AZ

Tofiq Zülfüqarov: İrəvan Qərbdən istədiyini ala bilmədi

Ermənistan indiki mərhələdə Qərbdən imtina edərək, Rusiya platformasına qayıtmaq istəyir
 
İrəvan hökumətinin atdığı addımlardan, davranışından görünür ki, Ermənistan Qərb meydançalarında görüşlərin, təmasların tərəfdarı deyil
 
 
 Ermənistanla sülh danışıqlarında mühüm irəliləyiş var. Bunu ötən gün Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib. Prezidentin köməkçisi sülh sazişi istiqamətində mühüm irəliləyiş əldə edildiyini söyləyib. E.Əmirbəyov heç vaxt sülhə bu qədər yaxın olmadığımızı bildirib. Onun sözlərinə görə, indi hər iki ölkənin nəhayət, bu düşmənçilik fəslini bağlamaq, Cənubi Qafqaz regionunda vəziyyəti dəyişmək və bölgəni mehriban qonşuluq, sabitlik və sülh məkanına çevirmək üçün tarixi fürsəti var: "Ötən dekabrda hər iki ölkə qərara gəlib ki, danışıqları davam etdirmək, onları başa çatdırmaq üçün ən effektiv və ən perspektivli format ikitərəfli birbaşa formatdır. O vaxtdan bəri bir sıra mühüm nailiyyətlər, o cümlədən etimadın yaradılması baxımından uğurlar əldə olunub". Əmirbəyovun sözlərinə görə, danışıqlar masası üzərində olan sülh sazişinin mətninə nəzər salsaq, tərəflər onun başa çatmasına çox yaxındırlar: "Ümid edirik ki, qalan çətinliklər qısa müddət ərzində lazımi qaydada həll olunacaq və biz təhlükəsiz, davamlı və dönməz sülhə nail ola biləcəyik".
 Sülh müqaviləsinin imzalanmasının mümkün vaxtı barədə danışan Əmirbəyov qeyd edib ki, bu, daha çox Ermənistan tərəfinin sülh sazişinin başa çatması yolunda qalan yeganə maneəni, yəni Azərbaycana qarşı konstitusiyada təsbit olunmuş ərazi iddialarını aradan qaldırmaq qabiliyyətindən və istəyindən asılı olacaq.
 ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn də deyib ki, sülh sazişi üzrə danışıqlar gedir və sərhədin demarkasiyası ilə bağlı danışıqlar aparılır. Obrayn bildirib ki, Azərbaycan və Ermənistan sərhədin demarkasiyası prosesi ilə bağlı razılığa gəliblər: "Elə sahələr var ki, hər iki tərəf hələ də onlara nəzarət edir. Lakin onlar razılaşdırılmış sərhədlərə görə geri çəkiləcəklər və bu mənada yüksək dağlıq ərazilər xüsusi maraq doğurur. Biz çox aydın şəkildə bildirdik ki, sərhəddə hər hansı düzəliş olarsa, hər iki tərəfə razılaşdırılmış sərhəd tətbiq edilməlidir". Qeyd edək ki, rəsmilərin nisbətən pozitiv açıqlamalarına rəğmən, son günlər Ermənistan hökumətinin sülhlə bağlı ritorikasında dəyişiklik müşahidə olunmaqdadır. Ermənistan aydın şəkildə silahlanır, hərbi təlimlər keçirir və sülh prosesində problemlər olduğunu iddia edir. Ermənistan silahlı qüvvələri şərti sərhədlərdə təxribatlara da əl atırlar. Fransa, ABŞ, Avropa İttifaqı, İran, Hindistan və başqa ölkələr isə davamlı olaraq Ermənistanı silahlandırırlar. Məhz bu amilləri nəzərə alan ekspertlər sülh sazişinin yaxın günlərdə imzalanma ehtimalını yüksək görmürlər.

 Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a açıqlamasında deyib ki, sülh sazişi dedikdə indiki mərhələdə nəzərdə tutulan əsas prinsiplər əsasında bir-iki səhifəlik bir sənədin imzalanmasından söhbət gedir. Sabiq XİN başçısı vurğulayıb ki, söhbət qarşıdakı dönəmdə həyata keçiriləcək baza prinsiplərini əhatə edəcək bir sazişdən gedir: 
"Sözügedən sənədin də artıq demək olar ki, 90 faizi hazırdır. Hər iki tərəf, həm Azərbaycan, həm də Ermənistan bunu açıq şəkildə bəyan ediblər. Bu da optimizmə imkan yaradırdı. Yəni güman edilirdi ki, bu gedişlə yaxın günlərdə sülh sazişinin imzalanması mümkün ola bilər. Ancaq burada digər mühüm məsələ də ortaya çıxıb. İrəvan hökumətinin atdığı addımlardan, davranışından görünür ki, Ermənistan Qərb meydançalarında görüşlərin, təmasların tərəfdarı deyil. Görürük ki, Ermənistanın siyasi elitası dəfələrlə bəyan ediblər ki, İrəvan Qərbdən istədiyi dəstəyi ala bilməyib. Ona görə də Ermənistan indiki mərhələdə Qərbdən imtina edərək, Rusiya platformasına qayıtmaq istəyir. Bu cür fikirlər səslənməkdədir. Londonda baş verənlərin, daha doğrusu, Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən qaçması bununla bağlıdır. İrəvan hakimiyyəti yenə siyasi manevrlərlə məşğul olur. Çalışır ki, bir sıra addımları ilə Rusiyaya meyilli olduğunu büruzə versin. Azərbaycanın birmənalı mövqeyi bəllidir. Açıq şəkildə bəyan etmişik ki, qalıcı və yekun sülhün imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik mütləqdir. Əlbəttə, bunun üçün də zaman lazımdır, çünki orada referendum keçirilməlidir. Amma sülhün çərçivə sazişi daha tez imzalana bilər və həmin sənəddə Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsi əksini tapar. Ermənistan üzərinə öhdəlik götürməlidir. Əgər İrəvan öhdəlik götürməsə, sülhdə səmimi olması sual altına düşəcək".

Sabiq xarici işlər naziri son günlər şərti sərhədlərdə baş verən erməni təxribatlarını da şərh edib: 
"Bölgədə və regiondan kənarda yerləşən bəzi qüvvələr hər zaman olduğu kimi münaqişənin qaynar qalmasında maraqlıdırlar. Çünki qaynar region kənardan daha yaxşı idarə olunur. Gərginlik mənbəyini saxlamaq üçün müxtəlif addımlar atılır, bəyanatlar verilir. Ermənistanın silahlandırılması da buna xidmət edir. Əvvəllər münaqişə meydanı Qarabağ idi, indi isə şərti sərhədlərdədir. Təəssüflər olsun ki, Ermənistan kənar güclərin siyasi oyunlarında həvəslə iştirak edir və bunun fəsadlarını dərindən düşünmür. Ermənistanın "dövlətçilik" fəlsəfəsində başqa dövlətlərin oyunlarında iştirakçı olmaq arzusu hər zaman olub, bu gün də var. Nə qədər ki, İrəvandan alət, vasitə kimi idarə olunur, Ermənistandan qətiyyətli addım gözləmək əbəsdir. Azərbaycan sülh sazişini imzalamağa hazırdır. Ermənistan da buna hazır olmalıdır və bəzi mühüm məqamlar sənəddə əksini tapmalıdır".

 T.Zülfüqarov vurğulayıb ki, Ermənistan-Rusiya münasibətləri, əslində çox genişdir:
 "Tərəflərin bir-birini suçlaması səmimiyyəti əks etdirmir. Rusiyanın Ermənistandan üz döndərməsi ilə bağlı hər gün xəbərlər yayılır. Amma heç bir  nəticəsi yoxdur. Rusiya hərbçiləri Ermənistanı tərk etməyb, hərbi bazalar fəaliyyyətdədir və 2049-cu ilə kimi qalacağına dair saziş imzalanıb. Ermənistanın Rusiyadan uzaqlaşması görüntü üçündür. Əslində isə elə deyil. İrəvan hökuməti Qərbdən mümkün qədər nəsə qoparmağa çalışır, faydalanır. Fikir verirsizsə, Moskva Ermənistanın silahlanmasına kəskin reaksiya vermir. Deməli, narahat olmurlar".
Seçilən
93
50
sherg.az

10Mənbələr