EN

Elektomobillərdən istifadə: dünya ilə ayaqlaşa bilirikmi?

Azərbaycanda elektromobillərin enerji doldurma stansiyaları şəbəkəsinin genişləndirilməsinə yönəlmiş “Elektromobillik üzrə Milli Plan”ın iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Modern.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov bildirib. Onun sözlərinə gpörə, 2024-2027-ci illəri əhatə edən birinci mərhələ ölkədə elektromobillik üçün baza infrastrukturunun inkişafını və onun fəaliyyətini təmin edən normativ-hüquqi çərçivənin hazırlanmasını ehtiva edir. İkinci mərhələ isə 2027-ci ildən sonrakı dövrdə elektromobilliyin və enerji doldurma infrastrukturu bazarının inkişafına dövlətin dəstəyi ilə özəl sektorun cəlbini əks etdirir.

 

“Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi” haqqında dövlət  başçısının müvafiq Sərəncamına əsasən Bakı və ətraf ərazilərdə 77, əsas magistrallarda 70, işğaldan azad olunmuş bölgələrdə 20-dən az olmayaraq enerji doldurma məntəqələrinin quraşdırılması planlaşdırılır. Elektomobillikdən istifadənin genişləndirilməsi ilə əlaqədar olaraq “Energetika haqqında” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunlara düzəlişlər hazırda razılaşdırılır".


Yuxarıda qeyd olunan məntəqələrdən əlavə olaraq Bakı ərazisində elektrik avtobusları üçün 5 EDM-in quraşdırılması planlaşdırılır.


Azərbaycanda elektromobillərin enerji doldurma stansiyaları şəbəkəsinin genişləndirilməsinə yönəlmiş “Elektromobillik üzrə Milli Plan”ına enerji doldurma stansiyalarının və aktiv istehlakçıların şəbəkəyə qoşulması əsasən paylayıcı şəbəkə vasitəsilə həyata keçirilir ki, bu isə öz növbəsində enerji sisteminə yükü artırır. Bu təsirləri minimuma endirmək üçün onların təsirini nəzərə almaq və paylayıcı şəbəkələrin işinin sabitləşdirilməsi üçün həllər hazırlamaq məqsədilə tədqiqatların aparılması planlaşdırılır.


Hazırda Bakı şəhərində 55-60, Sumqayıtda 2, bölgələrdə isə 30-35 enerji doldurma məntəqələri fəaliyyət göstərir. Regionlarda elektromobilləri şarj etmək üçün istifadə olunan bu qurğular– Yevlaxda, Salyanda və Qəbələnin Hacıallı kəndində, Qarabağ və Şərqi Zəngəzurda isə Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocavənd, Xocalıda quraşdırılıb.


Ölkədə 4 minə yaxın elektromobil mövcuddur və onların  əksəriyyəti Abşeron yarımadası ərazisdində istismar olunur.  


Qeyd edək ki, elektrik enerjisindən istifadə iqtisadi və ekoloji baxımdan sərfəlidir.  Mütəxəssislərin  hesablamalarına görə,  bir avtomobilin akkumlyatorunun doldurulması yanacaqla müqayisədə azı 5 dəfə ucuz başa gəlir.  


Hökumətin yeni tədbirləri istixana qazı emissiyalarının azaldılmasına, havanın keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir.  Elektromobillər heç bir zərərli qaz buraxmır, bu da atmosferdəki istixana qazı həcmlərini azaltmağa və iqlim dəyişikliyini yumşaltmağa kömək edir. Bundan əlavə, elektromobillər bərpa olunan enerji mənbələrindən) əldə edilə bilən elektrik enerjisi ilə işləyir və bu, qalıq yanacağın başqa məqsədlər üçün istifadəyə kömək edəcək.

 


2019-cu il yanvarın 1-dən Azərbaycanda elektrik mühərriklə işləyən nəqliyyat vasitələrinin idxalı, 2022-ci il yanvarın 1-dən isə satışı ƏDV-dən azad edilib. Bu qərarlardan sonra ölkəyə elektromobillərin idxalında artım müşahidə olunub.  


2017-2023-cü illərdə Azərbaycana 4 236 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal edilib.


Ölkəyə elektrikli nəqliyyat vasitələrinin idxalı 2017-ci ildə 88 ədəd, 2018-ci ildə 101 ədəd, 2019-cu ildə 132 ədəd, 2020-ci ildə 167 ədəd, 2021-ci ildə 160 ədəd, 2022-ci ildə 486 ədəd, 2023-cü ildə 3 102 ədəd təşkil edib. Bu ilin yanvar-iyul aylarında isə ölkəyə 1792 elektrik mühərrikli nəqliyyat vasitəsi gətirilib.


Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ildə Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı 579 ədəd təşkil edib. Bunlardan 570-i minik avtomobili, 7-si avtobus, 2-si yük avtomobili olub.

2023-cü ildə isə ölkədə 3115 minik avtomobili, 15 avtobus, 5 yük avtomobili olmaqla, ümumilikdə 3135 elektriklə işləyən nəqliyyat vasitəsi qeydə alınıb.


2023-cü il in məlumatlarına görə ölkədə 1 milyon 502 min minik avtomobili qeydiyyatdadır. Bunların 1 milyon 280 mini benzinlə, 165 mini dizel yanacağı ilə, 11 mini qazla, 42 min avtomobil hibrid sistemlə işləyir, qalanı isə elektril mühərriklidir.  Elektromobillərin avtomobil parkında xüsusi çəkisi 0,2 faizdir.


Beynəlxalq Enerji Agentliyinin “Global EV Outlook 2024” hesabatına əsasən, 2023-cü ildə satılan təxminən hər beş avtomobildən biri elektromobil olub. Ötən il dünyada təxminən 14 milyon yeni elektrikli avtomobil qeydə alınıb və nəticədə elektromobillərin ümumi sayı 40 milyona çatıb. 


2025-ci ilin sonuna qədər dünyada 85 milyon elektrikli nəqliyyat vasitəsinin - avtomobillər, avtobuslar, mikroavtobuslar və ağır yük maşınlarının istifadədə olacağı gözlənilir.

Chosen
35
45
modern.az

10Sources