EN

Bakıda “LAW & CLİMATE” adlı beynəlxalq konfrans keçirilir

Bu gün Bakıda Ali Məhkəmə və Azərbaycan Hakimlər İttifaqının təşkilatçılığı ilə “LAW & CLİMATE” (“Hüquq və iqlim”) mövzusunda beynəlxalq konfrans keçirilir.

APA xəbər verir ki, tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Ali Məhkəmənin sədri İnam Kərimov, Beynəlxalq Hakimlar İttifaqının (IA) prezidenti Duro Sessa, Ombudsman Səbinə Əliyeva, Türkiyənin Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı və digər şəxslər iştirak edir.

Tədbirin məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlim dəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasıdır.

Konfransda “İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası: Kiyoto, Doha və Paris əlavələri”, “Iqlim dəyişikliyi və insan hüquqları: çağırışlar və hüquqi tənzimlənmə”, “İqlim dəyişikliyi ilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri”, “İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqla mübarizənin rolu: beynəlxalq və milli kontekst” və bir sıra digər mövzularda müzakirələr təşkil ediləcək.

Hakimlər İttifaqının sədri Ramiz Rzayev çıxışında deyib ki, Azərbaycan iqlim dəyişikliyinin qarşısının alınmasında beynəlxalq əməkdaşlıq məsələlərinə ciddi yanaşır.

Qeyd olunub ki, bir neçə ay sonra digər tərəfdar dövlətlərlə birlikdə iqlim dəyişiklikləri naminə tarixi əhəmiyyətli addımların məhz bu şəhərdə atılacağını bilmək hər birimiz üçün fəxredici hadisədir: “Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə təşkil etdiyimiz bugünkü beynəlxalq konfransın da əsas məqsədi Azərbaycanın və dünya ictimaiyyətinin diqqətinin iqlim dəyişikliyi ilə bağlı proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasından ibarətdir”.

COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, iqlim dəyişiklikləri və onun ətraf mühitə mənfi təsirləri dünyanın əsas problemlərindən biridir: “BMT-nin İqlim dəyişmələri üzrə çərçivə Konvensiyası BMT sistemində bu sahədə fəaliyyət göstərən və dünya ölkələrini birləşdirən əsas platformadır. COP adlandırılan Tərəflər Konfransı isə konvensiyanın əsas qərarverici orqanıdır.

Tərəflər konfransının Azərbaycanda keçirilməsi qərarı bütün dünya ölkələrinin yekdil mövqeyi əsasında keçən ilin dekabr ayında qəbul olunub. Bununla da, Azərbaycana növbəti dəfə böyük etimad və dövlətmizə böyük hörmət göstərilib. Bu isə müstəqil siyasət, prinsipial mövqe, beynəlxalq hüquqa bağlılıq və sədaqətin nəticəsidir”.

Ölkədə bərpa olunan enerji mənbələrinin istifadəsinin artırılması və yaşıl enerji texnologiyalarının inkişafı istiqamətində ciddi addımlar atılmasına diqqət çəkən Muxtar Babayev bildirib ki, 2030-cu ilə qədər elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq hədəfi müəyyən edilib: “Abşeron və digər bölgələrdə günəş və külək stansiyalarının qurulması bu sahədə səylərimizin göstəricisidir. Eyni zamanda, nəqliyyat sektorunda elektromobillərdən istifadə, sənayenin ekoloji təmiz inkişafı, meşələrin bərpası və torpaq deqradasiyasına qarşı tədbirlər iqlim dəyişikliyi ilə mübarizənin əsas istiqamətlərindəndir”.

Ali Məhkəmənin sədri İnam Kərimov çıxışında bildirib ki, dünyada baş verən iqlim dəyişikliyi müxtəlif ölkələrin inkişafına, qlobal iqtisadiyyatın təkamülünə, ərzaq təminatına, ekoloji tarazlığa, insanların həyat tərzinə və sağlamlığa, təbii fəlakətlərə, ekosistemlərinin pozulmasına, miqrasiya proseslərinin güclənməsinə səbəb olur. Beləliklə də, iqlim dəyişikliyi insan həyatının bütün sahələrinə təsir edir. Bu dəyişiklərinin fəsadları eyni zamanda hüquqdan da yan keçmir:

"Bu proseslər insan hüquqlarının pozulmasına, məhkəmə çəkişmələrinin yaranmasına, məsuliyyət tədbirlərinin tətbiqinə, məhkəmə təcrübəsinin formalaşmasına səbəb ola bilir. Nəticə etibarilə iqlim dəyişikliyi təkcə ekoloji, sosial-iqtisadi məsələ deyil, həm də hüquqi məsələdir.

Baş verən iqlim dəyişikliyi əsasən insan davranışlarının və fəaliyyətinin nəticəsidir. Bu baxımdan biz ilk öncə davranışlarımızı və sosial normalarımızı, habelə ətraf mühitdən istifadəyə baxışlarımızı dəyişmədən iqlim dəyişikliyi ilə mübarizə apara bilmərik".

Ali Məhkəmə sədri qeyd edib ki, tədbirin məqsədi hüquq ictimaiyyətini bir araya gətirməklə, diqqəti iqlim dəyişikliyi probleminə cəlb etmək, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə müzakirələr aparmaqla məsələni gündəmdə saxlamaqdır.

Qeyd olunub ki, konfrans həmçinin Azərbaycan Respublikası tərəfindən iqlim dəyişiklərinin qarşısının alınması üçün qəbul edilmiş səylərin və tədbirlərin təqdimatında səmərəli olacaq.

Emin Şirvanzadə

Bakıda Bakıda Bakıda
Chosen
154
50
apa.az

10Sources