görə də könüllü olduğu üçün bu çox yaxşdır. Bu məcburi olsaydı demək olardı ki, vətəndaşın kredit xərcləri məcbur olaraq artırırlar”.
Rəşid Qarayev