EN

Ronaldo 900-cü (!) qolunu vurdu - İCMAL

Qrup mərhələsi, 1-ci tur

Millətlər Liqasında yeni mövsüm start götürdü. Həmin gün keçirilən oyunlarda qeyri-adi nəticə qeydə alınmadı. 9 oyunun 4-də meydan sahibləri, 3-də qonaqlar qalib gəldi, 2-si heç-heçə bitdi. Yalnız San Marinonun tarixində rəsmi oyunlarda ilk qələbəsini qazanmasını vurğulamaq olar. Avropa çempionu İspaniyanın səfərdə Serbiyanın müqavimətini qıra bilməməsini də qeyd edə bilərik. Təəssüf ki, yığmamız da yeni mövsümə məğlubiyyətlə başladı.

Portuqaliya Xorvatiya ilə şəxsi oyunlarda dominantlığı davam etdirir. Bu komandalar arasında keçirilən 9 oyunun yeddisində məhz Portuqaliya qalib gəlib, həm də bu qələbələrin üçü Millətlər Liqası çərçivəsində qeydə alınıb. Lissabondakı “Eştadio da Luj” stadionda daha bir tarixi hadisə yaşandı. Sonuncu Avropa çempionatında zəif oyununa görə çox tənqid olunan Kriştiano Ronaldo karyerasındakı 900-cü qolu vurdu. Bu hadisənin məhz yığmanın oyununa təsasüf etməsi də cəlbedici məqamdı. Kriştiano ilk dəqiqələrdən çox fəal təsir bağışladı, rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaratdı. 34-cü dəqiqədə Mendeş sol cinahdan topu xorvatların cərimə meydançasına göndərdi, Kriştiano fərqi artırmaq imkanını əldən vermədi. Buna qədər meydan sahiblərinin heyətində Dalot da fərqlənmişdi. Düzdü, o, fasilə ərəfəsində avtoqolla da yadda qaldı. Yəni “damalılar” bu oyunda qol vura bilmədi.

Cümə axşamının ən böyük dramı Qlazqoda yaşandı. AÇ-2024-ün uğursuzlarından Şotlandiya əvvəlcə nəticə baxımından ümidsiz görünürdü. Şimanski 8-ci dəqiqədə uzaqdan zərbə ilə hesabı açdı. Hissənin sonunda isə Zalevskiyə qarşı kobudluğa görə meydan sahiblərinin qapısına penalti təyin olundu. Levandovski zərbəni dəqiq yerinə yetirdi. Amma onun komandası fasilədən sonra şotlandların pressinqi altına düşdü. Meydan sahibləri elə ilk hücumda uğur qazandı. Baxımlı kombinasiyanın sonunda Gilmor fərqləndi. 76-cı dəqiqədə isə Ralstonun ötürməsindən sonra Maktominey hesabı bərabərləşdirdi. Ancaq gecənin qəhrəmanı “Roma”nın yarımmüdafiəçisi Zalevski oldu. O, uzatma dəqiqələrində ikinci dəfə penalti qazandı və Levandovski artıq əvəzləndiyinə görə “nöqtə”yə özü yaxınlaşdı. Qann topa müdaxilə etsə də, tora düşməsinin qarşısını ala bilmədi.

A liqası, 1-ci qrup

Portuqaliya - Xorvatiya 2:1 (2:1)
Portuqaliya: Koşta, Dalot, Diaş, İnasio (A.Silva, 77), Mendeş, Vitinya (Qonsalveş, 90), B.Silva, Fernandeş, Neto (Semedo, 46), K.Ronaldo (Jota, 87), Leao (Neveş, 46).

Xorvatiya: Livakoviç, Yakiç (Perişiç, 77), Şutalo, Ponqraçiç (Çaleta-Sar, 46), Qvardiol, Sosa, Kovaçiç, Modriç (P.Suçiç, 77), Baturina (Matanoviç, 61), Paşaliç (L.Suçiç, 67), Kramariç.
Qollar: Dalot. 7 (1:0). K.Ronaldo, 34 (2:0). Dalot, 41-öz qapısına (2:1).
Vərəqə: Modriç, 72 – sarı.
Hakim: Xəlil Umut Mələr (Türkiyə).
5 sentyabr. Lissabon. 57675 tamaşaçı.

