EN

Gürcüstan “3+3”ə nə vaxt qoşulacaq? - Rusiya mövqeyinə yenidən baxa bilər

"3+3" formatı Cənubi Qafqaz üçün xüsusi önəm daşıyır.

Bunu Bakıvaxtı.az-a politoloq Elçin Xalidbəyli deyib.

Ekspert vurğulayıb ki, "3+3" platformasının əsas hədəfi regiona aidiyyatı olmayan kənar güclərin kobu müdaxiləsinin qarşısını almaqdan ibarətdir:

"Bu platformanın ideyası Azərbaycana məxsusdur və Türkiyə tərəfindən dərhal dəstəklənmiş layihədir. Artıq 2 toplantı keçirilib, İstanbulda isə 3-cü görüş keçirildi. Təəssüf ki, Gürcüstan hələlik bu formatda iştirak etmir. Səbəb isə Rusiyanın Gürcüstana aid Abxaziya və Cənubi Osetiya bölgələrinin "müstəqilliyi"ni tanıması ilə bağlıdır”.

Müsahibimiz hesab edir ki, ancaq yaxın gələcəkdə Gürcüstanın bu platformada iştirak etmək ehtimal kifayət qədər yüksəkdir. Çünki ABŞ, Avropa İttifaqı və Fransanın Gürcüstana təzyiqləri, ədalətsiz ittihamları, hətta sanksiya tətbiq etmək niyyətləri son vaxtlar maksimum həddə çatıb. Ona görə də Gürcüstan indi Qərbdən ciddi şəkildə narazıdır. Rusiya isə bunun qarşılığında Gürcüstanın ərazi bütövlüyünün bərpası üçün Cənubi Osetiya və Abxaziya ilə danışıqlarda vasitəçilik təklif edir:

“Yəni Rusiya öz mövqeyinə yenidən baxa bilər. Bu da o deməkdir ki, Gürcüstan və Rusiya arasında bu məsələ ilə bağlı ziddiyyətlər aradan qaldırıla bilər. Əgər bu baş verərsə, yəqin ki, Gürcüstan növbəti toplantılara qatılar. Ancaq bu dəfə qatılmamasında Gürcüstanda keçiriləcək növbəti parlament seçkilərinin də təsiri var. Hazırda Gürcüstan hökuməti əsas diqqətini parlament seçkilərinin təşkil edilməsinə yönəldib. Gürcüstan seçki öncəsi ABŞ və Qərbin qəzəbini daha artıq üzərinə çəkmiş kimi görünür".

Elçin Xalidbəyli: Gürcüstan hökuməti diqqətini parlament seçkilərinə yönəldib

Politoloq bəyan edib ki, region ölkələri ilk növbədə Cənubi Qafqazın problemlərini müzakirə edirlər:

"Regionun ən mühüm problemi Azərbaycan-Ermənistan arasında yekun sülh sazişinin olmamasıdır. Cənubi Qafqazda nəqliyyat kommunikasiya xətlərinin açılması məsələləri də həm region, həm də regionətrafı ölkələr üçün önəmlidir. Böyük ehtimal Zəngəzur dəhlizi ilə bağlı məsələ müzakirələrin mərkəzində dayanacaq. Hazırda Zəngəzur dəhlizi uğrunda ABŞ, Avropa Birliyi, Fransa Rusiya ilə kəskin mübarizə aparır. Dəhlizə nəzarət uğrunda amansız qarşıdurma mövcuddur. ABŞ, Avropa Birliyi və Fransanın əsas təklifi odur ki, dəhlizə hansısa xarici şirkət nəzarət etsin. Rəsmi Bakı bunu qəbul etmək fikrində deyil. Rusiya da israr edir ki, 10 noyabr üçtərəfli anlaşmasına uyğun olaraq Zəngəzur dəhlizinə rus sərhədçiləri nəzarət etməlidir. ABŞ və Qərb isə Rusiyanın dəhlizə nəzarət istəyinə kəksin müqavimət göstərir. Ermənistan siyasi müstəmləkəsi olduğuna görə, rəsmi İrəvan Qərbdən gələn təlimatları yerinə yetirərək Rusiyanın təşəbbüsünün qarşısını almağa çalışır".

Aydın Baxış

Chosen
77
1
bakivaxti.az

10Sources