EN

Kadırov iki deputatı və bir senatoru hədələdi: Qisas alacam!

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Dövlət Dumasının deputatları Bekxan Barahoyev, Rizvan Kurbanov və Dağıstandan olan senator Süleyman Kərimovu hədələyib.

News365.az xəbər verir ki, Kadırov onlara qan düşmənçiliyi elan edib və qisası alacağını bildirib.

Ramzan Kadırov iddia edir ki, adları çəkilən vəzifəli şəxslər “Wildberries” şirkəti ətrafında yaranan münaqişəyə görə onun qətlini sifariş ediblər.

Kadırov bunu respublikanın təhlükəsizlik qüvvələri ilə görüşündə çeçen dilində deyib.

Çeçenistan rəhbəri onu da iddia edib ki, senator Süleyman Kərimov onun aradan götürülməsi üçün 100 milyon təklif edib (valyutanı dəqiqləşdirməyib).

Kadırov əlavə edib ki, adıçəkilən şəxslər günahsız olduqlarını sübut etsələr, qisas almağı dayandırmağa hazırdır.

“Wildberries” şirkəti iyunun ortalarında xarici reklam operatoru “Russ” ilə birləşdiyini elan edib.

Kadırov bildirib ki, bazarın yaradıcısı Tatyana Kimin əri Vladislav Bakalçuk ailə və biznesdəki ciddi problemlər səbəbindən ondan kömək istəyib. Çeçenistan rəhbərinin sözlərinə görə, bu, şirkətin həyasızcasına ələ keçirilməsi idi. Bakalçuk iddia edib ki, onun həyat yoldaşı birləşmə adı altında ikinci şirkətlə əlbir işləyir.

Buna cavab olaraq Kim ərindən boşandığını açıqlayıb və “Russ”la birliyin əvvəlcədən razılaşdırıldığını vurğulayıb. O, həmçinin qeyd edib ki, Vladislav Bakalçuk “Wildberries” səhmlərinin cəmi 1%-nə sahibdir və şirkətin idarə olunmasında iştirak etmir. Oktyabrın 1-də Tatyana Kim sövdələşmənin başa çatdığını təsdiqləyib.

“Forbes” mənbələrinə görə, Tatyana Kim 2024-cü ilin yanvarında “Wildberries” anbarında baş verən yanğından sonra səlahiyyətlilərlə problemlərdən qorxaraq “Russ”la birləşməyə razılaşıb. İddialara görə, Rusiya nümayəndələri biznesdəki pay müqabilində bu problemin ən yüksək səviyyədə həllinə kömək ediblər. Digər məlumata görə, bu qərara onun “Russ”un rəhbəri Robert Mirzoyanla romantik münasibəti təsir edib.

“Wildberries” ətrafında qalmaqal sentyabr ayında Vladislav Bakalçukun başçılığı ilə 20-30 nəfərlik qrupun Kremlin yaxınlığındakı “Romanov Dvor” biznes mərkəzində şirkətin ofisinə soxulmaları ilə daha da böyüyüb. Atışma nəticəsində iki nəfər - mühafizəçi və mərkəzin əməkdaşı həlak olub, 10 nəfər, o cümlədən Çeçenistandan olan üç MMA döyüşçüsü yaralanıb.

Bakalçuk saxlanılıb və ona bir neçə maddə, o cümlədən adam öldürmə və adam öldürməyə cəhd kimi ittihamlar irəli sürülüb. Onu ömürlük həbslə hədələyiblər, lakin tezliklə vəkillər məhkəmənin cinayət tərkibi olmadığı üçün həbsdən imtina etdiyini bildiriblər. Bunun səbəblərini İstintaq Komitəsində aydınlaşdırmağı tövsiyə ediblər. “Wildberries” ofisindəki insidentdən iki gün əvvəl Bakalçuk "Milyonerlər" adlı YouTube kanalına müsahibə verib, orada Ramzan Kadırovun yaxın adamları ilə dostluğundan danışıb və Çeçenistan rəhbərinin əvvəllər ona həbsxanadan qaçmasına kömək etdiyini xatırladıb.

“Dojd” telekanalının jurnalisti Yuliya Taratuta Kremlə yaxın dörd mənbəyə istinadən daha əvvəl bildirmişdi ki, “Wildberries”in “Russ”la birləşməsini senator Süleyman Kərimov təşkil edib.

Chosen
94
19
news365.az

10Sources