Şotlandiya – Polşa 2:3 (0:2)

Şotlandiya: Qann, Ralston, Robertson, Henli, Makkenna, Maktominey, Makqinn, Gilmor (Morqan, 82), Kristi (Qold, 71), Maklin (Şenklend, 71), Dayks (Doak, 71).
Polşa: Bulka, Bednarek, Kivyor (Valyukeviç, 46), Davidoviç, Urbanski, Zyelinski (Moder, 82), Frankovski, Şimanski (Sliş, 82), Zalevski, Levandovski (Petrovski, 72), Pyontek (Buksa, 72).
Qollar: Şimanski, 8 (0:1). Levandovski, 44-p. (0:2). Gilmor, 46 (1:2). Maktominey, 76 (2:2). Zalevski, 90+7-p. (2:3).
Vərəqələr: Davidoviç, 35. Zalevski, 52. Sliş, 84 – sarı.
Hakim: Qlenn Nüberq (İsveç).
5 sentyabr. Qlazqo. 46356 tamaşaçı.
Növbəti turun oyunları sentyabrın 8-də keçiriləcək: Xorvatiya – Polşa, Portuqaliya – Şotlandiya.

Faktlar
* Oyundan əvvəl futbolla vidalaşan Pepenin şərəfinə qısa mərasim təşkil olundu. Əfsanəvi müdafiəçiyə 141 nömrəli futbolka verildi – o, yığmada məhz bu qədər oyun keçirib. Fanatlar isə onun şərəfinə bütün tribunanı bağlayan banner açdılar.
* 39 yaşlı Ronaldo karyerasında 900-cü dəfə fərqləndi. O, klub səviyyəsində 769, milli formada isə 131 qol vurub. Kriştiano “Sportinq” (5 qol), “Mançester Yunayted” (145), “Real” (450) və “Yuventus” (101) forması geyib, hazırda isə “Əl-Nəssr”də (68) çıxış edir. Portuqaliyalı ulduz peşəkar karyerasına 2022-ci ildə başlayıb. 2003-cü ildən geydiyi milli formada srağagün 213-cü oyuna çıxdı.


Oyundan sonra

Roberto Martines, Portuqaliya yığmasının baş məşqçisi:

“Çox baxımlı oyun oldu. 7 il 4 müdafiəçi ilə oynayan xorvatlar bu gün 5 müdafiəçi ilə oynadılar. İlk yarıda biz yaxşı təsir bağışladıq. Ancaq xorvatlar qol vurandan sonra təşəbbüsü ələ keçirdilər və 2-ci hissədə oyunumuzun başqa tərəfini göstərməli olduq. Bu gün parlaq oynadıq. Topla çox yaxşı davrandıq, iki qol vurduq, çoxlu qol vəziyyəti yaratdıq”.

Kriştiano Ronaldo, Portuqaliya yığmasının hücumçusu:

“Portuqaliyanın AÇ-ni qazanması dünya çempionatında qələbəyə bərabərdi. Mən artıq yığma ilə iki titul qazanmışam, ancaq indi məni motivasiya edən hiss başqadı. Futboldan məmnunluq duymaq istəyirəm, rekordlar isə təbii yolla gəlir. 900 qol böyük uğur kimi görünür, ancaq yalnız mən bilirəm ki, 900 qol vurmaq üçün hər gün çalışmaq necə çətindi. Bu gün hər iki komanda səviyyəli oyun göstərdi. Baxımlı oyun alındı. Portuqaliya çox yaxşı oynadı. Bəzi zaman bölümlərində dözməyin lazım olduğunu bilirdik. Güman edirəm ki, qələbə haqqımız idi. Daha çox qol vəziyyəti yaratdıq, topa daha çox nəzarət etdik. Mənə elə gəlir ki, gözəl oyun idi”.

Dioqo Dalot, Portuqaliya yığmasının müdafiəçisi:

“Hesabda irəli çıxandan sonra səbirli olmaq normaldı. Bu gün topla yaxşı davranan komandaya qarşı oynadıq. Xüsusən də cərimə meydançasının yaxınlığında ehtiyatlı olmaq lazımdı. Bir sözlə, mənə elə gəlir ki, çox səviyyəli oyun keçirdik, lazım gələndə yaxşı müdafiə olunduq”.

Chosen
150
43
football-plus.az

10Sources