EN

Qərb kəşfiyyatı Paşinyanın xəyanətini İFŞA EDİB: ABŞ Ermənistanda da GÜRCÜSTAN VARİANTINI planlaşdırır

Erməni baş nazir Qərbin, ABŞ kəşfiyyatının Ermənistandakı agenti hesab olunan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanı hakimiyyətə gətirməkdə maraqlı olduğundan çoxdan duyuq düşüb… Baş nazir Nikol Paşinyan öz hakimiyyətini qorumaq naminə Kremllə münasibətlərin bərpasına, Qərbə də xəyanət edərək, Ermənistanı yenidən Rusiyanın orbitinə qaytarmaq üçün müəmmalı manevrlərə cəhd edir…

Cənubi Qafqaz uğrunda mübarizə son vaxtlar daha da qəlizləşməyə başlayıb. Belə ki, ABŞ və Qərbin Ermənistan planları tədricən kifayət qədər ciddi suallar doğurmaqda davam edir. Hər halda, Qərbdə Cənubi Qafqaz siyasətinin məhz Ermənistan üzərindən qurulmasının nə qədər riskli seçim olduğunu artıq daha yaxşı anlamağa başlayıblar. Və bu strateji seçimin Qərbin geopolitik planlarını iflasa uğrada biləcək önəmli faktora çevrilmək üzrə olduğunu da nəzərə almağa məcburdurlar.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvanın son davranışları həm müəmmalı, həm də iki istiqamətli xarakter daşıyır. Hələ avqust ayının əvvəllərində Paşinyan hakimiyyəti ifrat Qərbyönümlü mövqeyi ilə diqqəti çəkirdi. Xüsusilə də, ABŞ və Qərbin təlimatlarına qeyd-şərtsiz riayət etməklə, Rusiya əleyhinə siyasi kursa sadiq qaldığını təsdiqləyirdi. Və bu baxımdan, Rusiya ilə münasibətlərin korlanmasına yönəlik proseslərin davamlı ola biləcəyi qətiyyən istisna olunmurdu.

Əslində, hələlik rəsmi İrəvanın Qərbə sığınma siyasətində radikal dəyişikliklər baş verməyib. Ona görə də, hazırda baş nazir Nikol Paşinyanın sentyabr ayında Ermənistanın gələcək taleyinə birbaşa təsir göstərəcək prinsipial siyasi qərarlar qəbul edəcəyi barədə vədinin yerinə yetirilməsi maraqla gözlənilir. Çünki erməni baş nazir hansı siyasi qərarlardan danışdığına hər hansı izah verməyə ehtiyac duymamışdı. Və bu, Ermənistanın hakimiyyət partiyası daxilində müxtəlif versiyaların gündəmə gətirilməsinə də yol açmışdı.

5dc10b64f99e682b9e48220cc22e09e8.jpg

Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin təmsilçiləri hesab edirdilər ki, erməni baş nazir tezliklə Ermənistanın KTMT-dan çıxması barədə siyasi qərarı rəsmən elan edəcək. Eyni zamanda, rəsmi İrəvanın Rusiya-Ermənistan hərbi müttəfiqlik sazişini poza biləcəyi də istisna olunmurdu. Bu versiyaları gündəmə gətirənlər yalnız Ermənistana önəmli iqtisadi-ticari güzəştləri təmin edən Avrasiya İqtisadi İttifaqına münasibətdə verilə biləcək qərarı təxmin etməkdə çətinlik çəkirdilər. Və bu baxımdan, erməni baş nazirin qəliz geopolitik seçim qarşısında olduğu qabardılırdı.

Təbii ki, ABŞ və Qərbin Ermənistana intensiv hərbi-siyasi dəstəyinin davam etdiyi bir şəraitdə Paşinyan hakimiyyətinin məhz belə radikal siyasi qərarlar verə biləcəyi daha inandırıcı görünürdü. Hər halda, ABŞ hərbçiləri Ermənistan ordusuna təlimlər keçməyə başlamışdılar. Eyni zamanda, ABŞ Ermənistanın Zəngəzur bölgəsində qeyri-leqal hərbi baza da yerləşdirmişdi. Avropa Birliyi Ermənistana “Sülh Fondu”ndan hərbi məqsədlər üçün maliyyə vəsaiti ayırmışdı. Və Fransa davamlı olaraq, Ermənistansa silah-sursat, hərbi texnika daşıyır.

