EN

Kiyev ukraynalı hərbi əsirlərin rusiyalı əsgərlər tərəfindən kütləvi qətlini araşdırır

 
"Bu, Rusiyanın hərbi və siyasi rəhbərliyinin məqsədyönlü siyasətidir..."
 
Rusiyalı hərçilər cəbhə xəttində ukraynalı hərbi əsirlərin "ən kütləvi edam edilməsində" şübhəli bilinir.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokuroru Andrey Kostin bəyan edib. Məlumatı "dw.com" nəşri yayıb.
 
Ukrayna Prokurorluğu Donetsk vilayətində 16 ukraynalı hərbi əsirin qətlində rusiyalı əsgərləri şübhəli bilib. Müharibə qanunları və adətlərinin pozulması faktı üzrə məhkəmədən öncəki araşdırma başlanıb. Bunu Ukrayna Prokurorluğunun Ofisi məlumat verib.
 
Bu araşdırmaya başlamaq üçün səbəb Ukraynanın "Telegram-kanal"larında yayılan video olub. Bu videoda rusiyalı hərbçilərin Ukrayna Silahlı Qüvvələrinin əsir düşən əsgərlərini güllələdikləri güman edilir.
 
Videodan görünür ki, əsir düşən USQ hərbi qulluqçuları meşə zolağından çıxıb. "Onlar sıraya düzüldükdən sonra işğalçılar qəsdən onlara atəş açıb. Həyat əlamətləri olan yaralılara yaxın məsafədən avtomatdan atəş açaraq onları qətlə yetiriblər", - Prokurorluğun bəyanatında deyilir.
 
Ukraynanın Baş Prokuroru Andrey Kostin qeyd edib ki, bu, "cəbhə xəttində ukraynalı hərbi əsirlərin ən kütləvi edam edilməsidir".
 
Kostinin sözlərinə görə, ukraynalı əsirlərin qətlə yetirilməsi və onlara işgəncələr verilməsi "təsadüf deyil, Rusiyanın hərbi və siyasi rəhbərliyinin məqsədyönlü siyasətidir".
 
BMT: Rusiya ukraynalı əsirləri qəddarcasına işgəncələrə məruz qoyur
 
Rusiya əsirliyində olan ukraynalı hərbi əsirlər bütün mərhələlərdə müntəzəm olaraq işgəncələrə və qəddarcasına davranışa məruz qalır. Bu barədə BMT-nin insan haqları üzrə Monitorinq missiyasının məruzəsində deyilir.
 
Belə işgəncələrin  "kök salmış metodları" arasında o cümlədən döyülmələr, elektrik cərəyanı ilə zərbələr, boğma, yuxudan mərhumetmə göstərilib.
 
Eyni zamanda, məruzə müəllifləri qeyd edib ki, Ukrayna əsirliyində olan rusiyalı hərbçilər də işgəncələrə məruz qalır. BMT tərəfindən sorğu keçirilən 100-dən artıq rusiyalı əsirliyin erkən mərhələlərində döyülmələrdən şikayətlənib.
 
"Ukrayna hakimiyyəti belə məkanlarda şəraitin və zəmanətlərin yaxşılaşdırılması işini davam etdirir, məsələn, əsirlərin doğmaları və yaxınları ilə telefon zənglərinə çıxışını təmin edir", - məruzədə deyilir.
Chosen
38
9
moderator.az

10Sources