Pilinq vasitələrindən həddindən artıq istifadə, zəif nəmlənmə və kosmetikanın daim dəyişdirilməsi dəri baryerinin zədələnməsinə və qulluqdan nəticə əldə edilməməsinə səbəb ola bilər.
Medicalmedia.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkdan olan dermatoloq Dr. Şerin İdriss məlumat verib.
Həkim qeyd edib ki, dəri qulluğunda əsas səhv turşulu pilinq vasitələrindən həddindən artıq tez-tez istifadə etməkdir:
"Bir çox insan bilir ki, turşular ölü hüceyrələrdən qurtulmağa, məsamələri təmizləməyə və üzə gənc və təravətli görünüş verməyə kömək edir. Lakin, bu cür vasitələrin gündəlik istifadəsi dərini xarici qıcıqlandırıcılardan qoruyan qoruyucu dəri baryerini məhv edə bilər".
Dermatoloq izah edib ki, pilinq xüsusiyyətlərinə AHA-lar (alfa-hidroksil turşuları) və BHA-lar (beta-hidroksil turşuları), məsələn, qlikol və ya badam turşusu malikdir.
İdriss ikinci geniş yayılmış səhv olaraq nəmləndirici vasitələrin nəzərə alınmaması və iqlimə uyğun olaraq onların dəyişdirilməməsini hesab edir. Həkimin fikrincə, qışda daha qalın teksturalardan, yayda isə yüngül teksturalardan istifadə etmək daha yaxşıdır.
Dermatoloq əlavə edib ki, bir çox insan çox tez-tez yeni qulluq kosmetikası alır və köhnəsindən istifadə etməyi dayandırır. Bu yanaşma səhv ola bilər. Məsələ ondadır ki, vasitələrin effektivliyini qiymətləndirmək üçün onlardan iki-üç ay ərzində istifadə etmək lazımdır. Məhsulların daim dəyişdirilməsi toplanma effekti yaratmayacaq və dərinin vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyəcək.