Analitik şirkəti CIRP istifadəçilərin "Android"dən iPhone-a keçidinin artdığını göstərən araşdırmanın nəticələrini dərc edib.
Valyuta.az xəbər verir ki, araşdırmaya görə, 2024-cü ilin iyun ayında əvvəllər "Android" smartfonlarından istifadə edən yeni "iPhone" sahiblərinin sayı xeyli artıb. Lakin mütəxəssislərin fikrincə, bu, ilk baxışdan görünə biləcəyi kimi, "Apple" üçün o qədər də müsbət xəbər deyil.
Beləliklə, keçmiş "Android" istifadəçiləri arasında yeni "iPhone" istifadəçilərinin payı 2024-cü ilin iyununda 17%-ə çatıb ki, bu da son beş ildə ən yüksək göstəricidir. Bu nəticə ötənilki 10% səviyyəsindən xeyli yüksəkdir, lakin 2017-ci ilin tarixi rekordu olan 21%-dən aşağıdır.
Bununla belə, ən son "iPhone 15" modellərinin satışları aşağı olaraq qalır. Mütəxəssislər hesab edirlər ki, keçmiş "Android" istifadəçiləri "Apple" smartfonlarının ən son modelləri ilə deyil, ilk növbədə yeni əməliyyat sistemi ilə maraqlanır.
Analitiklər onu da qeyd edirlər ki, yeni "iPhone" istifadəçilərinin sayı artdıqca, öz cihazlarını təkmilləşdirən mövcud sahiblərin nisbəti azalır.
Paşa Məmmədli