Ona görə də, Ermənistanın bütün bunların qarşılığında ABŞ və Qərbi məmnun edəcək siyasi qərarlar qəbul etməsi qətiyyən gözlənilməz olmazdı. Üstəlik, Qərb siyasi dairələrinin Paşinyan hakimiyyətindən məhz həmin qərarların qəbulunu tələb etdiyi də məlumdur. Hər halda, rəsmi İrəvan məhz Qərbin təlimatlarına uyğun olaraq, KTMT da daxil olmaqla, Rusiyanın patronajlığı altında olan qurumları da baykot edir. Və bu önəmli məqam Ermənistanın Qərbə sığınma siyasətindən geri dönüşünün olmadığına yönəlik ehtimalları gücləndirir.

Ancaq rəsmi İrəvanın son davranışları Ermənistanın sürüşkən və xaotik siyasət vərdişlərindən tamamilə imtina etmədiyini də biruzə verməyə başlayıb. Belə ki, Paşinyan hakimiyyəti birmənalı Qərb yönümlü siyasi kurs yürütdüyünü iddia etsə də, son vaxtlar Rusiya ilə münasibətləri tamamilə korlamağın Ermənistana vura biləcəyi sarsıdıcı zərbələri də nəzərə almağa çalışır. Hər halda, rəsmi İrəvan Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə verdiyi qərara dəstək sənədindən Ermənistanın imzasını geri çəkmək niyyətinə düşüb. Və bu, Kremldə məmnunluq yaratmaya bilməz.

685772a6f686fcd5fd6be7a9165c38a8.jpg

Digər tərəfdən, baş nazir Nikol Paşinyan Rusiya-Ermənistan münasibətlərinin pozitiv məzmun almasında maraqlı olduğu da müşahidə edilir. Belə ki, o, Rusiya ilə əməkdaşlığın Ermənistan üçün çox önəmli olduğunu vurğulayıb. Ardınca isə Ermənistan cəmiyyətinə Rusiyaya hörmət göstərilməsini tövsiyyə edib. Halbuki bir müddət öncəyə qədər rəsmi İrəvan Rusiyanı Ermənistanın bütün uğursuzluqlarının əsas günahkarı kimi ittiham edirdi. Və bu baxımdan, rəsmi İrəvanın Rusiyaya münasibətdə mövqeyini balanslaşdırmağa çalışdığı müşahidə edilir.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinin Rusiya ilə münasibətlərə həssas yanaşması müəyyən mənada, məhz prezident Vladimir Putinin Bakı səfərindən sonraya təsadüf edir. Xüsusilə də, Bakı səfərindən dərhal sonra Kreml sahibinin baş nazir Nikol Paşinyanla telefonla danışması rəsmi İrəvanda Rusiya ilə təmaslara yenidən baxmaq ehtiyacı yaradıb. Bəzi ehtimallara görə, Kreml sahibi erməni baş naziri Rusiya əleyhinə davranışların Ermənistan üçün mümkün nəticələri ilə təhdid etməkdən özünü saxlaya bilməyib. Və Azərbaycan-Rusiya tərəfdaşlığının inkişaf etdiyi şəraitdə Kremllə qarşıdurma Ermənistanda ciddi narahatlıq doğurub.

Üstəlik, Paşinyan hakimiyyəti onu da anlamağa başlayıb ki, ABŞ və Qərbin verdiyi hərbi-siyasi dəstək vədləri Rusiya təhlükəsindən yayınmaq baxımından, qətiyyən yetərli faktor deyil. Yəni, əgər, Rusiya Ermənistana qarşı radikal sanksiyalara başlayarsa, ABŞ və Qərbin necə yardım edə biləcəyi barədə elə də aydın təsəvvürlər mövcud deyil. Hətta ABŞ və Qərbin ümumiyyətlə, Ermənistana ya kömək edə bilməyəcəyi, ya da buna heç həvəs göstərməyəcəyi də müzakirə mövzusudur. Və bu baxımdan, rəsmi İrəvan son vaxtlar Rusiya ilə qarşıdurmanı dərinləşdirə biləcək addımların atılmasında tərəddüdlü olduğunu sezdirir.

Göründüyü kimi, rəsmi İrəvan üçün taleyüklü situasiya yaranıb. Bəzi ehtimallara görə, baş nazir Nikol Paşinyan yaxın vaxtlarda Ermənistanın KTMT-nı tərk etməsi ilə bağlı siyasi qərarın rəsmən elan olunmasını təxirə salmaq barədə düşünməyə də başlayıb. Hətta Paşinyan hakimiyyəti daxilindən sızan xəbərlərdə Qərblə mövcud əlaqələri qorumaqla yanaşı, Rusiya ilə münasibətlərin normallaşdırılması variantının ön plana çıxmaqda olduğu da vurğulanır. Və indiki situasiyada bu, hakim komandanın bəzi təmsilçiləri tərəfindən həm yolverilməz, həm də çox təhlükəli manevr variantı hesab olunur.

Maraqlıdır ki, Ermənistanın “Hraparak” nəşri baş nazir Nikol Paşinyanın hətta Cənubi Qafqazdakı sülh prosesinə Rusiyanın yenidən vasitəçilik missiyası ilə qaytarılmasının mümkün olduğu qənaətinə gəldiyini iddia edir. Halbuki erməni nəşri onu da vurğulayır ki, hakim siyasi komanda daxilində bu varianta yönəlik narahatlıq ən yüksək səviyyədədir. Çünki hesab olunur ki, sülh prosesinin Rusiya platformasına qaytarılması Qərbin qəzəbinə yol aça bilər. Və Qərb bu yolverilməz davranışı baş nazir Nikol Paşinyana qətiyyən bağışlamaz.

1002537.jpg

Ermənistanın hakimiyyət partiyasının Qərb yönümlü qanadının baş nazir Nikol Paşinyanın son davranışlarından ciddi şəkildə narazı olduğu da bildirilir. Bu qanadın təmsilçiləri hesab edirlər ki, baş nazir Nikol Paşinyan ABŞ və Qərbə də xəyanət edir. Onların qənaətinə görə, erməni baş nazir bir tərəfdən rəsmi Bakı ilə əlaqələr qurmağa çalışır. Digər tərəfdən isə Rusiyaya qarşı sayğılı münasibət tələb etməklə yanaşı, Ermənistanın Avropa Birliyinə üzvlüyü ilə bağlı referendumun keçirilməsinə qarşı çıxır, hətta əngəl törədir.

Bəzi iddialara görə, hakim partiyadakı Qərb tərəfdarları hesab edirlər ki, sülh prosesinin Rusiya platformasına keçirilməsinə yönəlik cəhdlər Qərb siyasi dairələrində qıcıq doğuracaq və buna imkan verməyəcəklər. Böyük ehtimalla Qərb hakim partiya daxilində etiraz dalğası yaratmağa çalışacaq. Bu məsələdə birmənalı şəkildə Qərb yönümlü qanada dəstək veriləcək. Qərb yönümlü qrupun əsas hədəfinin hazırda birmənalı şəkildə baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması olduğu da bildirilir. Və Gürcüstan variantında olduğu kimi, Ermənistanda da Qərbdən işarə verildiyi andan etibarən bu qrupun baş nazir Nikol Paşinyanı devirmək üçün hərəkətə keçəcəyi vurğulanır.

Göründüyü kimi, ABŞ və Qərblə Ermənistan baş naziri Nikol Paşinyan arasında müəyyən ziddiyyətlərin olduğu artıq açıq şəkildə etiraf edilməyə başlayıb. Əslində, erməni baş nazir Qərbin ABŞ kəşfiyyatının Ermənistandakı agenti hesab olunan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanı hakimiyyətə gətirməkdə maraqlı olduğundan çoxdan duyuq düşüb.

Ona görə də, baş nazir Nikol Paşinyan hakimiyyətini qorumaq üçün yenidən Rusiya ilə münasibətləri bərpa etməyə can atmaqdaydı. Son vaxtlar isə səhnəarxası təmaslarda bu məsələnin daha planda olduğu artıq açıq şəkildə müşahidə edilir. Və baş nazir Nikol Paşinyanın Qərb də xəyanət edərək, Ermənistanı yenidən Rusiyanın orbitinə qaytarmaq üçün müəmmalı manevrlərə start verdiyi şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,Siyasi ekspert

Chosen
130
50
kaim.az

10Sources